Ay: Avqust2026

Tayvan “cəhənnəm ssenarisi” hazırlayıb

Tayvan Çinə qarşı “cəhənnəm ssenarisi” hazırlayır. Bu barədə “The New York Times” yazıb. Belə ki, Tayvan mümkün Çin hücumunun qarşısını almaq üçün həm uçan dronlar, həm də pilotsuz zərbə katerləri istehsal edir. Bu vasitələrin adaya yaxınlaşan Çin qüvvələrinin aşkarlanması və onlara zərbələr endirilməsi üçün istifadə olunması planlaşdırılır. Sözügedən strategiyanı hazırlayan amerikalı hərbçilər onu “Cəhənnəm mənzərəsi” (“Hellscape”) adlandırırlar. Burada Çinin işğal qüvvələrinin dalğa-dalğa dronlar, raketlər və artilleriya vasitəsilə məhv edilməsi və ya onların irəliləməsinin qarşısının alınması nəzərdə tutulur.

Ukrayna və digər son müharibə zonalarından ilhamlanan Tayvan indi bu strategiyanı tətbiq etmək səylərini sürətləndirib. Tayvan bu prosesə gec başladı, çünki sinaq təlimləri keçirirdilər. Tayvan həmin dorlnarın təlimlərini də keçirib.

ABŞ-ın Hind-Sakit Okean Komandanı Con Paparonun son açıqlaması Çində qəzəbli reaksiyaya səbəb olub. Onun sözlərinə görə, regionda güc balansı sürətlə ABŞ-a əleyhinə dəyişir. ABŞ-ın kosmosda və dənizlərdə üstünlükləri qoruyub saxlamasına baxmayaraq, Çin ordusu bütün sahələrdə – hava, dəniz və raketdə təşəbbüsü ələ keçirib. Çində görünməmiş hərbi gəmi tikintisi tempi Amerika hərbi komandanlığını xüsusilə narahat edir. Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin yeni hərbi gəmilər istehsal etmək qabiliyyəti artıq ABŞ-ınkından üç dəfə çoxdur. Bu tendensiya davam edərsə, ABŞ nəticədə Asiya-Sakit Okean bölgəsi sularında liderliyini itirə bilər ki, bu da qaçılmaz olaraq Tayvan boğazı ətrafındakı vəziyyətə təsir edəcək.

Tayvan məsələsi beynəlxalq gündəmin ən aktual məsələlərindən biri olaraq qalır. Çin ordusu müntəzəm olaraq adanın yaxınlığında genişmiqyaslı təlimlər keçirir, onların intensivliyi və reallığı hər il artır. Bu təlimlər döyüş şəraitinin tam simulyasiyası ilə tammiqyaslı əməliyyatları ehtiva edir. Bu, Pentaqon üçün Çinin niyyətlərini proqnozlaşdırmaq cəhdlərində ciddi çətinliklər yaradır. Bir çox analitik hesab edir ki, Tayvanla birləşmə prosesi faktiki olaraq son mərhələsinə qədəm qoyub və Pekin bu məsələdə tam strateji təşəbbüsə malikdir.

Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu dəfələrlə vurğulayıb. Pekin Tayvana silah satışından tutmuş Amerika hərbi məsləhətçilərinin yerli strateji inkişaflarda iştirakına qədər bütün bu tədbirləri gərginliyi artırmağa, milli birliyi pozmağa və siyasi qazanc əldə etməyə yönəlmiş addımlar kimi görür. ABŞ-la Tayvan arasında birgə yarımkeçirici sənayesini genişləndirməsi də Pekini narahat edir.

Pekin tarixi birləşmə prosesinin qaçılmaz olduğunu və onu cilovlamaq cəhdlərinin yalnız ABŞ-ın özü üçün strateji çıxılmaz vəziyyətə gətirəcəyini vurğulayır. Pekinin Tayvanı nəzarətə götürməklə bağlı hərbi əməliyyata başlaması beynəlxalq aləmdə yeni gərginlik ocağı yaradacaq.

Hörmüz boğazına alternativlər axtarılır

Hörmüz boğazının işlədilməsiylə bağlı Iranla Oman arasındakı danışıqlar başa çatmaq üzrədir. İran tərəfi yekun nəticəyə yaxın olduqlarını bildiriblər. Ancaq iki ölkə arasında danışılqarın yekunlaşması hələ problemin həll demək deyil.

Hörmüz boğazından neft ixrac və idxal edən ölkələr alternativlər barədə düşünürlər. Çünki, bu dövlətlər hesab edirlər ki, Omanla İran arasında razılaşma müvəqqəti xarakter daşıya bilər və ABŞ-İran müharibəsi yenidən alovlanarsa, Tehran yenidən boğazı qapadacaq. Bu isə boğazdan neft və sıxılmış qazın daşınmasının yenidən durdurulması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə mövcud olan silahlı qruplar, o cümlədən onların əlində olan dronlarla alternativ marşrularla daşınan yanacağa da təhlükə yarada bilərlər. Tam təhlükəsizk marşrutların işə salınması üçün isə zaman və maliyyə resurslarına ehtiyac var. Hər halda Səudiyyə Ərəbistanı Qırmızı dənizə uzanan boru xətti ilə neft nəqlini 2 milyon barelə çatdırmağı planlaşdırır.

