Kateqoriya: Hesabatlar

Pekin hansı təbliğat vasitələrindən istifadə edir?

Hazırda Avstraliyada yaşayan keçmiş çinli tarixi professoru Li Yuanhua Pekinin qlobal təbliğat səylərini “gülləsiz müharibə” kimi təsvir edib. Bu kampaniya tanklara və ya raketlərə arxalanmır. Əvəzində o, xaricdəki cəmiyyətlərə sızmaq, qavrayışları formalaşdırmaq və daxildə hakimiyyəti gücləndirmək üçün hekayələr, senzura və manipulyasiya tətbiq edir. Bu, sadəcə inandırmaq üçün deyil, nəzarət etmək üçün nəzərdə tutulmuş, həqiqətə qarşı ləng, amansız bir hücumdur.

Pekin özünü daxili narazılıqdan və beynəlxalq nəzarətdən qorumaq üçün təbliğatdan istifadə edib. Lakin Si Cinpin dövründə Çin Kommunist Partiyası təbliğatı transmilli silaha çevirərək, xarici medianı, elmi, texnologiyanı və hətta mədəniyyəti hədəfə alıb. Bu, qansız müharibədir, lakin nəticələri hər hansı silahlı münaqişə kimi sabitliyi pozur. Bu strategiya vasitəsilə Pekin qlobal normaları yenidən müəyyənləşdirməyə, insan haqları vəziyyətini açıq şəkildə tənqid etməyə və öz geosiyasi imkanlarını genişləndirməyə çalışır, eyni zamanda demokratik cəmiyyətlərdə məlumatın sərbəst axınını pozur.

Çin Kommunist Partiyasının təbliğat maşını Çinin sərhədləri ilə məhdudlaşmır. Li, ÇKP-nin media hücumları vasitəsilə həyata keçirdiyi transmilli repressiyasını “ideoloji sızma kampaniyası” kimi təsvir edib. Pekin müxtəlif istiqamətlərdə  göstərir, xarici cəmiyyətlərə dərin nüfuz edən təsir şəbəkəsi yaradır. “Sinhua” və digər dövlət mediası xaricdə fəaliyyətlərini genişləndirərək, jurnalistika adı altında müxtəlif dillərdə parlaq məzmun təklif edir. Bu nəşrlər özlərini qanuni xəbər təşkilatları kimi təqdim etsələr də, Kommunsit Partiyasının ruporları kimi fəaliyyət göstərirlər. Pekin təbliğatı gücləndirmək üçün məzmun sindikasiyası strategiyasından istifadə edir. Li qeyd edib ki, Kommunits Partiyası illər ərzində özünü Qərb media dairələrinə daxil etmək üçün sərf edib, tədricən xaricdəki jurnalistləri öz məqsədləri üçün cəlb etmək sənətinə yiyələnib. Ödənişli reklamlardan və müxtəlif rəylərdən istifadə etməklə yanaşı, o, rejimin ailə bağları və ya istismar oluna biləcək zəifliklər kimi “təzyiq nöqtələrini” araşdıraraq, jurnalistlərin şəxsi məlumatlarını da topladığını söyləyib. Linin sözlərinə görə, narahatedici bir tendensiya yaranır: Qərbdəki media peşəkarlarına Çində ciddi senzura altında qalan mövzular haqqında hekayələrə toxunmamaq tapşırığı verilir. Bununla onlar Pekinə beynəlxalq diskurs üzərində nəzarətini genişləndirməyə effektiv imkan verir. Son aylarda “The New York Times” Nyu-Yorkda yerləşən rəqs qrupu Falun Gong və Shen Yun Performing Arts-a hücum edən ondan çox məqalə dərc edib. Li əlavə edib ki, oxşar nümunələr digər ölkələrdə də müşahidə oluna bilər. Avstraliya və Yeni Zelandiyadakı media orqanları da Pekinin ritorikasını təkrarlayaraq Shen Yun-a qarşı təhqiramiz yazılar dərc ediblər. Afrika, Latın Amerikası və hətta Avropadakı yerli qəzetlər tez-tez Çin dövlət mediası tərəfindən hazırlanan xəbərlərə yer verir və təbliğatı neytral reportaj kimi kamuflyaj edir. Eyni zamanda, Pekin xaricdə “dost səslər” yetişdirir – akademiklər, biznes liderləri və onun danışıq nöqtələrini təkrarlamaq istəyən siyasətçilər. Bu vəkillər çox vaxt Çin bazarlarına çıxış, tədqiqat üçün maliyyə və ya dəbdəbəli konfranslara dəvətlərlə mükafatlandırılır. Məqsəd legitimliyin əks-sədası kamerası yaratmaqdır ki, Çinə simpatik baxışlar əlaqələndirilmiş manipulyasiyadan daha çox üzvi şəkildə yaranır. Dövlətlə əlaqəli hesablar Twitter, Facebook və YouTube-u tənqid edənlərə hücum edərkən Çinin idarəetmə modelini tərifləyən məzmunla dolur. 2019-cu ilin Honq-Konq etirazları zamanı Twitter (indiki X) Çin dövlət aktyorları ilə əlaqəli yüzlərlə hesabı müəyyən etdi, bunların hamısı nümayişçiləri “xarici qüvvələr” tərəfindən manipulyasiya edilən zorakı iğtişaşçılar kimi təsvir etmək üçün hazırlanmışdır. Çinin ByteDance şirkətinə məxsus TikTok başqa bir narahatedici ölçüdür. Şirkət müstəqil fəaliyyət göstərdiyini israr etsə də, məzmuna alqoritmik qərəzlilik barədə hesabatlar üzə çıxmağa davam edir. Pekinin Sincan və ya Tibetdə insan haqları pozuntularını tənqid edən videolar tez-tez izahat verilmədən yoxa çıxır, eyni zamanda Çinin nailiyyətlərini gücləndirən məzmun təbliğ olunur. Çinin təbliğat səyləri təkcə media və texnologiya ilə məhdudlaşmır. Universitetlər və mədəniyyət müəssisələri kritik döyüş meydanına çevrilib. Çin dili və mədəniyyətinin təbliği üçün nəzərdə tutulan mərkəzlər olan Konfutsi İnstitutları vasitəsilə Çin Kommunist Partiyası özünü bütün dünya universitetlərində yerləşdirib.

