Ay: Avqust2026

Talibanla əməkdaşlığa maraq azdır

Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib. ABŞ qüvvələri “Əl-Kaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda Taliban hərəkatı üzərində qələbə qazandı. ABŞ hərbçilərinin Talibana qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı. ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər şəhərlərini də Taliban hərəkatından təmizlədilər. O zaman düşünülürdü ki, Taliban hərəkatı özünə gələ bəlməyəcək. Ancaq belə olmadı. Taliban hərəkatı partizan müharibəsinə keçdi. ABŞ Prezidentlərindən əvvəlcə Barak Obama, ondan sonra isə Co Bayden amerikalı hərbçilərin Əfqanıstanda saylarını azaltmağa qərar verdilər. Nəhayət 2021-ci ilin avqust ayında ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsiylə Taliban yenidən paytaxt Kabili ələ keçirdi.

Taliban hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə əməkdaşlığa başlamaq istədi. Ancaq bir çox ölkədə Taliban terrorçu qruplaşma kimi dəyərləndirildiyinə görə, Kabildəki rejimlə diplomatik əlaqələri bərpa etmək istəyən dövlətlərin sayı çox olmadı. Birincilər sırasında Çin oldu. Pekin Talibanla əməkdaşlığa başladı, diplomatik əlaqələr qurdu. Çinin Talibanla əməkdaşlığının iki məqsədi var idi. Birincisi, Çin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyirdi. İkincisi, Pekin Əfqanıstan ərazisində silahlı uyğurların varlığını Çin üçün təhlükə kimi qiymətləndirirdi. Pekin Talibanla əməkdaşlığın və Əfqanıstana yatırımların qarşılığında silahlı uyğurların Çin sərhəddindən uzaq tutulmasını tələb edirdi. Taliban Pekinin bu şərtini qəbul edərək silahlı uyğurların Çinə təhlükə yaratmasının qarşısını aldı. Ancaq Əfqanıstan dağlıq və müxtəlif milli qrupların yaşadığı ölkədir. Taliban böyük şəhərlərə hakim olsa da, Əfqanıstanın tamamına nəzarət etmək imkanına malik deyil. Talibanla Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər məhz bu amillə qaynaqlanır. Vaxtilə Talibanın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq Taliban gücləndikdən və Əfqanıstanda əsas gücə çevrildikdən sonra Pakistanla münasibətlər gərginləşdi. Çünki, Əfqanıstan ərazisində Pakistana hücum edən silahlı qruplar mövcuddur. Taliban həmin qruplara nəzarət edə bilmir. Həmin qruplar Pakistan ərazisinə silahlı hücumlar təşkil etdikdə, Pakistanın ordu komandanlığı Əfqanıstana zərbələr endirirlər. Buna cavab olaraq da Taliban hərəkatı Pakistan ərazisinə zərbələr endirirlər. Nəticədə, hər iki tərəfdən mülki insanlar arasında itkilərin sayı artır.

Bu arada, Taliban ABŞ-la diplomatik əlaqələr qurmaq və ABŞ-ın Kabildə səfirliyinin bərpasını istəyir. Vaşinqton buna hazır deyil. Taliban ABŞ Prezidenti Donald Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq, Əfqanıstan ərazisində birgə istehsal qurmağı təklif edib. Ancaq Tramp başqa ölkələrdə gəlir əldə etməyə çalışsa da, bunu Talibanla etməyə hazır deyil. Vaxtilə Türkiyə də Əfqanlstana yatırım qoymağa, hətta Kabilin hava limanını bərpa etməyə hazır olduğunu bildirmişdi. Ancaq bu baş tutmadı. Çünki, Talibanın Əfqanıstanda tətbiq etdiyi qadağalar bir çox ölkəni bu qruplaşma ilə əməkdaşlıqdan çəkindirir. Misal üçün Talibanın qadağaları səbəbindən Əfqanıstanda milyonlarla gənc qız orta və ail təhsil almaqdan məhrum olub.

Sağlamlıq ön plandadır

Qlobal Cənubdakı milyardlarla insan üçün əsas məqsəd xəstələri maliyyə çətinliklərinə salmadan əlçatan, əlverişli və dayanıqlı səhiyyə xidmətidir. BRICS bu problemləri bir gecədə həll edə bilməz, lakin müxtəlif təcrübə və resurslarını birləşdirmək universal səhiyyə əhatə dairəsi üçün daha güclü bir təməl və gələcək qlobal səhiyyə böhranlarına daha sürətli cavab verə bilər.

Bəyannamədə ruhi sağlamlıq, vərəmə nəzarət, pandemiyaya hazırlıq, ənənəvi tibb və nüvə tibb daxil olmaqla doqquz prioritet sahə müəyyən edilmişdir. Orada ölkələrin bilik, texnologiya və təcrübə paylaşmaqla səhiyyə sistemlərini gücləndirə biləcəkləri vurğulanır. Səhiyyə problemləri getdikcə daha çox sərhədləri aşır, pandemiyalardan və xroniki xəstəliklərdən ruhi sağlamlıq narahatlıqlarına və müalicəyə qeyri-bərabər çıxışa qədər.