Hindistan da qərarını verib. Bu ölkə neft idxalının həcminə görə dünyada üçüncü sıradadır. Hindistan son iki ildə Rusiyadan neft alışnı artırmasına baxmayaraq, neftə olan tələbatının 40 fazini Hörmüz boğazı üzərindən əldə edirdi. Ancaq mövcud vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neftayrıma zavodları Hörmüz boğazından neft alışını başqa istiqamətlərlə əvəzləməyə başlayıblar. Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprises” aldığı sifariş əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlanan və Ərəb dənizindən Hindistan sahillərinə qədər uzanan boru xəttinin tikintisini layihələndirir. Layihənin iqtisadi səmərələliyi hesablanacaq. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına 9 milyard dollara yaxın vəsait xərcləməyi planlaşdırıb. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal etmək məcburiyyətindədir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək.

Yaponiya da Hindistanla oxşar vəziyyətdədir. Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında gərginlik fonunda ölkə tarixində ən böyük həcmdə azalıb. Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 100 milyon barel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb. Halbuki, Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Mövcud vəziyyətdə Yaponiya Yaxın Şərqdən neft tədarükündən asılılığını azaltmağa qərar verib. Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan neftini də alıb və bu sahədə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmaq olar.

Yaponiya eyni zamanda yanacaq böhranından əziyyət çəkən qonşularına da yardım əli uzatmağa qərar verib. Yaponiya Baş naziri Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını bildirib. Bu yardım Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Misal üçün enerni böhranı Filippini fövqəladə vəziyyət elana məcbur edib.

Pekin Vaşinqtonun təklifinə niyə rədd cavabı verib?

Vaşinqton Çinin nüvə arsenalına nəzarət edilməsiylə bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, nəticə əldə edə bilməyib. “Soyuq müharibə” illərində nüvə rəqabəti ABŞ-la keçmiş SSRİ arasında mövcud idi. Keçmiş illərdə Çinin nüvə arsenalı indiki qədər çox deyildi. Nüvə arsenalının azaldılması barədə danışıqlar Vaşinqtonla Moskva arasında gedir, iki ölkə arasında müvafiq sazişlər imzalanırdı. Bu sazişlərə görə, ABŞ və keçmiş SSRİ nüvə başlıqlı raketlərin azaldılması barədə razılıq əldə edir və buna əməl edirdilər. Çin bu razılaşmaların kənarında qalırdı. Bu isə Çinə imkan verirdi ki, nüvə başlıqlı raket istehsalını istədiyi səviyyədə artırsın.

Vaşinqton bir müddət sonra Çinin nüvə arsenalını artdığını müşahidə edərək raketlərin sayının azaldılması barədə danışıqlara Rusiya ilə yanaşı Çinin də qoşulmasını istəyirdi. Ancaq Vaşinqtonun son illərdə həyata keçirdiyi bu siyasət nəticə vermir. Çünki, Pekin Vaşinqtonun təkliflərini qəbul etmir. Vaşinqtonun təkliflərinə hər dəfə rədd cavabı verən Pekin nüvə arsenalını ABŞ və Rusiyadakının səviyyəsinə çatdırmaq istəyir.

ABŞ-ın kəşfiyyat məlumatlarına görə, Çin yaxın illərdə qitələrarası ballistik raket istehsalını, bunun üçün müvafiq mərkəzlərin və mobil raket komplekslərinin sayını dəfələrlə artıracaq. Çin eyni zamanda hərbi dəniz qüvvələrinin nüvə silahlarıyla təhcizatını da gücləndirib. Bu vəziyyət ABŞ-ın hərbi strategiyasına ciddi təhlükələr yaradıb. Buna görə də Vaşinqton Pekini nüvə arsenalı və ballistik raketlər mövzusunda diplomatik danışıqlara cəlb etməyə çalışır. Çünki, Çin nüvə arsenalını artırdıqca ABŞ-da da eyni siyasəti aparmaq məcburiyyətindədir. Çinin artan hərbi və nüvə gücü ABŞ-ın hərbi resurslarının əsaslı hissəsini Hind və Sakit Okean bölgəsinə yönəltməyi məcbur edib. ABŞ eyni zamanda bu bölgədəki müttəfiqləri, o cümlədən Yaponiya ilə hərbi-strarteji əməkdaşlığı genişləndirməyə qərar verib. Təsadüfi deyil ki, Vaşinqton Yaponiyanın raket arsenalını, hətta nüvə silahına malik olma müzakirələrinə yaşıl işıq yandırıb.

Çin nüvə arsenalını gücləndirməklə kifayətlənməyərək ballistik raket sınaqlarının sayını artırıb. Çin bu ilin iyul ayında Sakit okeanda nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu sınaq Yaponiya, Avstraliya və Yeni Zelandiya Asiya və Sakit Oken bölgəsindəki ada dövlətlərində, o cümlədən Tuvaluda ciddi narahatlıq yaradıb. Kiçik ada dövlətləri birgə bəyanat yayaraq, Çinin xəbərdar etmədən bölgədə ballistik raket sınaqlarını qəbuledilməz olduğunu vurğulayıblar. Bu narahatlığa baxmayaraq, Çin hərbi strategiyasını dəyişdirməyəcək.

