Yuriy Husyev: “Ukrayna üçün qələbə və ədalətli sülh – barbarlığa, nifrətə və cəzasızlığa qalib gəlmək deməkdir”

29 sentyabrda Ukrayna Babin Yar dərəsində Holokost qurbanlarının xatirəsini ehtiramla yad edir. Bu məkan nasist rejiminin dəhşətli cinayətlərinin, təkcə yəhudilər üçün deyil, bütün Ukrayna xalqı üçün ağrı və faciə rəmzinə çevrilmişdir. 1941-ci ilin 29–30 sentyabr tarixlərində cəmi iki gün ərzində burada 33 mindən çox insan güllələnmişdir. Sonrakı illərdə Babin Yarda on minlərlə insan vəhşicəsinə qətlə yetirildi – ümumilikdə isə təxminən 100 min dinc sakin və hərbi əsir burada həyatını itirdi.

Ukraynada Holokost bir milyon yarım yəhudinin həyatına son qoydu. Bu, onların mövcudluğunu yer üzündən silmək üçün dəhşətli bir cəhd idi. Bu gün də Babin Yar təkcə hüzn məkanı deyil, həm də xəbərdarlıqdır: nifrət, ksenofobiya, irqçilik və düşmənçilik həmişə fəlakətə aparır.

Müharibədən sonra sovet hakimiyyəti həqiqəti gizlətməyə, Babin Yarın adını xəritədən silməyə çalışdı – onu torpaqla doldurub üstündə idman qurğuları və yollar saldılar. Lakin yaddaşı məhv etmək mümkün deyil. O, insanların qəlbində yaşadı və bir gün üzə çıxaraq gələcək nəsillərə dərs olmağa başladı. Elə buna görə də dünya dedi: “Bir daha heç vaxt”. Amma təəssüf ki, tarix göstərir ki, bəşəriyyət bu dərsi tam şəkildə öyrənməyib.

Bu gün, XXI əsrdə, Ukrayna torpaqlarında Nürenberq tribunalından sonra dünya artıq görməyəcəyini düşündüyü dəhşətlər yenidən baş verir. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başladıb və ritorikası qorxunc dərəcədə nasistlərin ideologiyasını xatırladır. Onlar “ukrayna məsələsini həll etmək” zərurətindən danışırlar – necə ki, nasistlər “yəhudi məsələsinin həlli”ni elan etmişdilər.

Biz dinc sakinlərin kütləvi qətllərini, işgəncələri, zorlamaları, uşaqların deportasiyasını, şəhərlərin dağıdılmasını görürük. Biz öldürülənlərin cəsədlərinin yandırılması cəhdlərini qeydə alırıq – məhz nasistlərin müharibənin son aylarında cinayətlərini gizlətmək üçün etdikləri kimi. Rus işğalından azad edilmiş Buça, İrpen, Borodyanka, İzyum, Yagodnoye kəndi və daha bir çox şəhər və qəsəbələr bütün sivil dünyanı sarsıdan dəhşətli faciələrin şahidi oldular.

Rusiya hələ də Ukraynanın dinc əhalisini qorxutmağa və terror etməyə davam edir – yaşayış məhəllələrinə, kritik infrastruktur obyektlərinə raketlərlə, dronlarla və kasetli bombalarla hücum edir. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Üç il yarımlıq genişmiqyaslı müharibə ərzində yüz minlərlə mülki infrastruktur obyekti – evlər, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri məhv edilmişdir.

Ukraynanın hüquq-mühafizə orqanları təxminən 190 min hərbi cinayət və insanlığa qarşı cinayəti sənədləşdirib. Qurbanların arasında minlərlə öldürülmüş uşaq var. Kütləvi məzarlıqlar, seksual zorakılıq, işgəncələr – bunlar rus işğalçılarının sistematik xarakter daşıyan cinayətlərinin yalnız sübuta yetirilmiş bir hissəsidir.

Ukrayna mübarizə aparır – və bu mübarizə yalnız öz insanlarımız və torpağımız üçün deyil. Biz ədalət uğrunda, hər bir xalqın təhlükəsizlik və ləyaqət içində yaşamaq hüququ uğrunda mübarizə aparırıq. Bizim mövqeyimiz aydındır: sülh yalnız o zaman mümkündür ki, o ədalətli, hərtərəfli və davamlı olsun. Aqressora güzəşt əsasında qurulan sülh heç vaxt həqiqi sülh olmayacaq. Babin Yar faciəsi bütün dünyaya göstərir ki, ədalət cinayətkarların məsuliyyətə cəlb olunmasını və cəzasızlığın qarşısının alınmasını tələb edir – onların bu günkü status və vəzifələrindən asılı olmayaraq.

Bu gün Ukrayna tərəfdaşları və beynəlxalq ictimaiyyətlə birlikdə yeni terrora və totalitarizmə qarşı mübarizənin ön cəbhəsindədir. Biz Azərbaycanın rəhbərliyinə və xalqına – sülhün və ədalətin qiymətini yaxşı bilən bir xalqa – ərazi bütövlüyümüzə və suverenliyimizə verdiyi dəstəyə, eləcə də Rusiyanın genişmiqyaslı işğalının ilk günlərindən göstərilən humanitar yardıma görə minnətdarıq. Bu gün biz yalnız özümüzü deyil, həm də Avropanın və bütün dünyanın ümumi, işıqlı gələcəyini qoruyuruq. Ukrayna üçün qələbə və ədalətli sülh – barbarlığa, nifrətə və cəzasızlığa qalib gəlmək deməkdir; bu, xeyirin şər üzərində qələbəsidir. Yalnız bu qələbədən sonra “bir daha heç vaxt” sözləri həqiqi mənasını və gücünü tapacaq.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1299
Bugun 7
Umumi 1387315
azAZ