Bu fonda BRICS ölkələri Qlobal Cənubda daha güclü əməkdaşlıq, ortaq təcrübə və daha dayanıqlı səhiyyə sistemləri axtarırlar. Öhdəlik 22-24 iyul tarixlərində Hindistanın Çandiqarh şəhərində keçirilən 16-cı BRICS Səhiyyə Nazirləri Görüşündə gücləndirilmişdir. 70-dən çox nümayəndə və tərəfdaş təşkilat daha dərin səhiyyə əməkdaşlığını və universal səhiyyə əhatə dairəsi (UHC) istiqamətində səylərin yenilənməsini nəzərdə tutan bəyannaməni təsdiqlədi.

Bəyannamədə ruhi sağlamlıq, vərəmə nəzarət, pandemiyaya hazırlıq, ənənəvi tibb və nüvə tibb daxil olmaqla doqquz prioritet sahə müəyyən edilmişdir. Orada ölkələrin bilik, texnologiya və təcrübə mübadiləsi aparmaqla səhiyyə sistemlərini gücləndirə biləcəyi vurğulanır. Hindistanın Səhiyyə və Ailə Rifahı naziri Caqat Prakaş Nadda ictimai səhiyyə sistemlərini gücləndirmək, rəqəmsal səhiyyəni sürətləndirmək və tibbi xidmətlərə çıxışı genişləndirmək üçün daha geniş kollektiv fəaliyyətə çağırdı. Hindistan həmçinin səhiyyə sahəsindəki nailiyyətlərini, xüsusən də dünyanın ən böyük dövlət tərəfindən maliyyələşdirilən tibbi sığorta proqramlarından biri olan Ayuşman Bharatı vurğuladı. O, uyğun benefisiarlara ürək cərrahiyyəsi, neyrocərrahiyyə, xərçəng müalicəsi və orqan transplantasiyası da daxil olmaqla qabaqcıl müalicələrə çıxış imkanı verir. Milli Kənd Sağlamlığı Missiyası və hökumət tərəfindən dəstəklənən sığorta proqramları da daxil olmaqla digər Hindistan təşəbbüsləri iqtisadi cəhətdən əlverişsiz icmalar üçün ilkin səhiyyə və xəstəxana xidmətlərinin genişləndirilməsinə kömək etmişdir.

BRICS üzvləri fərqli səhiyyə modelləri və təcrübələri gətirirlər. Braziliya Vahid Səhiyyə Sistemi sakinlərə və qonaqlara pulsuz səhiyyə xidməti göstərir. Rusiya geniş ictimai şəbəkə tərəfindən dəstəklənən dövlət tərəfindən dəstəklənən icbari tibbi sığorta sistemini idarə edir. Çin hökumət tərəfindən dəstəklənən sığorta sxemləri vasitəsilə demək olar ki, universal əsas tibbi sığortaya nail olub. Cənubi  Afrika Respublikası öz Milli Tibbi Sığorta sistemini həyata keçirir, baxmayaraq ki, tətbiq maliyyələşdirmə məhdudiyyətləri, səhiyyə işçilərinin çatışmazlığı, infrastruktur boşluqları, hüquqi mübahisələr və özəl səhiyyə sektorunun bəzi hissələrinin narahatlıqları kimi çətinliklərlə üzləşir.

BRICS təcrübəsi göstərir ki, universal səhiyyəyə nail olmaq siyasət elanlarından daha çox şey tələb edir. Bu, davamlı siyasi öhdəliklərdən, investisiyalardan, bacarıqlı səhiyyə mütəxəssislərindən, müasir infrastrukturdan və xidmət göstərilməyən icmalara çata bilən effektiv sistemlərdən asılıdır. Yeni bəyannamədə rəqəmsal səhiyyə, tibbi tədqiqatlar, xəstəliklərə nəzarət, ənənəvi tibb və pandemiyaya hazırlıq xüsusi vurğulanır. Teletibb, səhiyyə məlumatları və rəqəmsal qeydlər kimi sahələrdə əməkdaşlıq səhiyyə xidmətlərinin daha səmərəli olmasını təmin edərkən əlçatanlığı artıra bilər.

COVID-19-un qlobal təcrübəsindən sonra pandemiyaya hazırlıq əsas prioritet olaraq qalır, vərəm və ruhi sağlamlıq sahəsində əməkdaşlıq isə həm uzunmüddətli, həm də yeni yaranan səhiyyə problemlərini həll etmək ehtiyacını əks etdirir. Dünya Bankı qeyd edib ki, səhiyyə sistemində islahatlar ilkin Brics ölkələrinin siyasət gündəliyində önəmli yer tutsa da, səhiyyə xərcləri nisbətən azdır. Qlobal Cənubda milyardlarla insan üçün əsas məqsəd xəstələri maliyyə çətinliklərinə sürükləmədən əlçatan, əlverişli və davamlı səhiyyə xidmətidir. BRICS bu problemləri bir gecədə həll edə bilməz, lakin müxtəlif təcrübə və resurslarını birləşdirmək universal səhiyyə əhatə dairəsi üçün daha güclü təməl və gələcək qlobal səhiyyə böhranlarına daha sürətli cavab verə bilər.