İsrailin yeni layihəsi okeanla dənizi birləşdirməlidir

Azərbaycan İsrail Parlamentinin Türkiyə əleyhinə “erməni soyqırımı” qətnaməsinin qarşısını aldı. Ancaq İsrailin Türkiyənin maraqlarına zidd olan bir başqa fəaliyyəti də var. İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baramın avqustun 5-də ölkəsinin yeni təhlükəsizlik konsepsiyasını təqdim edib. Buna görə İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası Birləşmiş Ərəb Əmirlikləri üzərindən Hindistana uzanan tərəfdaşlıq oxu formalaşdırmalıdır. Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq konsepsiyasına daxil edilməsi İranın bu ölkəyə hücumları fonunda İsraildən aldığı hərbi dəstəklə əlaqələndirilir. Yeni konsepsiya adı çəkilən ölkələr arasında müdafiə, texnologiya, maliyyə və qlobal logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub. Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır. İsrailin məqsədi Hind-Sakit okeanını Yunanıstan və Kipr vasitəsilə Şərqi Aralıq dənizi ilə birləşdirməkdir.

İsrail Hindistanla strateji tərəfdaşlığı gücləndirib, iki ölkə hərbi sahədə əməkdaşlıq edir, müdafiə xarakterli ortaq layihələr reallaşdırırlar. Amir Baram İsrail-Hindistan hərbi tərəfdaşlığının müəlliflərindən sayılır. O bu ilin iyun ayında Hindistana səfəri zamanı hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Amir Baramın fikrincə, yeni çərçivə İsrailin ABŞ ilə ittifaqını əvəz etməməli, hərbi, iqtisadi, texnoloji və sənaye əməkdaşlığını birləşdirərək onu tamamlamalıdır. Müzakirələr ənənəvi silah köçürmələrindən kənara çıxaraq birgə inkişaf, texnologiya paylaşımı və uzunmüddətli strateji uyğunlaşma istiqamətində ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsinə yönəlib. Stokholm Sülh Araşdırmaları İnstitutunun araşdırmasına görə, İsrailin 2021-2025-ci illərdə müdafiə xarakterli ixracının 29 faizi Hindistanın payına düşüb. Ümumilikdə İsrail 4 il ərzində müdafiə xarakterli ixracından 71 milyard dollar əldə edib.

İsrail Hindistanla yanaşı son illərdə Yunanıstan və Kipr Respublikasıyla ittifaqı gücləndirib. Birləşmiş Ərəb Əmirlikləri də işin içindədir. Hindistandan başlayaraq, Yaxın Şərq üzərindən Avropaya qədər uzanan yeni nəqliyyat dəhlizi olan İMEC İsrailin də iştirakını ehtiva edir. Bu Çinin “bir kəmər, bir yol” layihəsinə alternativdir. İMEC layihəsində rollar bu şəkildə bölüşdürülüb: İsrail və Hindistan texnologiyalara və hərbi yeniliklərə, Birləşmiş Ərəb Əmirlikləri maliyyə və logistikaya, Yunanıstan və Kipr Respublikası isə Avropaya çıxışa cavabdehdirlər. Ancaq yeni layihənin reallığa çevrilməsi üçün Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir. Bölgədəki silahlı qruplar, o cümlədən Yəməndəki husilər nəqliyyat layihəsini əngəlləyəcək gücdədirlər. Digər tərəfdən İMEC layihəsinin işlək olması üçün Səudiyyə Ərəbistanın da prosesdə rol alması vacibdir. Səudiyyə Ərəbistanı isə hələ ki, İsraillə ortaq layihədə iştiraka hazır deyil.

Yeni Zelandiyanın strateji əhəmiyyəti artıb

Hindistan Baş naziri Narendra Modinin 2026-cı ilin iyul ayında Yeni Zelandiyaya səfəri müzakirə predmetidir. Hindistan Baş nazirinin son dörd onillikdə ilk səfəri – ikitərəfli əlaqələri Strateji Tərəfdaşlığa yüksəltdi və diplomatiya, müdafiə, ticarət, texnologiya, təhsil və regional təhlükəsizliyi əhatə edən “2030-cu ilə qədər Yol Xəritəsi”ni təsdiqlədi. Tərəfdaşlıq, dəniz təhlükəsizliyi, birgə hərbi təlimlər və azad və açıq Hind-Sakit okean bölgəsində ortaq maraqlar sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı, ticarətin 2030-cu ilə qədər ikiqat artırılmasını hədəfləyən 2026-cı ilin aprel ayındakı Azad Ticarət Sazişinə əsaslanır.

İqtisadiyyatdan əlavə, münasibətlər indi texnoloji əməkdaşlıq, təhsil, insanlararası əlaqələr (Hindistanın Yeni Zelandiyadakı 300.000 nəfərlik diasporu da daxil olmaqla) və strateji uyğunluğu vurğulayır, çünki hər iki demokratiya regionda geosiyasi rəqabətin güclənməsinə doğru irəliləyir.

