Category: Analyses

Xəzər dənizi Qara dənizi əvəz edə bilərmi?

Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı yaranıb. Rusiya prezidenti Vladimir Putin “taxıl sazişinin” imzalanmasında əsas rol oynayan iki əsas vasitəçini – Birləşmiş Millətlər Təşkilatını və Türkiyəni pis vəziyyətdə qoyub. Putin bu mövzuda BMT baş katibi Antonio Quterreş və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla müzakirəni davam etdirmək istəmir.

Rusiyanın “taxıl sazişindən” çıxması Afrika ölkələrinə mənfi təsir edib. Ukrayna taxılı bu ölkələrin bir qisminə çatdırılırdı. Rusiya “taxıl sazişindən” çıxmaqla Ukraynaya öz taxılını müxtəlif ölkələrə, o cümlədən Afrika qitəsinə çatdırmasının qarşısını alıb. Rusiya taxılı daşımaq məqsədilə Ukrayna limanlarına yaxınlaşan gəmiləri hədəf götürüb. Rusiya bundan başqa taxılın toplandığı Ukrayna limanlarına zərbələr endirib.

Kreml eyni zamanda anlayır ki, Qara dəniz üzərindən taxılın daşınmasına yaratdığı əngəl Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir edir. Kreml sahibi Vladimir Putin münasibətlərin normallaşması məqsədilə Sankt-Peterburqda “Rusiya-Afrika” sammitinin keçirilməsinə qərar verdi. Toplantıya bir sıra Afrika ölkəsinin lideri qatıldı. Putin toplantıdakı çıxşında günahı həmişəki kimi Qərbin üzərinə atdı. Putinin məntiqinə görə, Rusiya taxılının Qara dəniz üzərindən Afrika ölkələrinə çatdırılmasını Qərb ölkələri əngəlləyirlər. Halbuki, Rusiya Ukraynanın Qara dəniz limanlarına zərbələr endirdiyinə görə bölgədə ümumilikdə gəmilərin hərəkəti məhdudlaşıb.

Putinin çıxışından o da aydın oldu ki, Rusiya Ukrayna taxılının bundan sonra da daşınmasına imkan verməyəcək. Kreml sahibi Afrika ölkələrinə yalnız Rusiya taxılını məsləhət görüb: “Ukrayna 47 milyon ton taxıl ixrac etdiyi halda Rusiyanın taxıl ixracı gücü 60 milyon tondur. Dünya taxıl bazarının 20 faizi Rusiyaya aiddir”. Putin bu rəqəmləri səsləndirməklə demək istəyib ki, guya Rusiya Afrika ölkələrini ac qoymayacaq, hətta lazım gələrsə, “taxıla və onun Afrika ölkələrinə çatdırılmasına görə pul da istəməyəcək”. Putinin sonuncu cümləsi tədbirə dəvət edilən Afrika ölkələrinin liderlərinə pis təsir edib. Onlar çıxışlarında pulsuz taxıl istəmədiklərini, sadəcə Ukrayna taxılının da ixracına şərait yaradılması vacibliyini bildirdilər. Sankt-Peterburq toplantısında iştirak edən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa daha sərt cümlə işlədib: “Biz buraya hədiyyələr istəməyə gəlməmişik”. Bununla “Rusiya-Afrika” sammiti nəticəsiz qalıb.

Rusiyanın “taxıl sazişindən” imtinası strateji tərəfdaşı olan Çinin də maraqlarına mənfi təsir edib. Çünki Çin Ukrayna taxılını alan ölkələrdən idi. Çin ucuz qiymətə Ukraynadan milyonlarla ton taxıl idxal edirdi. Rusiya Ukrayna limanlarını bombalayarkən, Çin üçün nəzərdə tutulmuş taxın anbarına da zərbə vurub. Bu səbəbdən Çinin yenidən xarici işlər naziri təyin olunan Van Yi ilk xarici səfərini Türkiyəyə edib. Onun Ankarada müzakirə etdiyi mövzular içərisində “taxıl sazişi” də olub. Türkiyə və Çin mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Ankara və Pekin Kremli ittiham etmək istəmirlər, ancaq Rusiyanın “taxıl sazişinə” qayıtması üçün diplomatik fəallqılarını artırmağı qərar veriblər. Ankara ilə Pekinin birgə fəallığı Türkiyədəki siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Türkiyədəki siyasi qüvvələr əvvəlkitək Çinin uyğurlara qarşı zülmünü tənqid edirlər. Buna baxmayaraq, “taxıl” mövzusu iki dövlətin maraqlarını yaxınlaşdırıb.