Rusiya yeni layihəyə ümidlidir

Rusiya Hindistana dəmiryolu çəkmək istəyir. Rusiya baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Bosfor və Hörmüz boğazındakı riskləri azaltmaq üçün Hind okeanına dəmir yolu çəkilə biləcəyini söyləyib. Rusiyalı rəsminin sözlərinə görə, boğazlardan istifadə çətinləşdikcə, Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən dəmiryolları çəkilə bilər.

Marat Xusnullin Hind okeanına dəmiryol ideyası yeni deyil. Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə Rusiya imperiyasının Şərq ticarətinə birbaşa çıxışını təmin etmək məqsədilə planlar qururdu. Birtaniya imperiyası dənizlərə hakim idisə, Rusiya imperiya Hind okeanına qədər uzanan quru yollarına hakim olmaq istəyirdi. Rusiya bir daha bu təklifə Birinci Dünya Müharibəsinin astanasında qayıdır. Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrtununu Hindistana qədər uzanması ideyası müzakirə olunurdu. Ancaq mövcud regional risklər və Birinci Dünya müharibəsi layihənin reallaşmasına əngəl oldu.

Göründüyü kimi, üstündən 100 ildən çox vaxt keçdikdən sonra Rusiya Hind okeanına quru yolla çatmanın layihəsini yenidən müzakirəyə çıxarıb. Dəmiryolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana uzanması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına altenativ hesab edir.

Bu ideyanın reallaşması çətin görünür. Çünki, Avrasiya bölgəsində 100 il əvvəlki qeyri-sabitlik bu gün də mövcuddur. Digər tərəfdən Rusiyanın Sankt-Peterburq şəhərində Hindistanın Mumbay şəhərinə qədər olan məsafə 7 min kilometrdən çoxdur. Dəmiryolu müxtəlif ölkələrdən keçməlidir.

Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var. Birincisi, Rusiya Ukrayna müharibəsinə görə Avropa bazarını itirib. Rusiya Avropa ölkələrinə neft və qaz sata bilmir. Bu səbəbdən Rusiya diqqətini Asiya bazarına yönəldib. İkincisi, Rusiya Ukrayna müharibəsi fonunda raket zərbələrinə tuş gəlib. Rusiyanın yanacağa böyük ehtiyacı var. İkincisi, Rusiya hazırda Hindistana satdığı neftin qarşılığında bu ölkədən yanacaq alır. Ancaq Hindistandan dəniz yoluyla Rusiyaya çatdırılan yanacaq baha başa gəlir. Ona görə də Rusiya Hindistandan aldığı yanacağı quru yolla əldə etmək istəyir.

Rusiya Ukrayna müharibəsinə qədər Hindistana cəmi 3 faiz neft ixrac edirdi. Hazırda Rusiyanın Hindistanın neft idxalındakı payı iyul ayında rekord səviyyəyə yüksəlib. Rusiya nefti iyul ayında Hindistanın ümumi neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir. indistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistan neft emalı zavodları ABŞ-ın sanksiya təhdid qarşılığında bu ilin əvvəlində Rusiyadan neft alışını azaltmışdı. Ancaq fevralın sonlarında ABŞ-İran müharibəsinin başlaması səbəbindən Yaxın Şərqdən tədarükün pozulması səbəbindən Hindistan Rusiyadan neft idxalını yenidən artırdı. Hindistanın bütün ölkələrdən ümumi xam neft idxalı gündə təxminən 5 milyon barel təşkil edir, Rusiyadan isə idxalı gündə təxminən 2,5-2,8 milyon barel civarındadır. Odur ki, dəmiryolu ideyası Hindistanın da maraqlarına cavab verir. Ancaq dəmiryolunun tikintisi üçün bölgədə sabitlik bərqərar olmalı və bölgə ölkələri arasındakı mübahisələr həllini tapmalıdır.

Tayvan hədəfdədir

Çin lideri Si Cinpinin sentyabrın son həftəsində ABŞ-a səfəri planlaşdırılıb. Hər ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambelyasının sessiyası keçirilir. Bu sessiyada müxtəlif dövlətlərin liderləri çıxış edərək, aktual mövzular barədə fikirlərini geniş auditoriyaya çatdırırlar. Ancaq Si Cinpin ABŞ-da yalnız bu ölkənin Prezidenti Donald Trampla görüşəcək. Si Cinpinin Amerikada olmuşkən, BMT Baş Assambleyada çıxış etmək planı yoxdur.

Si Cinpin Ağ Evdə Trampla görüşdə süni intellekt, İran və Hörmüz boğazındakı vəziyyət və ən əsası Tayvanı müzakirə etmək istəyir. Sonuncu mövzu Si Cinpin üçün xüsusi əhəmiyyət daşıyır. Donald Tramp may ayında Çinə səfər etdikdə ABŞ Prezidenti Tayvan mövzusunun müzakirəsinə maraq göstərməmişdi. Halbuki, bu mövzu Si Cinpin üçün digər mövzuların fövqündə dayanır.