Hindistan Baş naziri Narendra Modinin 10-11 iyul tarixlərində Yeni Zelandiyaya səfəri ikitərəfli münasibətlərdə tarixi bir an oldu. Bu, Hindistan Baş nazirinin son dörd onillikdə Yeni Zelandiyaya ilk səfəri idi və əhəmiyyəti sadəcə simvolikdən kənara çıxdı. İki günlük səfər zamanı Modi və Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson iki ölkə arasındakı münasibətləri Strateji Tərəfdaşlığa yüksəltdilər və diplomatiya, müdafiə, ticarət, texnologiya, təhsil və regional təhlükəsizlik sahələrində əməkdaşlığa istiqamət vermək üçün nəzərdə tutulmuş “2030-cu ilə qədər Yol Xəritəsi”ni təsdiqlədilər.

Bu elan Hindistan və Yeni Zelandiyanın 27 aprel 2026-cı ildə Azad Ticarət Sazişi (FTA) imzalamasından bir neçə ay sonra gəldi. FTA özlüyündə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm bir addım olsa da, Strateji Tərəfdaşlıq hər iki hökumətin münasibətlərini daha böyük bir geosiyasi transformasiyanın bir hissəsi kimi gördüyünü göstərir.

Hindistan media orqanı Firstpost səfərin Hindistan-Yeni Zelandiya münasibətlərində “yeni bir dövr” qeyd etdiyini və getdikcə ticarətdən strateji əməkdaşlığa doğru gedən bir tərəfdaşlığı əks etdirdiyini qeyd etdi. Firstpost-da deyilirdi: “Hindistan və Yeni Zelandiya arasındakı əlaqə əhəmiyyətli və dinamik bir uyğunlaşma kimi ortaya çıxmışdır. Tarixən ortaq Birlik irsi, kriket və demokratik dəyərlərə söykənən ikitərəfli əlaqə çoxşaxəli strateji tərəfdaşlığa çevrilmişdir.” Bu inkişafın vaxtı böyük əhəmiyyət kəsb edir. Hind-Sakit okean regionunda iqtisadi münasibətlər getdikcə daha çox təhlükəsizlik məsələləri ilə formalaşır. Təchizat zəncirinin dayanıqlığı, dəniz sabitliyi, texnoloji əməkdaşlıq və vacib infrastruktura çıxış bu gün milli maraqlardan ayrılmaz hala gəlib. Hindistan və Yeni Zelandiya üçün əlaqələrin gücləndirilməsi sadəcə ticarət həcminin artırılması məsələsi deyil; əksinə, sabit, açıq və qaydalara əsaslanan regional nizamda ortaq maraqları bölüşən iki demokratiya arasında tərəfdaşlıq qurmaqdan ibarətdir.

Firstpost-un izah etdiyi kimi: “Yeni Zelandiya bütün Hindistan ixracatına 100% rüsumsuz giriş təklif edir. Hindistan Yeni Zelandiya ixracatı üçün tarif xətlərinin təxminən 70 faizində rüsumları liberallaşdırıb. Hindistan ixracatının geniş çeşidinə tarifləri aradan qaldırmaqla və kənd təsərrüfatı üçün Mükəmməllik Mərkəzləri yaratmaqla iki ölkə arasında iqtisadi sinerji əhəmiyyətli dərəcədə dərinləşib.”

İki hökumət həmçinin 2030-cu ilə qədər mal və xidmət ticarətini ikiqat artıraraq 7 milyard Yeni Zelandiya dollarına çatdırmaq kimi iddialı bir hədəf müəyyən ediblər. Bu hədəfə çatmaq üçün təkcə tarif endirimlərindən daha çox şey tələb olunacaq. Bu, əsasən, əlaqələrin yaxşılaşdırılmasından, biznes əlaqələrinin gücləndirilməsindən və özəl sektorun daha çox iştirakının təşviq edilməsindən asılı olacaq.

 

2030-cu illərə qədər Yol Xəritəsi heç bir maliyyə öhdəliyi yaratmır. Onun əhəmiyyəti davamlı əməkdaşlıq üçün mexanizmlərin tətbiqindədir. İki ölkə liderlər, nazirlər və yüksək vəzifəli şəxslər arasında müntəzəm məsləhətləşmələr aparmaq öhdəliyini götürüb və bununla da Strateji Tərəfdaşlığın sadəcə simvolik bir bəyannamə deyil, davamlı bir proses olaraq qalmasını təmin ediblər.

Hindistan-Yeni Zelandiya münasibətlərində ən əhəmiyyətli transformasiya, bəlkə də, təhlükəsizlik sahəsində baş verir. Firstpost izah edir ki, geosiyasi mənzərə Hindistan və Yeni Zelandiyanı bir-birinə daha da yaxınlaşdırıb və bu, əsasən Hind-Sakit okean bölgəsindəki maraqların üst-üstə düşməsi ilə bağlıdır: “Hər iki ölkə qaydalara əsaslanan beynəlxalq nizam və naviqasiya azadlığına əsaslanan azad, açıq və inklüziv Hind-Sakit okeanını dəstəkləməyə sadiqdir.”

Bu gün hər iki ölkə ətraflarındakı strateji mühitin xeyli dəyişdiyini qəbul edib. Hind-Sakit okean qlobal iqtisadi fəaliyyətin mərkəzinə çevrilib; eyni zamanda, dəniz mübahisələrinin, hərbi rəqabətin və geosiyasi rəqabətin beynəlxalq münasibətləri getdikcə daha çox formalaşdırdığı bir bölgəyə çevrilib.