Rusiya öz taxılının müxtəlif ölkələrə çatdırılmasının alternativ yolları barədə düşünür. Bunlardan biri Volqa çayı və Xəzər dənizi üzərindən taxılın İrana çatdırılması, oradan isə Bəndər Abbas limanından məhsulun müxtəlif ölkələrə, o cümlədən Çinə çatdırılmasıdır. Bu planın reallaşması problematikdir. İranın özündə yol infrastrukturu böyük həcmdə Rusiya taxılının daşınmasına imkan vermir. Digər tərəfdən Çin Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qursa da, taxılı Ukraynadan almaq istəyir.

"Atlas" Research Center

 

Qətərin Ukraynada hansı maraqları var?

Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ukraynaya səfər edərək, bu ölkənin prezidenti Volodimir Zelenski ilə görüşüb. Nazir Qətər əmiri Şeyx Təmin bin Həməd Al Taninin salamını Zelenskiyə çatdırıb. Qətərli nazir ukraynalı həmkarı Dmitro Kuleba və baş nazir Denis Şmıqalla da görüşüb.

Qətər əmirinin nazirini müharibə gedən uzaq Ukraynaya göndərməkdə məqsədi nədir?

Qətər son illər bölgədə fəallığını artırıb. Qətər yaxın bölgələrdə baş verən münaqişələrin danışıqlar yolu ilə həllində maraqlıdır. Misal üçün Qətər Qərb ölkələri ilə sıx əməkdaşlıq etsə də, ABŞ-ın bu ölkədə hərbi bazası olsa da, Dohanın Tehranla da yaxşı münasibətləri var. Qətər vaxtilə Əfqanıstanla bağlı ABŞ v Taliban nümayəndələri arasında danışıqlara ev sahibliyi etmişdi.

Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövləti bir neçə il əvvəl Qətərlə münasibətləri dondurmuş və Dohaya tələblər siyahısı göndərmişdi. Doha milli və təhlüksizlik maraqlarına zidd qiymətləndirdiyi həmin tələbləri yerinə yetirmədi. Türkiyə bu qarşıdurmada Qətəri dəstəklədi. Səudiyyə Ərəbistanı və tərəfdaşları Dohaya qarşı təzyiqin nəticə vermədiyini anladıqdan sonra Doha ilə əvvəlki əlaqələri bərpa etdilər. Zəngin ölkə olan Qətərin blokadaya alınması nəticə verdi. Bu həm də Qətərin bölgədə artan rolundan xəbər verirdi.

Qətər İran ətrafındakı gərginliyin azalmasının tərəfdarıdır. Bu baxımdan İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası və səfirliklərin qarşılıqlı olaraq açılması Qətərin təhlükəsizlik maraqlarına uyğundur. Ancaq Qətər bununla kifayətlənmək istəmir. Qətər Rusiya-Ukrayna müharibəsinin də      qısa zamanda bitməsini arzulayır və bu istiqamətdə diplomatik fəallığını artırıb. Misal üçün Qətərin xarici işlər naziri bir ay əvvəl Rusiyada da səfər etmiş və bu ölkənin rəsmiləri ilə də görüşmüşdü. Qətərli nazir Moskvaya yollanmadan öncə isə Ukrayna mövzusunu ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə etmiş, Paris və Berlində də müharibənin dayandırılması mövzusu ətrafında fikir mübadiləsi aparmışdı.

Qətər Türkiyə və Qərb ölkələri kimi Rusiyanın “taxıl anlaşmasından” çıxmasının əleyhinədir. Qətər Ukraynaya humanitar məqsədlərlə 100 milyon dollar yardım ayırıb. Bu pullar Ukrayna üçün tibbi avadanlılqarın alınmasına və digər sosial problemlərin həllinə xərclənəcək.