Si Cinpin hakimiyyətdə olduğu illərdə iki hədəfinə çatıb. Birincisi, Çin son illərdə iqtisadi gücünü artırıb. Çin süni intellekt və nadir torpaq elementlərinin istehsalında ABŞ-la rəqabət aparacaq gücdədir. İkincisi, Si Cinpin hakimiyyətdə olduğu illərdə Çinin hərbi gücünü də artırıb. Çin son illərdə həm nüvə arsenalını artırıb, həm də hərbi dəniz qüvvələri Sakit Okeanda əsas güclərdən birinə çevrilib. Bu isə ABŞ-la yanaşı Çinə qonşu olan ölkələri, o cümlədən Yaponiyanı ciddi narahat edir. Çünki, Çin hərbi dəniz qüvvələrini gücləndirməklə yanaşı Sakit Okeanda və Yaponiyaya yaxın sularda hərbi təlimlərin sayını artırıb. Si Cinpinin üçüncü hədəfi Tayvanı Çinə birləşdirməkdir. Bu isə reallaması çətin məsələdir.

Buna baxmayaraq, Si Cinpin hakimiyyətdə olduğu müddətdə bu hədəfinə də çatmağa çalışır. O son çıxışında Tayvanın yenidən Çinə qatıldıqdan sonra ölkənin tam inkişaf edəcəyini və bunun bütün Çin xalqına rifah gətirəcəyini bildirib. ABŞ Tayvanı Çinin tərkib hissəsi kimi tanıyır, ancaq adanın güc yoluyla nəzarətə götürülməsinin əleyhinədir. Əgər Çin Tayvana qoşun yeridərsə ABŞ buna müşahidəçi qalmayacaq. ABŞ Çini durdurmaq üçün müdaxilə etmək məcburiyyətində qalacaq. Bu səbəbdən ABŞ Tayvana müasir hərbi texnika satır. Tayvanın özü də son bir neçə ilə hərbi texnika istehsalını genişləndirib. Görünür, Tayvan Si Cinpinin ada barədəki açıqlamalarının boş sözlər olmadığını anlayır. Çin liderinin “möhkəm döyüş ruhu və müstəsna qabiliyyətlərimizlə, istər coşğun dənizlər, istərsə də şiddətli fırtınalar olsun, böyük çətinliklərlə fəal şəkildə mübarizə aparacağıq” cümləsi də bundan xəbər verir.

Buna baxmayaraq, Si Cinpin müharibə ehtimalının Çin üçün yaradacaq risklərini də hesablamaq məcburiyyətindədir. Müharibə Çinə qarşı yeni iffifaqlar formalaşdırmaqla yanaşı, iqtisadi inkişafına ciddi zərər vuracaq. “Milli suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə etməli və bununla da sürətli iqtisadi inkişaf və uzunmüddətli sosial sabitliyin iki böyük möcüzəsində yeni bir fəsil yazmalıyıq” deyən Si Cinpin Tayvanla yanaşı ölkəsinin müharibənin inkişafa vura biləcəyi zərəri də hesablamalıdır.

Konqresmenlər Ağ Evin yeni layihəni dəstəkləməsini istəyirlər

İsrail, Yunanıstan və Kipr (Yunan) Respbulikası aralarındakı ittifaqı gücləndirir, müxtəlif ortaq layihələr reallaşdırmağa çalışırlar. Məlumdur ki, ABŞ-da yəhudi və yunan lobbiləri güclüdür və onlar Konqresə təsir edərək adı çəkilən ölkələr arasındakı ittifaqın dəstəklənməsini təmin etməyə çalışırlar. Hazırda 3 ölkə arasında elektrik şəbəkələrini birləşdirən “Great Sea Interconnector” (GSI) layihəsi mövcuddur. ABŞ qanunvericiləri layihəni elektrik bağlantısı kimi görürlər. Onlar bunu regional dayanıqlığı gücləndirə və Avropa, Yaxın Şərq və Hindistan arasında daha sıx iqtisadi əlaqələri dəstəkləyə biləcək daha geniş strateji şəbəkənin bir hissəsi kimi təqdim edirlər.