Yol Xəritəsinin müdafiə komponenti bu reallığı əks etdirir. 2025-ci il Müdafiə Əməkdaşlığı üzrə Anlaşma Memorandumuna əsaslanaraq, Hindistan və Yeni Zelandiya müvafiq silahlı qüvvələri arasında hərbi mübadilələri, birgə təlimləri, dəniz əməkdaşlığını və peşəkar mübadilələri genişləndirmək barədə razılığa gəliblər. Xüsusilə dəniz təhlükəsizliyinə diqqət yetirmək vacibdir. Hər iki ölkə ticarət və enerji təchizatı məqsədilə təhlükəsiz dəniz yollarından çox asılıdır. Dəniz təlimləri, hidroqrafiya, logistika dəstəyi və dəniz dialoqu sahəsində əməkdaşlıq regional sabitliyin açıq dəniz mühitinin qorunmasından asılı olduğuna dair ortaq bir anlayışın göstəricisidir.

Yol Xəritəsində təhsil, tədqiqat və innovasiyaya böyük diqqət yetirilir. Hindistanın sürətlə artan texnoloji imkanları, Yeni Zelandiyanın kənd təsərrüfatı, ətraf mühit tədqiqatları və qabaqcıl sənaye kimi sahələrdəki öz təcrübəsi ilə birlikdə, mənalı əməkdaşlıq üçün əsl imkanlar yaradır. Rəqəmsal transformasiya, iqlimlə əlaqəli texnologiyalar və elmi tədqiqatlar sahəsində birgə iş gələcək əməkdaşlığın vacib hərəkətverici qüvvəsinə çevrilə bilər.

İnsanlar arasında əlaqələr daha bir vacib təməl təmin edir. Yeni Zelandiya Hindistanın 300.000 nəfərlik diasporunun evidir və bu, ölkənin iqtisadiyyatına, mədəniyyətinə və sosial quruluşuna töhfə verir. Yeni Zelandiya hökuməti yazıb ki, Hindistan diasporu “mədəni, kommersiya, təhsil və sosial əlaqələri gücləndirən, daha dərin ikitərəfli əməkdaşlıq üçün güclü təməl yaradan həyati əhəmiyyətli bir canlı körpü” təşkil edir. Yol Xəritəsində diaspora ikitərəfli münasibətlərin gücləndirilməsində fəal tərəfdaş kimi tanınır.

Turizm və əlaqə də vacib elementlərdir. Hava əlaqələrinin genişləndirilməsi və səyahətlərin asanlaşdırılması iki cəmiyyət arasında biznes mübadiləsinin, təhsil imkanlarının və mədəni qarşılıqlı əlaqənin artırılması üçün praktik addımlardır.

Hindistan-Yeni Zelandiya münasibətləri artıq yalnız ticarətlə müəyyən edilmir. Hindistan-Yeni Zelandiya Strateji Tərəfdaşlığı iqtisadi təhlükəsizlik və strateji təhlükəsizliyin bir-biri ilə əlaqəli olduğunu göstərir. İqtisadi əməkdaşlıq vacibdir, lakin indi müdafiə koordinasiyası, texnoloji əməkdaşlıq və ortaq regional maraqlarla yanaşı mövcuddur. Ticarət müqavilələri təkbaşına geosiyasi rəqabətin və ya qlobal təchizat zəncirlərindəki zəifliklərin yaratdığı problemləri həll edə bilməz. FTA Hindistan-Yeni Zelandiya münasibətlərinin daha sıx olması üçün fürsət yaratdı; Strateji Tərəfdaşlıq bu fürsəti hərtərəfli siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinə çevirir.

Rusiya hərbi texnikanın ixracında çətinlik çəkir

Rusiya Ukraynaya qarşı işğalçı müharibə dönəmində hərbi-sənaye kompleksinin istehsalını genişləndirib. Rusiya hərbi sənaye kompleksinin məhsullarından həm Ukraynaya qarşı müharibədə istifadə edir, həm də ixracı genişləndirməyə çalışır. Misal üçün Rusiya 2025-ci ildə hərbi texnikanın ixracından 15 milyard dollar gəlir əldə edib. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı ötən iln əvvəlində keçirdiyi iclasda 2016-ci ildə də hərbi texnikanın ixracının arıtırılmasını hədəf qoymuşdi.

Rusiya bir il əvvəl 30 ölkəyə hərbi məhsullar təradük edib. Bindan başqa Rusiya 14 ölkə ilə hərbi texnikanın birgə istehsalını və kooperasiyasını həyata keçirir. Rusiya hərbi texnikanın ixracının növbəti hədəfi kimi Afrika qitəsini seçib, Putin çıxışında eyni zamanda Müstəqil Dövlət Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Vladimir Putinin nikbin olmasına baxmayaraq, Rusiyanın hərbi texnikasından imtina edən və ya bu ölkədən idxalı azaldan ölkələrin sayı artıb. Misal üçün Azərbaycan və Ermənistan Rusiyadan əvvəlki illərlə müqayisədə hərbi texnika almır. Azərbaycan hərbi texniki sahədə Türkiyə, İsrail və Avropa dövlətləri ilə, Ermənistan isə İkinci Qarabağ müharibəsindən sonra hərbi texniki sahədə Rusiyanın yerinə Fransa və Hindistanla əməkdaşlığa üstünlük verir.