Qətərli nazir Kiyevdə ukraynalı həmkarıyla birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həllinə töhvə verməyə hazırdır. Qətərli nazir eyni zamanda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamağı da unutmayıb. Şeyx Məhəmməd bin Əbdül Rəhman Moskvaya səfəri zamanı da Qətərin dövlətlərin ərazi bütövlüklərinə və suverenliklərinə hörmətlə yanaşdığını ifadə etmişdi. Bu yanaşma Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Kremlin maraqlarına cavab vermir.

"Atlas" Research Center

Bu ölkə də Rusiyanı böyük təhlükə adlandırdı

Yaponiya Müdafiə Nazirliyinin illik hesabaında Rusiya ilk dəfə “tək və əsas təhlükə” kimi qiymətləndirilib. Hesabat Yaponiya Nazirlər Kabinetinə təqdim edilib. Sənəddə Rusiyanın siyasətinin Avropa üçün təhlükə mənbəyi olduğu vurğulansa da, Kremlin Kuril adalarıyla bağlı artan fəallığı da təhlükə kimi qiymətləndirilib. Rusiya Kuril adalarında yerləşdirdiyi hərbi texnikanın sayını artırıb. Yaponiya Kuril adalarını özününkü hesab edir.

Rusiya müstəqillik qazandıqdan sonra Yaponiya ilə münasibətləri normal idi. İki ölkənin liderləri tez-tez görüşür və geniş fikir mübadiləsi aparırdılar. Rusiyanın ilk prezidenti Boris Yeltsin hətta bir ara Kuril adalarını Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Vladimir Putin prezident seçildikdən sonra Kuril adalarının Yaponiyaya geri qaytarılması fikrindən imtina etdi. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynaya qarşı keçən ilin fevralında müharibəyə başladıqdan sonra Tokio ilə Kreml arasında dialoq faktiki dayandırıldı. Yaponiya ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşuldu. Yaponiyadan Rusiyaya mühərrik gücü böyük olan avtomobillərin ixracı qadağan edilib. Rusiyada son Konstitusiya dəyişikliyi Tokioda növbəti narazılıq yaratdı. Çünki Konstitusiyadakı dəyişikliyə görə Rusiyanı idarə edənlərə ərazi “güzəşti” qadağan edilib. Həmin bəndə görə, Rusiyanın Kuril adalarını Yaponiyaya geri qaytarmasının qarşısı alınıb.

Rusiya-Yaponiya münasibətlərinin normallaşması Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmalı və Kuril adalarıyla bağlı danışıqları davam etdirməlidir. Ancaq bunun indiki şərtlə altında reallaşması problematikdir. Yaponiya Müdafiə Nazirliyinin son hesabatında Rusiyanın Ukraynaya hücumu beynəlxalq nizamın pozulması kimi qiymətləndirilib.

Yaponiya Müdafiə Nazirliyinin hazırladığı hesabatda Rusiyanın Çinlə hərbi strateji ittifaqı güclədirməsi də bölgə üçün böyük təhlükə kimi qiymətləndirilib. Tokionun dəyərləndirlməsi əsaslıdır. ABŞ Milli Kəşfiyyat Xidmətinin hesabatına görə, Çinin Rusiyaya ixrac etdiyi texnologiyaların və avadanlıqların sayı artıb və Kreml əldə etdiyi bu texnologiya və avadanlıqlardan Ukraynaya qarşı müharibədə istifadə edir. Hesabatda qeyd edilib ki, Rusiyanın hərbi gücünü artırmasında əsas dövlət Çindir. Misal üçün Çin Rusiyaya 12 milyon dollar dəyərində pilotsuz uçuş aparatları çatdırıb.

"Atlas" Research Center

Keçmiş nazir yoxa çıxan yeni naziri əvəzlədi

Çin parlamentinin ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad etməsi dünya mətbuatının ən çox işıqlandırdığı mövzulardandır. Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub. Vanq Yinin yenidən xarici işlər naziri təyin olunması qərarı tələsik verilib. Görünür, Qin Qanqın yerinə kimin kimi xarici işlər nazir təyin olunacağına düşünməyə zaman yox idi. Ona görə də hələlik, keçmiş naziri əvvəlki vəzifəsinə qaytarıblar.

Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib. “Financial Times” dərgisinin yazdığına görə, Qin Qanq sonuncu dəfə 25 iyunda görülüb.