Mövcud layihənin dəstəklənməsi təşəbbüsünə İllinoys ştatından konqresmen Bred Şnayder və Florida ştatından olan konqresmen Qas Bilirakis rəhbərlik edib. Onların rəhbərliyi altında bir qrup amerikalı konqresmen Vaşinqtonun həmin layihəni dəstəkləməsini istəyiblər. Konqresmenlərin çağırışı ilk növbədə dövlət katibi Marko Rubioya və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının İcraçı direktoru Ben Blekə ünvanlanıb. Çağırışı imzalayan konqresmenlər hesab edirlər ki, layihə ABŞ-ın maraqlarına cavab verir. Konqresmenlər Vaşinqtonun bu layihəni dəstəkləməsiylə ABŞ-nin Şərqi Aralıq dənizindəki maraqlarının güclənəcəyini iddia ediblər. Konqresmenlər ayrıca, məktubda Hindistandan başlanan Yaxın Şərqi və Avropanı əhatə edən dəhlizin (IMEC) ABŞ strateji maraqlarına cavab verdiyini vurğulayıblar. Konqresmenlərin məktubunda bu layihə bölgədə sabitliyə və rifaha xidmət edəcəyi bildirilib. Onlar hesab edirlər ki, “Great Sea Interconnector” şəbəkəsi IMEC layihəsinin reallaşmasında əsas rol oynayacaq. Konqresmenlər layihəyə dəstəyin vacibliyini belə əsaslandırıblar ki, elektrik şəbəkəsi Kirp (Yunan) Respbulikasının Avropanın elektrik sisteminə qoşulmasına şərait yaradacaq, İsrailin elektrik təchizatı təhlükəsizliyini gücləndirəcək və Avropa ilə Şərqi Aralıq dənizi arasında etibarlı, təmiz və ikitərəfli elektrik axını üçün platforma yaradacaq. Layihəyə Fransa da dəstək verib. Fransa şirkətləri layihənin reallaşmasına maraq göstərir, yatırım imkanlarını öyrənirlər.

Konqresmenlərin məktubunda maraqlı məqam da var. Onlar Tramp administrasiyasından layihənin tamamlanmasına təsir göstərə biləcək geosiyasi çətinliklər barədə məxfi məlumat tələb ediblər. Bu o deməkdir ki, konqresmenlər layihənin reallaşmasına mane olan geosiyasi amillərin varlığını qəbul edirlər. Bölgə ölkələrinin bir qrupu IMEC layihəsinə müsbət yanaşmır. Digər tərəfdən Yaxın Şərqdəki mövcud gərginlik layihənin reallaşması yolunda ən böyük əngəldir.

Yaponıya tərəfdaşlarıyla əməkdaşlığı genişləndirib

Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfəri Yaponiyanın siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Kuril adalarının Yaponiyaya məxsusluğunu vurğulayan Tokio Rusiya Prezidentinin səfərini təxribatçı addım kimi qiymətləndirib. Putin bu səfərdən sonra Yaponiya sahillərinə yaxın sularda Çinlə birgə hərbi təlimlərin sayını artıra da bilər.

Beləliklə, Yaponiya Rusiya və Çinin timsalında iki rəbibiylə üz-üzədir. Tokio bu səbəbdən tərəfdaşlarıyla ikili və çoxtərəfli tərəfdaşlığı gücləndirmək məcburiyyətindədir. Tokio bu tərəfdaşlıqda əsasın iki dövlətə – ABŞ və Hindistana üstünlük verir. ABŞ Yaponiyanın İkinci Dünya müharibəsindən sonra əsas müttəfiqidir. Vaşinqton bölgədə Çinin artan hərbi gücünü müşahidə etdiyinə görə, uzun illərdən sonra Yaponiyaya hərbi gücünü artırmağa icazə verib.

Yaponiya Hindistanla da tərəfdaşlığa diqqətini artırıb. Hindistanın Baş naziri Narendra Modinin 2025-ci ilin avqust ayında keçirilən 15-ci Hindistan-Yaponiya İllik Zirvə Görüşü üçün Tokioya səfərindən sonra iki ölkə arasında tərəfdaşlıq genişlənib. Yaponiyanın Baş nazir Sanae Takaiçinin Hindistana builki səfərinin əsas məqsədi ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək və bir neçə əsas ticarət və investisiya müqaviləsini yekunlaşdırmaq idi. Zirvə Görüşü Hindistan-Yaponiya tərəfdaşlığının üç prioritet sütununu bir daha təsdiqləyib. Birincisi, iki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı genişlənəcək. İkincisi, iqtisadi təhlükəsizlik, enerji dayanıqlığı, texnologiya və innovasiya daxil olmaqla iqtisadi tərəfdaşlıq artacaq. Üçüncüsü, insanlar arasında mübadilənin artımına çalışılacaq.

Zirvə Görüşü zamanı Hindistan və Yaponiya ikitərəfli iqtisadi əməkdaşlığı və ümumi Xüsusi Strateji və Qlobal Tərəfdaşlığı gücləndirməyə yönəlmiş bir neçə müqavilə imzaladılar. Təkcə son bir ildə iki ölkə arasında 120-dən çox anlaşma memorandumu imzalanıb. Bu sammitdə Yaponiya həmçinin biznes, bağlantı, infrastrukturun inkişafı, elm və texnologiya əməkdaşlığı, süni intellekt və innovasiya da daxil olmaqla bir çox sektora 1 trilyon rupi (10,5 milyard ABŞ dollarına bərabər, 2026-cı ilin avqust ayının əvvəlində hər dollar üçün 95,2 rupi hesablanaraq) investisiya qoymaq planlarını açıqlayıb. Bundan əlavə, hər iki ölkə müdafiə, enerji, elm və texnologiya və infrastruktur sektorlarında, o cümlədən UNICORN müdafiə layihəsi, JIMEX dəniz təlimləri, dəniz ərazisi haqqında məlumatlılıq və Şimal-Şərqi Hindistanda bağlantı layihələri üzrə irəliləyişlər barədə razılığa gəldilər.