Bu arada, “Defense Security Asia” dərgisinin məlumatına görə, Hindistan Rusiyanın beşinci nəsil Su-57E qırıcı təyyarələrini almaqdan imtina edib. Bu haqda Hindistanın müdafiə naziri Racesh Kumar Singh açıqlama verib. Hindistan vaxtilə SSRİ ilə hərbi texniki sahədə əməkdaşlıq edib, sonrakı illərdə Rusiya ilə bu sahədə əməkdaşlığa davam edib. Hindistan hazırda Rusiyadan yeni hərbi təyyarələr almaq əvəzinə keçmiş illərdə Rusiyadan aldığı hərbi təyyarələrin moderləşdirilməsinə və özünün beşinci nəsil qırıcı təyyarə proqramını inkişaf etdirmək niyyətindədir. Halbuki, Moskva Hindistana yeni hərbi təyyarələrin alınmasınyla bərabər onların istehsalının qurulması imkanını təklif etmişdi. Ancaq Yeni Dehli bu təklifi qəbul etməyib. Hindistanın bu qərarının arxasında iqtisadi amillər dayanır. Hindistan Rusiyadan baha qiymətə təyyarələr almaqla yanaşı, onların Rusiyada xidmətinə də maliyyə ayırmaq məcburiyyətində idi. Hindistanın bunun əvəzinə yerli imkanları hesabına hərbi təyyarələrini modernləşdirəcək. Bu həm də iş yerlərinin itirilməməsinə səbəb olacaq.

Özbəkistan yeni bazarlar axtarır

Azərbaycanın müttəfiqlərindən olan Özbəkistan Hindistanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin Prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcəyi vurğulanıb. Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan Prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır. Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Jaishankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Nazirlər hərtərəfli əlaqələrin inkişafı zərurətini vurğulayaraq qarşılıqlı yatırımların artırılması, o cümlədən nəqliyyat layihələri barədə də fikir mübadiləsi aparıblar.

Özbəkistanın xarici işlər nazirinin Hindistana səfərinin əsas məqsədi bu ölkə ilə ticarət, investisiya, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var. Bu Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın Baş naziri Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar.

Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Ötən il iki ölkə ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Son illərdə sürətlə inkişaf edən Özbəkistan Hindistanla ticarəti artırmağı planlaşdırır. Təsadüdi deyil ki, Özbəkistanın Hindistana səfəri zamanı Yeni Dehlidə biznes forum da keçirilib. Biznes forumda hər iki ölkədən iştirak edən yüzlərlə biznesmenə müxtəlif layihələrdə iştirak təklif edilib. İndinin özündə Özbəkistanda Hindistan kapitalına bağlı 400 şirkət fəaliyyət göstərir. Bu şirkətlərin maliyyə dövriyyəsi 5 milyard dollar civarındadır.

Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb. Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Şövkət Mirziyoyev praqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır.

Özbəkistanın naziri Yeni Dehlidə müzakirələr aparıb

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Hindistanın Orta Asiyadakı əsas tərəfdaşlarından biri ilə ticarət, investisiya, əlaqə, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda Yeni Dehlidə bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Bəxtiyar Saidov ticarət, investisiya, əlaqə, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə Yeni Dehliyə dörd günlük səfərə başladığı üçün Hindistanın Orta Asiya ilə əlaqələri yenidən diqqət mərkəzindədir. Səfər Hindistanın Avropa və Asiyanın kəsişməsində yerləşən bir bölgə ilə iqtisadi əlaqələri inkişaf etdirərkən Orta Asiyada strateji tərəfdaşlıqları gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Səfər Yeni Dehli və Daşkənd arasında bir sıra yüksək səviyyəli mübadilələrə əsaslanır. Hindistan və Özbəkistan 1992-ci ildə diplomatik münasibətlər qurub və 2011-ci ildə münasibətləri Strateji Tərəfdaşlığa yüksəldiblər. Baş nazir Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə 2025-ci ilin sentyabr ayında Tianjində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşüblər.

Artan siyasi əlaqələrə baxmayaraq, iqtisadi əməkdaşlıq potensialdan aşağı olaraq qalır. İkitərəfli ticarət hazırda təxminən 756,6 milyon ABŞ dolları təşkil edir və Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Saidovun cədvəlinə Prezident Draupadi Murmu ilə görüş, biznes forumunda iştirak və Haydarabad Evində Xarici İşlər Naziri S. Cayşankar ilə genişmiqyaslı ikitərəfli danışıqlar daxildir. Müzakirələrin siyasi əlaqələri, iqtisadi əməkdaşlığı və ikitərəfli əlaqələri sürətləndirməyin yollarını əhatə etməsi gözlənilir. Bu ilin may ayında Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəkləmək üçün hər iki ölkənin ikitərəfli bazara çıxış protokolu imzalamasından sonra münasibətlər daha da inkişaf edib. Bu addımın hər iki ölkədə biznes üçün yeni imkanlar yaradacağı gözlənilir. Gündəmdə ticarət, əlaqə və strateji əməkdaşlıq əsas yer tutduğu üçün səfərin Hindistanın Orta Asiyada artan əlaqələrinə daha bir qat qatacağı gözlənilir.

