Dünyada resurslar uğrunda mübarizə genişlənib. Böyük iqtisadi gücə malik olan dövlətlərə istehsallarını yüksək səviyyədə saxlamaq üçün müxtəlif məkanlarda yeraltı resurslara malik olmaq lazımdır. Afrika qitəsi belə məkanlardan biridir. Çin şirkətləri aşağı qiymətli maliyyələşdirmə və inteqrasiya olunmuş layihələrin həyata keçirilməsi yolu ilə Afrikanın infrastruktur bazarında dominantlıq etməyə davam edirlər. Eyni zamanda Türkiyə, Körfəz ölkələri və Hindistan etibarlı rəqiblər kimi ortaya çıxaraq qara qitənin infrastruktur yarışını getdikcə çoxqütblü edirlər.
Çin Afrikanın ən böyük infrastruktur qurucusu olsa da, bu ölkənin dominantlığı artıq mübahisəsiz deyil. Türkiyə, Hindistan və Körfəz ölkələri maliyyə, tikinti təcrübəsi və strateji tərəfdaşlıqdan istifadə edərək qitənin infrastruktur bazarını yenidən formalaşdıraraq öz təsirlərini davamlı olaraq genişləndirirlər. Buna baxmayaraq, Çin Afrika ölkələrinə on milyardlarla dollar yatırım qoymaqda davam edir. Ən son nümunə Keniyadır. Çin bu ölkənin paytaxtı Nayrobidə hava limanının moderləşdirilməsinə 1,2 milyard dollar yatırım qoyub. Çin Keniyanın avtomobil yollarına da yatırımların miqyasını artırıb. Bu layihələr Çinin Afrikadakı dərin köklərini gücləndirir.
Çinin ən böyük üstünlüyü inteqrasiya olunmuş paket təklif etmək qabiliyyətidir. Çin şirkətləri adətən maliyyələşdirmə, mühəndislik, tikinti və bir çox hallarda uzunmüddətli əməliyyatları vahid bir tənzimləmə çərçivəsində birləşdirirlər. Bu paket yanaşma Afrika hökumətləri üçün layihənin icra risklərini əhəmiyyətli dərəcədə azaldır. Qərb şirkətləri bu təkliflərə uyğunlaşmaqda çətinlik çəkirlər. Daha yüksək əmək xərcləri, daha sərt maliyyələşdirmə normaları və daha yüksək risk mükafatları Avropa və ABŞ şirkətlərini böyük infrastruktur təkliflərində daha az rəqabətli edir. Bunun əvəzinə, bir çox Qərb şirkəti yüksək dəyərli məsləhət, dizayn və layihə idarəetməsinə keçiblər.
Çin struktur iqtisadi üstünlüklərdən faydalanır. nisbətən daha aşağı mühəndislik xərcləri ilə bir çox rəqibin uyğunlaşmaqda çətinlik çəkdiyi qiymətlərlə böyük layihələri maliyyələşdirə və inşa edə bilər. Bununla belə, Afrikada rəqabət mənzərəsi dəyişib. Türkiyə və Körfəz ölkələri bir vaxtlar Çinin ərazisi hesab edilən layihələri getdikcə daha çox əldə edirlər. Türkiyənin mühəndislik şirkətlərindən biri Mərkəzi Afrikada əsas dəmir yolunun tikintisini həyata keçirir. Türkiyə şirkəti Tanzaniyada böyük dəmiryolu tikintisini reallaşdırır. Türkiyənin rəqabət üstünlüyü nisbətən aşağı əmək xərcləri və layihə maliyyələşdirməsiylə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə Afrikada fərqli strategiyaya üstünlük verir. Bol kapitaldan istifadə edən BƏƏ şirkətlərindən biri uzunmüddətli güzəştlər yolu ilə Afrikanın ən böyük limanlarından birinə yiyələnib. BƏƏ şirkətləri Seneqalın və Mozambikin dərin sulu limanını inkişaf etdirmək layihələrini icra edirlər. BƏƏ-yə məxsus şirkətlər Afrikada logistika, liman idarəetməsi, aviasiya sahələrinə üstünlük verirlər.
Hindistan şirkətləri isə güzəştli maliyyələşdirmə vasitəsilə bir neçə Afrika ölkəsində mövqelərini möhkəmləndiriblər. Ancaq Çindən fərqli olaraq, Hindistan maliyyələşdirmə, tikinti və uzunmüddətli əməliyyatları mükəmməl şəkildə birləşdirən sistem qura bilməyib.
Beləliklə, böyük dövlətlərin rəqabəti Afrikada fərqli mənzərə yaradıb. Çin miqyaslı və inteqrasiya olunmuş maliyyələşdirmə təklif edir. Türkiyə mühəndislik və işçi qüvvəsi xərcləri üzrə rəqabət aparır. Körfəz dövlətləri maliyyə gücündən və logistika təcrübəsindən istifadə edirlər. Hindistan isə strateji tərəfdaşlıqlar və kommersiya investisiyaları vasitəsilə imkanlar axtarır. Buna baxmauyaraq, Çin qitədə dominant infrastruktur oyunçusu olaraq qalır. Ancaq Afrikanın infrastruktur bazarı artıq yalnız bir ölkə tərəfindən müəyyən edilmir. Afrika maliyyələşmə modellərinin, geosiyasi təsirin, uzunmüddətli strateji maraqların, o cümlədən limanların, dəmir yollarının müəyyən etdiyi çoxqütblü rəqabət arenasına çevrilir.