İkitərəfli razılaşmalardan əlavə, bu sammit, ABŞ-Çin münasibətləri və strateji rəqabət, Hind-Sakit Okean regionunun regional təhlükəsizlik problemləri və digər qlobal geosiyasi dinamikaların dəyişməsini nəzərə alaraq daha vacib bir neçə sual doğurub. Pekində 2026-cı ilin may ayında keçirilən ABŞ-Çin ikitərəfli sammitindən təxminən bir ay sonra Vaşinqton səssizcə ABŞ Sakit Okean Komandanlığının (USPACOM) təyinatını bərpa edərək 2018-ci ildən əvvəlki ada qayıtdı. Bu, əhəmiyyətli bir siqnal idi. Hind-Sakit Okean çərçivəsi və geosiyasi anlayışı uzun müddətdir ki, Çini mühasirəyə almaq üçün hazırlanmış strateji bir quruluş kimi görən Pekin tərəfindən qarşı çıxılır. ABŞ-ın bu etiketdən geri çəkilmək qərarı Hind-Sakit Okean anlayışını müdafiə mövqeyinə keçirdi və Vaşinqtonun çərçivəyə uzunmüddətli sadiqliyi ilə bağlı narahatedici suallar doğurdu. Bundan əlavə, ABŞ-ın müttəfiqlərinin, xüsusən də Yaponiyanın Vaşinqtonun Hind-Sakit Okean və Dördlüyün gələcəyi ilə bağlı mövqeyinə necə reaksiya verəcəyi digər vacib bir sualdır.

Bu sual hazırda xüsusilə aktualdır. Hindistan və Yaponiya Hind-Sakit okean konsepsiyasının ilkin memarları olublar, xüsusən də Yaponiyanın Baş naziri Şinzo Abe 2007-ci ildə Hindistan Parlamentində tarixi “İki dənizin qovuşması” çıxışında bir bölgənin (ya Sakit okean, ya da Hind okeanı bölgəsi) təhlükəsizlik problemlərinin dəniz ticarət yollarının bir-biri ilə əlaqəli olması səbəbindən regionun digər hissəsinə təsir etdiyini iddia edərkən. Hind-Sakit okean konsepsiyası Hindistan-Yaponiya strateji yaxınlaşmasından yaranıb və təsadüfi deyil ki, onun gələcəyi bu iki ölkənin onu necə qoruyub saxlamağı, uyğunlaşmağı və müdafiə etməyi seçməsindən əhəmiyyətli dərəcədə asılıdır.

Bu baxımdan, 16-cı Hindistan-Yaponiya illik sammitində, son 10 ildə Hind-Sakit okean narrativinə həddindən artıq vurğu və diqqət yetirilməsindən fərqli olaraq, hər iki hökumət və xüsusilə media tərəfindən Hind-Sakit okean narrativinə nisbətən daha az diqqət yetirildi.

Bölgədə QUAD birliyi (ABŞ, Hindistan, Yaponiya və Avstraliya)  də mövcuddur.  Bu birliyin gələcəkdə tam funksional olub-olmayacağı hələ ki, məlum deyil. Hindistan və Yaponiya daha geniş qlobal məsələləri və Hind-Sakit okean bölgəsinin dəyişən geosiyasi dinamikasını, xüsusən də təchizat zəncirinin dayanıqlığı ilə bağlı narahatlıqları var. Tokio və Yeni Dehli Cənubi Çin və Şərqi Çin dənizlərində dəniz təhlükəsizliyi problemlərini; enerji təhlükəsizliyini; Şimal-Şərqi Hindistanda əlaqəni və onun daha geniş Hind-Sakit okean bölgəsi ilə əlaqələrini müzakirə edirlər və hər iki ölkənin lideri əsas strateji prioritet olan bu sahələrdə QUAD çərçivəsinin gücləndirilməsinin vacibliyini təkrarlayıblar. ABŞ, Avstraliya, Yaponiya və Hindistan da daxil olmaqla, dörd ölkə Hind-Sakit okean regionunda ortaq təhlükəsizlik problemlərinin həlli və ortaq strateji prioritetlərin irəlilədilməsi üçün vacib platforma kimi görməyə davam edir. Dördlüyün ən vacib oyunçularından biri ABŞ-dır. ABŞ-ın Sakit Okean Komandanlığının nomenklaturasını bərpa etməsi siyasətin dəyişməsi kimi görünür. Bu siyasətin dəyişməsinin Çinin maraqlarının həqiqi şəkildə uyğunlaşdırılması, yoxsa sadəcə ABŞ-ın Sakit Okeanda taktiki strateji yenidən yerləşdirilməsi kimi şərh edilməli olduğunu qarşıdakı illərdə görmək lazımdır.