Pekinin həssas hesab etdiyi mövzulardan – Tibet, Tayvan, Honq Konq və Tiananmen Meydanı qırğınlarından qaçmaq üçün tez-tez ev sahibi təşkilatlara təzyiq göstərirlər. Pekinin xəttinə etiraz edən professor və tələbələr təzyiqlə üzləşirlər, universitetlər isə Çinin sui-istifadələrinin açıq müzakirəsinə icazə versələr, maliyyə vəsaitlərini itirmək riski ilə üzləşirlər. Hollivud da diqqət mərkəzindədir. Böyük studiyalar tez-tez Çin hakimiyyətinin tələblərinə uyğun olaraq ssenariləri dəyişdirərək özünü senzura edirlər. Çini tənqid edən səhnələr silinir, Çin mənşəli mətnlər yenidən yazılır və Tayvan və ya Tibetlə bağlı hər hansı istinadlar ekrandan silinir.

Rusiya daha bir tərəfdaş siyahısından çıxarılıb

Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.
Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir” – bu cümlə yeni milli təhlükəsizlik strategiyasında yer alıb. Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib. Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub.
Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb. Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib.

 

Dehli Kremlin siyasətindən narazıdır

,

Rusiya Qərbin sərt sanksiyaları fonunda müxtəlif dövlətlərlə ticarətdə dollardan imtina etməyə çalışır. Bu ölkələrdən biri də Hindistandır. Ancaq Rusiyanın Hindistanla ticarətində dollardan rupiyə keçidin risqləri var. Hindistan pulu dollara nisbətdə 10 faiz ucuzlaşıb. Rusiya Hindistana daha çox ixrac edir, bu ölkədən isə idxalı azdır. Bu o deməkdir ki, Rusiyaya daha çox rupiy daxil olacaq. Rusiya bu pulla nə edəcək? İki ölkə arasında ticarəti balanslaşdırmaq çətindir.
Buna baxmayaraq, Rusiyanın bankları Hindistan banklarında rupi ilə hesablar açıblar. Rusiya Hindistana neft satışını artırıb. Rusiya Qərb ölkələrinə neft sata bilmədiyinə görə Hindistana nefti aşağı qiymətə satır. Hindistan iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Hindistanın neftə ehtiyacı artıb. Hindistan Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanından, İraqdan və ABŞ-dan da neft alır. Rusiya Hindistana neft satışında bu ölkələri qabaqlamağa çalışır. Misal üçün bu ilin noyabr ayında Rusiyanın xarici ölkələrə satdığı neftin 40 faizi Hindistanın payına düşüb. Rusiya neftinin 15 faizi Türkiyəyə, 5 faizi Çinə satılıb.
Rusiyalı iqtisadi ekspertlər Hindistana daha çox neft satışının risqləri barədə fikirlər səsləndiriblər. Ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır. Rusiyanın Hindistana ixracı bu ölkədən idxalı 10 dəfə üstələyir. 2021-ci ildə Rusiya ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 13.5 milyard dollar olub. Bu il ticarət mübadiləsinin həcmi daha da artıb. Rusiya Hindistana daha çox neft satmaq üçün bu ölkə ilə birgə tanker istehsalı təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindli həmkarı Subramayan Djayşankarla Moskvada son görüşündə iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması vacibliyini bildirib. Moskva Dehli ilə hərbi-texniki sahədə də əməkdaşlığını genişləndirməyə çalışır.
Buna baxmayaraq, Dehli Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən narahatdır. Misal üçün bəzi xəbər agentliklərinin məlumatına görə Hindistanın baş naziri Nadendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşünü təxirə salıb. “Bloomberg” agentliyinin məlumatına görə, görüşün təxirə salınmasına səbəb Ukraynadakı müharibə ilə əlaqəlidir. Dehli rusiyalı rəsmilərin nüvə silahından istifadə barədə açıqlamalarından narazı qalıblar. Bu səbəbdən Rusiya-Hindistan sammiti baş tutmayıb.

 

Putinin məktubunda nələr var?

, ,

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri Dmitri Medvedev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Sinpinlə görüşüb. Medvedyev Rusiya prezidenti Vladimir Putinin məktubunu Si Sinpinə çatdırıb.
Si Sinpin Dmitri Medveyvevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi.
Medveyev Si Sinpinlə Pekində görüşərkən Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Volodimir Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq.
Medvedyevin Sinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Sinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir. Kreml belə vəziyyətdə dünyanın ən böyük barazı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır.
Əsas sual budur: Putinin Si Sinpinə göndərdiyi məktubda nələr var?
Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsi vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir.

 

Pandemiya müharibəyə əngəl deyil

, , ,

Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan kovidə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan kovidə yoluxub. Kovid paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki kovid ilkin ştamdan fərqlidir.
Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhəddində son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təimn edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresinin” özü Çinlə sıx əlaqələrə malik idi.
Hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb.
Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.
Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz kovidin geniş yayıldığı günlərə təsadüf etmişdi.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1924019
azAZ