Süni intellekt sahəsində rəqabət qızışıb

Vaşinqton İranla müharibəni davam etdirdiyi, Qəzza ilə bağlı planın icrasına başladığı və Rusiya-Ukrayna müharibəsini bitirmək üçün yenidən vasitəçilik təşəbbüslərinə geri dönəcəyi dönəmdə Çini də diqqətdən kənar qoymayıb. ABŞ dövlət katibi Mark Rubio “Fox News” telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Rubionun sözlərinə görə, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir.

Rubio Pekinlə dialoqa baxmayaraq, ölkəsinin milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyinə də işarə edib. Onun “biz bu prosesləri tənzimləməliyik, ancaq dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur” cümləsi də bundan xəbər verir. Rubio bunu deyərkən Tayvanı xatırladıb. Rubio Vaşinqtonun təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxdığını bildirib. “Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq” – deyən dövlət katibi Vaşinqtonun ikitərəfli görüşlər zamanı bu mövqeyi Çin tərəfinə aydın şəkildə çatdırdığını xatırladıb.

Rubionun ikibaşlı açıqlaması Pekini rahatlatmaz. Çünki, Rubio bir tərəfdən Pekinlə normal münasibətlərə çalışdığını, digər tərəfdən Vaşinqtonun Tayvan məsələsində qəti mövqeyindən geri çəkilmədiyini bildirib. Halbuki, Pekinin qərarı qətidir: “Tayvan Çinə aiddir və birləşmə prosesinə heç bir dövlət, o cümlədən ABŞ mane olmamalıdır”. Pekin Vaşinqtonun dünyadakı resurslar uğrunda sərt mübarizəsindən də şikayətçidir. Süni intellekt sahəsi iki ölkə arasında kəskin rəqabət meydanına çevrilib. Çin özünü dünyaya geniş şəkildə təqdim edilməli olduğunu söyləyən aşağı qiymətli, açıq mənbəli süni intellekt texnologiyasının çempionu kimi təqdim edir.  Mövcud durum Ağ Ev administrasiyasını ciddi narahat edir. Tramp administrasiyası hesab edir ki, Çin süni intellekt modellərini tənzimləmək yolunu seçib. Pekin isə əksinə, ABŞ-ı “süni intellekt hegemonluğunda” günahlandırır. Digər tərəfdən Çin hakimiyyəti süni intellekt sistemlərinin sərt senzura filtrlərini aşa biləcəyindən narahatdır. Çinin süni intellekt sahəsində ABŞ-la rəqabət aparmaq üçün qlobal bir təşkilat yaratması qərarı Pekinin Vaşinqtonu qabaqlamaq istəyindən irəli gəlir. Çinin rəhbərliyi ilə ötən ay qurulan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatına (WAICO) 29 ölkə qoşulub. Təsis müqaviləsi Şanxayda keçirilən mərasimdə imzalanıb. Çin süni untellekt sahəsində ətrafına daha çox tərəfdaş toplamaqla Vaşinqtonun “Süni intellekt Fəaliyyət Planı” ilə rəqabətə hazırlaşır.

Səfirlik binasıyla bağlı gərginlik davam edir

Ingilis tənqidçilər xəbərdarlıq edirlər ki, Çin super səfirliyi Londonu Pekin üçün “güc mərkəzi”nə çevirmək riski daşıyır. Londonda mübahisəli yeni Çin super səfirliyinin əleyhdarları, Ali Məhkəmənin onun planlaşdırma icazəsinə qarşı etirazının rədd edilməsindən sonra mübarizələrini davam etdirəcəklərinə söz veriblər. Bir neçə gün əvvəl verilən qərar vəkilləri apelyasiya şikayəti üçün icazə üçün ərizə hazırlamağa sövq edib.

Evləri London Qülləsinin yaxınlığındakı təklif olunan əraziyə yaxın olan yerli sakinlər öz məyusluqlarını bildiriblər. Bir sakin bildirib ki, qərar “qalanın bizim icmamıza aid olmaması faktını dəyişdirmir”. Təxminən 100 mülkdə ailələri və müəssisələri təmsil edən assosiasiya, Çin hökumətinin təhlükəsizlik öhdəliklərini görməzdən gəlməklə yanğın riski yaratmasından da narahat idi və diplomatik toxunulmazlıq səbəbindən bu öhdəliklərin icrasının mümkün olmayacağını bildirdi.

Hökumət və şura iddianı müdafiə edərək, sakinlərin narahatlıqlarını “vicdanla və diqqətlə nəzərə aldıqlarını” bildirdilər. Bu ayın əvvəlində Ali Məhkəmədə keçirilən dinləmədən sonra iki hakim RMCRA-nın etirazını rədd etdi. Çin Kommunist Partiyasının tənqidçiləri bildiriblər ki, Böyük Britaniya paytaxtının Pekin üçün “güc mərkəzi”nə çevrilməsinin qarşısını almaq üçün hüquqi mübarizə davam edəcək.