Vaşinqtonun planını rədd edən Netanyahu çıxış yolu axtarır

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ın Qəzzada münaqişənin nizamlanması ilə bağlı sülh planını rədd etməsi onunla Ağ Ev sahibi Donald Tramp arasında münasibətlərdə gərginlik yaradıb. Netahyahu Vaşinqtonun planını o halda icra etməyə hazırdır ki, HƏMAS tamamilə tərksilah olunsun. Netanyahu bu baş verməyənə qədər İsrail hərbçilərinin anklavdan çıxmayacağını bəyan edib. Netanyahunun bu israrı Vaşonqtonu çətin vəziyyətə salıb. Tramp administrasiyası 15 bənddən ibarət sülh planını hazırlanmasına xeyli vaxt sərf edib və İsrailin sənədi rədd etməsi Vaşinqtonun əziyyətinin üstündığən xətt çəkməsi anlamına gəlir. Hazırda İsrail və ABŞ rəsmiləri ilə danışıqlar davam edir. Buna baxmayaraq, Netahyahu mövqeyinin qəti olduğunu və heç bir halda Fələstin dövləti ideyasını qəbul etməyəcəyini bildirib.

Benyamin Netanyahunu Vaşinqtonun planını rədd etməsi onu çətin vəziyyətə salıb. ABŞ İsrailin əsas strateji müttəfiqidir və Vaşinqtonun narazılığı İsrail üçün çətin geosiyasi vəziyyət yarada bilər. Misal üçün İsrail Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqının elanını özü üçün təhdid kimi qəbul edib. Həqiqətən, bu üç dövlət İsrailini siyasətini qəbul etməyərək Fələstin dövlətinin formalaşdırılmasını dəstəkləyirlər. Vaşinqton üçlü ittifaqın formalaşdırılmasına reaksiya bildirmədi. ABŞ-ın üçlü ittifaqda yer alan hər dövlətlə əməkdaşlığı mövcuddur. Vaşinqtonda hesab edirlər ki, üçlü ittifaq ABŞ-ın bölgədəki əsas düşməni İranı ram etməyə çalışacaq. Ancaq üçlü ittifaq İranla yanaşı İsrailin siyasətini də qəbul etmir. Bunu üçlü ittifaq elan edildikdən sonra Pakistan rəsmiləri açıq etiraf ediblər. Pakistanın müdafiə naziri müsəlman ölkələri üçlü ittifaqa daxil olmağa və İsrailə qarşı mübarizəni gücləndirməyə çağırıb.

İsrail bu mürəkkəb vəziyyətdə azsaylı tərəfdaşlarla dialoqu genişləndirməyə çalışır. İsrailin baş naziri Benyamin Netanyahunun bir müddət əvvəl Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı buna sübutdur. Telefon danışığı zamanı Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı müzakirə edilib. Modi bildirib ki, telefon danışığı zamanı iki ölkə arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif aspektlərinin inkişafının müzakirəsiylə yanaşı Yaxın Şərqdəki cari vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Maraqlıdır ki, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqının elanı Netanyahunun Modi ilə telefon danışığı gününə təsadüf edib.

Regional müharibələr yeni ittifaqlar formalaşdırıb

Regional müharibələr regional ittifaqların yaranmasına səbəb olub. Misal üçün Rusiya – Ukrayna müharibəsi Minsk Moskva ilə yanaşı Pekinlə də ittifaqı gücləndirməyə qərar verib. Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu söylədi. Bunun nəticəsi olaraq Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır.

Oxşar durum Yaxşın Şərqdə yaranıb. Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir. Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıblar. Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Yeni Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini azaltmayıb. ABŞ-da dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balnslaşdırıcı ölkə kimi dəyərləndirirlər.

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı yenicə formalaşıb. Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil. Ər-Riyad Misirin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır.

Digər istiqamətdə ABŞ – İsrail – Birləşmiş Ərəb Əmirlikləri – Hindistan ittifaqı formalaşıb. Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır. Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəli əlaqələri gücləndirmək siyasəti həyata keçirir. Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir. İsraillə Hindistan arasında əməkdaşlıq hərbi müstəvini aşaraq kəşfiyyat paylaşımı, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi, süni intellekt, kosmik texnologiya, səhiyyə innovasiyası və startap ekosistemlərinə qədər genişlənib. Hindistan İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır, İsrail şirkətləri isə getdikcə Hindistanın texnologiya sektorunu sadəcə başqa bir ixrac bazarı deyil, birgə inkişaf platforması kimi görürlər. Dehlinin İsraillə səx əməkdaşlığa baxmayaraq, Yeni Dehli Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də tərəfdaşlığını gücləndirib. Yeni Dehlinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanını Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə cəlb etməkdir. Ər-Riyad layihədə İsrailin iştirakına görə qərar verməyə tələsmir. Çünki, İsrail bu arxitekturada mühüm mövqe tutur. Onun Aralıq dənizi limanları Körfəz ticarətini Avropa bazarları ilə birləşdirən qapılar olmaq potensialına malikdir və bu da İsrailin Asiya, Yaxın Şərq və Avropanı birləşdirən logistika mərkəzi kimi rolunu gücləndirir. Səudiyyə Ərəbistanın bu layihəyə qoşulması üçün İsrailin Fələstin probleminə mövqeyi dəyişməlidir.