Qin Qanq 11 iyulda ASEAN ölkələrinin İndoneziyada keçirilən toplantısında iştirak etməyib. Pekin 57 yaşlı nazirin yoxuluğunu onun səhhətindəki “problemlə” izah edib. Qin Qanqı həmin toplantıda yenidən xarici işlər naziri vəzifəsinə gətirilən Vanq Yi əvəz etmişdi. İndi aydın olur ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrelin iyulun 10-da Pekinə səfəri niyə təxirə salınıb. Çünki Borrel Pekində yoxa çıxan nazirlə görüşə bilməyəcək və bu əlavə suallar doğuracaqdı.

Qin Qanqın karyerası son hadisəyə qədər sürətlə inkişaf edib. O 2021-ci ildə ABŞ-a səfir təyin edilmişdi. Bundan sonra Qin Qanqı Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzv qəbul etmişdilər. Nəhayət qısa müddətdən sonra Qin Qanq Çinin xarici işlər naziri təyin edildi. O nazir vəzifəsində ABŞ-ı Tayvan siyasətinə görə kəskin tənqid edir, Rusiya ilə dialoqu genişləndirirdi.

Çində yüksək vəzifəli məmurları adətən ya yaşına, ya da korrupsiya şübhəsinə görə işlərindən uzaqlaşdırırlar. Bu dəfə səbəb fərqli olub. Çində yüksək çinli məmurları vəzifəsindən uzaqlaşdıranda adətən bir müddət bu haqda məlumat verilmir. İnterpolun keçmiş rəhbəri Men Xunvey də oxşar aqibətlə üzləşmişdi. “İnterpol” şefi Men Xunvey 2018-ci ilin sentyabrında Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi o yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Men Xunvey korrupsiyada şübhəsi ilə həbs olunmuşdu. Məsələ burasındadır ki, Xunvey “İnterpol”a rəhbərlik etməklə yanaşı, Çinin İctimai Təhlükəsizlik Nazirliyində müavin postunu da tuturdu. Men Xunvey 2 milyon dollar rüşvət almaq ittihamı ilə 13 il həbsə məhkum olunub. Me Xunvey hələ yaxşı qurtarıb, Çində böyük məbləğdə rüşvətə görə güllələnməyə də məhkum edirlər.

"Atlas" Research Center

 

Təhlükəsizlik Şurasına hansı dövlətlər namizəddirlər?

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, BMT Təlükəsizlik Şurasında islahatlara ehtiyac var. Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu bildirib. Lavrov Moskvanın Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını dəstəklədiyini vurğulayıb.

Sergey Lavrov Təhlükəsizlik Şurasının 15 üzvündən 6-nın Avropaya məxsus olmasını ədalətsizlik kimi qiymətləndirib. BMT baş katibi Antoniu Quterriş də ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasıyla bağlı imkanların öyrənildiyini bildirib.

Kremlin istəyi aydındır. Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir, digər üzvlər – ABŞ, Fransa və Böyük Britaniya isə Kremlə qarşı sərt mövqedən çıxış edirlər. Moskva Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasının üzvlüyünə dəstək verir. Halbuki, Türkiyə də Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdır. Moskva Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Rusiyanın Türkiyənin Təhlükəsizlik Şurasının üzvlüyünə dəstəyi barədə məlumat yoxdur. Təhlükəsizlik Şurasının üzvlüyünə böyük iqtisadi potensialları olan Almaniya və Yaponiya da iddialıdır. Ancaq Kreml bu iki dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına imkan verməyəcək. Çünki həm Almaniya, həm də Yaponiya ABŞ-ın müttəfiqləridir və BMT-dəki müzakirələrdə və səsvermələrdə Vaşinqtonun mövqeyini dəstəkləyəcəklər.

Pekin BMT Təhlükəsizlik Şurasının sayının artırılmasının əleyhinə deyil. Ancaq Pekun yeni üzvlərin konsensus əsasında müəyyənləşməsini istəyir. Bu o deməkdir ki, Pekin Moskvadan fərqli olaraq Hindistanın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə razı deyil. Halbuki, Hindistan əhalinin sayına görə lider ölkədir.  Pekin ancaq o ölkələrin Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyəcək ki, onlar birincisi, Amerika Birləşmiş Ştatlarının müttəfiqləri deyillər, ikincisi də Çinin xarici və təhlükəsizlik siyasətini tənqid etmirlər. Misal üçün Çin Brazliyanın və ya Misirin Təhlükəsizlik Şurasının üzvlüyünə etiraz etməz. Ancaq Pekin Moskva kimi Yaponiyanın da üzvlüyünə dəstək verməyəcək. Pekin Türkiyənin də üzvlüyünə müsbət yanaşmaz. Çünki Çində uyğurların üzləşdikləri problemlər Türkiyə cəmiyyətinin narahatlığına səbəb olub.