Çin üzrə Parlamentlərarası Alyansın icraçı direktoru Luke de Pulford deyib: “Pekin bu qərarın son qərar olduğunu düşünür. Bu, belə deyil. Əgər onlar bizim öz kapitalımızın ÇKP güc mərkəzinə çevrilməsinə icazə verməyimizi gözləyirlərsə, bu meqa-səfirliyə qarşı çıxanların gücünü tamamilə səhv qiymətləndiriblər.”

RMCRA-nın planlaşdırma qərarının qanunsuz olaraq qəbul edildiyi və təhlükəsizlik bəyanatının açıqlanmadığı, hökumətin planlaşdırma qaydalarına əməl etmədiyi və insan hüquqları məsələlərini müəyyən etmədiyi və qiymətləndirmədiyi iddiası hakimlər tərəfindən rədd edilib. Lord Hakim Dingemansla birlikdə oturan xanım Hakim Lieven cümə günü verilən qərarda hökumətin planlaşdırma icazəsi üçün müraciət edən Çin hökuməti olduğunu nəzərə aldığına “şübhə yoxdur” dedi. O, həmçinin bildirib ki, RMCRA planlaşdırma qərarı verilərkən mümkün terror partlayışının təsirini ətraflı şəkildə əks etdirən “partlayış qiymətləndirməsi”nin surətini almadığı üçün zərər görməyib. Hakim deyib: “Bu sənədlərin açıqlanmaması iddiaçıya qarşı heç bir ədalətsizlik yaratmayıb”. O, daha sonra deyib ki, “açıq-aşkar əlavə yanğın riski yoxdur”. Qərardan sonra müxaliflər ali məhkəmələrdə uğur qazanma ehtimalının daha yüksək olacağına inandıqlarını bildiriblər. Yerli sakinləri təmsil edən Leigh Day-in ortağı Ricardo Gama deyib: “Ümid edirik ki, Apelyasiya Məhkəməsi hakimlərindən ibarət heyət mübahisəli qərar qəbul etməyə hazır olan daha cəsarətli bir heyətimiz olacaq”. RMCRA-dan Deyv Leyk deyib: “Onların milyardlarla dolları ola bilər, amma biz uzun müddətdir ki, apelyasiya üçün icazə almağa çalışacağıq. Biz burada yaşayırıq. Bu, bizim evimizdir və möhürlü qərar qalanın bizim icmamıza aid olmadığı faktını dəyişdirmir. Əgər onlar bunun yolun sonu olduğunu düşünürlərsə, yanıldıqlarını anlayacaqlar. Biz mübarizə aparmağa davam edirik.”

Kölgə xarici işlər katibi Dame Priti Patel xəbərdarlıq etdi: “Böyük Britaniyanın milli təhlükəsizliyi yeni Çin super səfirlik casus mərkəzi tərəfindən təhlükəyə atılacaq.” O, əlavə edib: “Məhkəmənin qərarı yeni baş nazir Endi Börnhem üçün açıq bir sınaqdır. O, ölkəmizin maraqlarını birinci yerə qoyacaq, Pekinə qarşı çıxacaq, milli təhlükəsizliyimizi qoruyacaq və uğursuz Starmer illərinin mirası olan bu dəhşətli planı tərk edərək düzgün iş görəcəkmi?” Keçmiş Mühafizəkarlar Partiyasının lideri Ser İen Dunkan Smit yeni baş nazirlə Böyük Britaniyanın Çinə qarşı siyasəti barədə danışmaq niyyətində olduğunu bildirib. O, Vestminsterdə keçirilən mətbuat konfransında jurnalistlərə deyib: “Düşünürəm ki, Britaniyanın Çinlə iş görməyin çox çətin, çox təhlükəli və hər cür problemlə müşayiət olunduğunu anlaması vacibdir. “Mən onunla və bu yeni yenidən təşkil olunmuş Nazirlər Kabineti ilə danışacağam ki, onlar Çinə baş əyərkən ödədiyimiz qiymətin insan həyatında olduğunu başa düşsünlər. Milyonlarla insan ölür və bu gün Britaniyada transmilli repressiyalar yalnız bu səfirlik razılaşdırılarsa artacaq.” RMCRA-nın xəzinədarı Mark Nayqeyt jurnalistlərə bildirib ki, bu, “təslim olmaq üçün çox vacib olan bir döyüşdür” və əlavə edib: “Bu, sadəcə David Goliath döyüşü deyil. Bu, David və iki Goliath döyüşüdür.” MHCLG sözçüsü dedi: “Biz qərarı qəbul edirik. Dövlət katibinin yeni Çin səfirliyi üçün planlaşdırma icazəsini və siyahıya alınmış tikinti razılığını təsdiqləmək qərarına qarşı qaldırılan etiraz uğursuz oldu. İş hələ də məhkəmə prosesinin mövzusu ola biləcəyi üçün əlavə şərh vermək uyğun olmazdı.”

Kral Zərbxanası Sakinləri Assosiasiyası (RMCRA) əvvəllər səfirliyin terror hücumları və ya etirazların yatırılması üçün mərkəz nöqtəsinə çevrilə biləcəyini iddia edərək ciddi narahatlıqlarını dilə gətirib. Onlar həmçinin bunun Böyük Britaniya daxilində “sərt” Çin qanunlarını tətbiq etmək və müxalifləri hədəf almaq üçün istifadə edilə biləcəyindən qorxurlar.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1740869
azAZ