Alternativ marşrutlar nəyə görə əhəmiyyətlidir?

Hörmüz boğazıyla bağlı gərginlik azalmır. İran boğazın girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır. Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bu bölgədən neft və sıxılmış qaz nəql edən ölkələrlə yanaşı İranın özünə də ciddi problem yaradıb. Çünki, ABŞ İran sahillərinə yaxlnlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürüb. İranın əsas gəlir mənbəyi neftin ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır.

Bu arada, Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər. Qərb ekspertləri tarixi misallara müraciət edirlər. Misal üçün Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra yaponlarla döyüşən  müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkilişi reallaşdı. Bu yol konsepsiyanın ideya müəllifi olan ABŞ generalı Cozef Stilvellin şərəfinə Stilvel Yolu adlandırıldı. Digər misal Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyşlə bağlı gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu İran neftini Avropaya daşımaq istəyən İsrail və İran arasında əməkdaşlıq layihəsi idi. İranda İslam inqilabından sonra İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildəki xəbərlərdə boru kəmərinin Birləşmiş Ərəb Əmirliklərinin neftini daşıya biləcəyi irəli sürülürdü. 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni bir limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir göstərəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi. Səudiyyə Ərəbistanın təklifi reallşsaydı, bu gün İranın Hörmüz boğazıyla bağlı siyasəti nəticə verməyəcəkdi. Çünki, tankerlər Hörmüz boğazına daxil olmadan Oman limanında neft və sıxılmış qazı daşıyacaqdılar.

Yəməndəki silahl husilər Bab əl-Məndəb boğazında gəmiləri hədəf aldıqda, bir çox ticarət gəmisi Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan uzun bir yol qət etdilər. Bu yol uzun olsa da, hər halda alternativdir. Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə yaşıl işıq yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə əsrin müqaviləsini imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhen boru kəmərlərinin tikintisini də reallaşdırdı. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiyk limanınadan daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorosiyk limnaından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır.

Üçlü ittifaq İsrailə qarşıdırmı?

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl suallara cavab verərkən, İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə ittifaqının hədəfi olmadığını bildirib. Fidan sözügedən siyahıya İsrailin daxil olub-olmaması ilə bağlı suala isə “bizə təhdid yaratmayan ölkələr hədəf deyil” cavabını verib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə İsrail mövzusunda bir qədər fərqli açıqlama verib. O müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb. Nazir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan müdafiə sazişinin İslam dünyasının daha geniş əməkdaşlıq mexanizminin əsasını təşkil edə biləcəyini bildirib.

Pakistanın müdafiə naziri İsrail mövzusunu genişləndirərək bu ölkənin müsəlman ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etdiyini və dövlətləri bir-birinə qarşı qoymağa çalışdığını deyib. Onun sözlərinə görə, İslam dünyası ümumi təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etməlidir. O, İsrailin yaranmasını şübhə altına alaraq bu ölkənin 1940-cı illərdə qanunsuz dövlət kimi qurulan Balfur Bəyannaməsinin məhsulu olduğunu vurğulayıb. İsraili “xərçəng dövləti” adlandıran Asif, Fələstin məsələsinin birdəfəlik həll olunmayana qədər İslam dünyasının İsrailə qarşı birləşməsi vacibliyini bildirib. Bu mənada Xavaca Məhəmməd Asif Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqını İslam dünyasının birləşməsinin başlanğıcı kimi qiymətləndirib.

Pakistanın müdafiə nazirinin İslam ölkələrinin yalnız ümumi hərbi və coğrafi təhdidlərə qarşı mövqelərini koordinasiya etməsinin deyil, həm də ikitərəfli fikir ayrılıqlarının həllinə çalışmasının mümkün olduğunu bildirib. Pakistanın müdafiə naziri bu cümlə ilə İsrail məsələsində müsəlman ölkələri arasında fikir ayrılığının olduğunu etiraf edib. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri İranla qarşıdurma fonunda İsraillə hərbi əməkdaşlığı genişləndirib. Azərbaycan da hərbi və enerji sahəsində İsraillə əməkdaşlığını davam etdirir. Ona görə də İsraillə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq edən müsəlman ölkələrinin üçlü ittifaqa qoşulması problematikdir. Üçlü ittifaqa Misirin qoşulacağına dair xəbərlər yayılsa da, Qahirə də qərar verməyə tələsmir. Çünki, Misir bir sıra hallarda İsraillə Fələstin arasında vasitəçilik rolunu oynayır. ABŞ və Avropa İttifaqı Misirin bu rolunu yüksək qiymətləndirir. ABŞ və Avropa İttifaqı məhz bunun əsasında Misirə maliyyə ayırır, ortaq layihələr həyata keçirirlər.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1735759
azAZ