"Atlas" Research Center

Putin Polşanı niyə hədələyib?

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının son toplantısında Ukrayna ilə yanaşı Polşanın əleyhinə də fikirlər söyləyib. Putin Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını iddia edib: “Polşa liderləri NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, daha sonra özlərinə daha yağlı bir parça qoparmağı, Qərbi Ukraynanı geri qaytarmağı gözləyirlər”. Putinin iddiasına görə, Polşa Ukraynanın bir hissəsi ilə yanaşı guya Belarus ərazisinə də iddalıdır.

Putin Polşanın əleyhinə başqa iddia da səsləndirib. Kreml sahibi deyib ki, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. “Varşavadakı dostlarımız bunu unudublarmı” sualını səsləndirən Putin “bunu onlara xatırladacağıq” deməklə Polşanı hədələyib.

Rusiya prezidentinin fikrincə, Polşa qoşunları Lvova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaqlar. Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin prezidentinə dəstək verərək, Polşanın Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşdığını vurğulayıb.

Rusiya prezidenti tarixi həmişəki kimi özünə uyğun şəkildə “şərh” etməyə çalışır. Vaxtilə Polşa Rusiya imperiyasının tərkib hissəsi olub, Birinci Dünya müharibəsindən sonra müstəqilliyini qazanıb. Lenin və digər bolşeviklər Rusiyada çevriliş edib hakimiyyəti ələ aldıqdan sonra imperiyanın sərhədlərini başqa formada bərpa etməyə qarşılarına məqsəd qoydular. Lenin və ətrafı keçmiş Rusiya imperiyasına daxil olan ərazilərin bir qismini geri qaytararaq yeni imperiyanı SSRİ adıyla bərpa etdilər. Ancaq bolşeviklər Rusiya imperiyasına daxil olan Polşa və Finlyandiyanı geri qaytara bilmədilər. Bolşeviklər Polşa ilə müharibə etdilər. Diktator Stalinin dövründə isə Finlyandiya ilə müharibə apardılar və hər ikisində ağır zərbələr aldılar.

Lenindən sonra bolşevik imerpiyasının başına keçən İosif Stalin Polşa və polşalılardan “intiqamını” qəddarcasına aldı. Stalin 1939-cu ildə Hitler Almaniyası ilə “hücum etməmək” barədə saziş imzaladı. Hitler SSRİ-yə hücum etməyi planlaşdırırdı. Ancaq buna qədər o Polşa, Fransa və Avropanın digər ölkələrini işğal etməyi planlaşdırırdı ki, Moskva bu mərhələyə qədər ona mane olmasın. SSRİ və Almaniya xarici işlər nazirləri Molotovla Ribbentropun imzaladıqları sazişin gizli hissəsi də var idi. Bu gizli hissəsin bəndlərindən biri Polşanın bölüşdürülməsiydi. Almaniya Polşanın qərbini, SSRİ isə şərqini işğal etməliydi. Belə də oldu. Hitler Almaniyası 1 sentyabr 1939-cu ildə Polşaya qarşı işğalçı müharibəyə başladı, SSRİ qoşunları isə dərhal Polşanın şərqinə daxil oldular. SSRİ Polşanın şərqini işğal etdikdən sonra təxminən 22 minə yaxın polşalı zabit əsir götürüldü. Stalinin əmriylə həmin zabitlər 1940-cı ildə Katın meşəsində vəhşicəsinə qətlə yetirildilər (Kreml uzun illər bu faktı danmağa çalışırdı, yalnız SSRİ-də yenidənqurma illərində qətliamla bağlı etiraf edildi). Bu Stalinin Polşaya qarşı sonuncu cəzası deyildi. İkinci Dünya müharibəsinin bitişinə bir il qalmış, 1944-cü ildə polşalılar işğal altındakı Varşavada nasistlərə qarşı qiyam qaldırdılar. Alman ordusu qiyamı yatırmaqda çətinlik çəkirdi. SSRİ ordusu Varşavanın yaxınlığına idi. Qiyamçılar Sovet ordusunun komandanlığına müraciət edərək şəhərə daxil olmalarını və nasistlərlə birgə mübarizəyə başlamasını gözləyirdilər. Ancaq Stalinin əmriylə ordu yerindən tərpənmədi. Stalin nasistlərlə polşalıların bir-birlərini daha çox qırmalarını istəyirdii. Nasistlər qiyamı yatırtdılar və ələ keçirdikləri qiyamçıarı və onlara dəstək verənlərin tamamını qətlə yetirdilər. SSRİ ordusu qiyam yatırıldıqdan bir müddət sonra Varşavaya daxil oldu.

Putin deyir ki, Stalin Polşaya torpaq hədiyyəsi edib. Stalin əvvəlcə Polşa və polşalılara əzablı illər və itkilər yaşadıb. Polşanın yenidən bərpa olunması və itirdiyi torpaqların geri qaytarılması Stalinin arzusu deyildi. Diktator cəzalandırdığı ölkəni və xalqı niyə “mükafatlandırmalı” idi ki? Məsələ burasındadır ki, İkinci Dünya müharibəsi dövründə SSRİ. ABŞ və Böyük Britaniyadan ibarət ittifaq yaranmışdı. Polşanın ərazilərinin yenidən geri qaytarılmasını əsas dəstəkləyən dövlət Böyük Britaniya idi. Ona görə də Putinin “Stalin Polşaya torpaq hədiyyət etdi” iddiasının əsası yoxdur. Stalin sadəcə, Polşada demokratik seçkiyə imkan vermədi və müharibədən sonra bu ölkədə özü kimi komministlərin hakimiyyəti ələ keçirməsinə şərait yaratdı. Bu durum 1980-ci illərin ortalarına qədər davam etdi.

Putinin “Polşa Ukrayna və Belarusun ərazisinin bir hissəsini işğal etmək istəyir” iddiası isə ümumiyyətlə gülünc səslənir. Kreml sahibi Rusiya ilə Polşanı səhv salıb. Ukraynanın ərazisini işğal edən Rusiyadır, Ukraynaya işğaldan qurtulmağa dəstək verən əsas dövlətlərdən biri isə Polşadır. Putinin Polşanı hədələməsinin arxasında başqa məqsəd də var. Rusiya Ukraynanı işğal edə bilsəydi, növbəti hədəf Polşa və Baltik ölkələri olacaqdı. Putin keçmiş imperiyanın bərpası xülyasıyla yaşayır. Ancaq Putin bu gün Rusiyanın onsuz da böyük olan ərazisinin “artırılması” barədə deyil, olan ərazisinin itirilməsi və gələcək mərkəzdənqaçma meylləri barədə ciddi düşünməlidir.

"Atlas" Research Center

 

 

 

Vaşinqton Asiyanın iki böyük nəhəngindən birini seçib

Vaşinqton Avrasiyada siyasi və hərbi maraqlarını təmin etməklə yanaşı bölgədə iqtisadi gücünü də artırmağı hədəfləyib. ABŞ maliyyə naziri Canet Yellennin Cin və Hindistana uzunmüddətli səfəri buna sübutdur.

ABŞ maliyyə nazirinin Çinə səfəri 4 gün çəkib. Canet Yellen Pekində iki ölkə arasında iqtisadi əməkdaşlıq mövzularıyla yanaşı iqlim dəyişikliyini və Çinin Amerikanın hava məkanına göndərdiyi casus hava şarları mövzusunu da müzakirə edib. ABŞ maliyyə naziri Pekində Çin hərbi gəmilərinin Tayvan ətrafında saylarının artmasına və Amerika gəmilərinə yaxınlaşması mövzularını da müzakirə etmək məcburiyyətində qalıb.

Canet Yellen Çinə səfərinin yekunlarını qiymətləndirərkən iki ölkə arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. Misal üçün Pekin ABŞ-ın və Kanadanın hava məkanına nədən kəşfiyyat şarlarını göndərdiyini izah edə bilməyib. Çin rəsmiləri sadəcə, amerikalı həmkarlarına bu məsələni “şişirtməməyi” məsləhət görüblər. Ancaq Pekin kəşfiyyat şarlarından sonra Amerika əleyhinə başqa addım da atıb. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin Birləşmiş Ştatların cənub-şərqindən məlumat toplamaq qabiliyyətinə malik elektron dinləmə məntəqəsi quraşdırılması üçün Kuba ilə gizli razılıq əldə etdiyi yazılmışdı. ABŞ prezidenti Co Baydenin Çin lideri Tsi Cinpini diktator adlandırması iki ölkə arasındakı münasibətlərə növbəti zərbəsi idi.

ABŞ maliyyə naziri Çindən sonra Hindistana dörd günlük səfər edib. Bu Cannet Yellenin il ərzində Hindistana üçüncü səfər idi. Bu say iki ölkə arasında artan əməkdaşlığn miqyasından xəbər verir. Hindistanın baş naziri Narendra Modinin bir müddət əvvəl Amerikaya səfəri Vaşinqtonda yüksək qiymətləndirilib. Modi Ağ Evdə Co Baydenlə görüşdükdən sonra iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirən xeyli sazişə imza atmışdı.

Canet Yellen əvvəlcə Hindistanda “Böyük iyirmilərin” maliyyə nazirlərinin toplantısında iştirak edib. Toplantıda ortaq bəyanat qəbul edilməyib. Üzv ölkələrin çoxu bəyanata Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləməyi dəstəkləyərkən, Moskva və Pekin belə bir sənədin qəbulunun qarşısını alıblar. Canet Yellen toplantıdakı çıxışında Rusiyanın beynəlxalq aləmlə hesablaşmadığını və buna görə də bu ölkəyə qarşı sanksiyaların sərtləşəcəyini bildirib. Canet Yellen ayrıca, Rusiyanın yeni texnologiyalara və müasir hərbi texnikalara yiyələnməsinin əngəllənməsi vacibliyini də üzv ölkələrin diqqətinə çatdırıb.

Hindistan Rusiya ilə əməkdaşlıqdan imtina etməyib. Rusiyanın Hindistana neft ixracatı iki dəfə artıb. Buna baxmayaraq, Vaşinqton Dehli ilə əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük verir. Vaşinqton Dehliyə müxtəlif ortaq layihələr və investisiyalar təklif edib. Cannet Yelli hindli həmkarı Nirmalo Sitharamanla bu mövzularda müzakirələr aparıb. İki ölkənin maliyyə naziri ticarət tərəfdaşlığını gücləndirməklə yanaşı qlobal dəyişikliklər məsələlərində də ortaq mövqe ortaya qoyduqlarını bəyan ediblər. Hindistanın “Economic Times” dərgisinin yazdığına görə, iki ölkə aralarındakı bütün ticarət mübahisələrinə son qoyublar və bu haqda Ümumdünya Ticarət Təşkilatını məlumatlandırıblar.

Beləliklə, Vaşinqton Pekin və Dehli ilə təmaslarında Hindistana üstünlük verdiyini açıq şəkildə göstərib. Təsadüfi deyil ki, ABŞ maliyyə naziri ilə eyni günlərdə ABŞ energetika naziri Cenifer Qrenholm da Hindistana 5 günlük səfər edib.

"Atlas" Research Center

 

Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri nə üçün əhəmiyyətlidir?

İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycana səfər edib. Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl Bərzani ilə fevralın 18-də Münhendə keçirilən konfransda görüşmüşdü. İlham Əliyev həmin görüşdə Bərzanini Azərbaycana səfərə dəvət etmişdi.

Bakıda İlham Əliyevlə Neçirvan Bərzani arasında görüşdə Azərbaycanın İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması məsələri müzakirə edilib.

Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri genişləndirməkdə əhəmiyyətli maraqları var.

Firstly, Kürdüstan bölgəsi İraqın tərkibində böyük səlahiyyətlərə malikdir. İraqın mərkəzi hakimiyyəti müxtəlif ölkələrin Kürdüstan bölgəsiylə əlaqələrinin əleyhinə deyil. Kürdüstanda 2017-ci ildə İraqdan ayrılmaq məqsədilə referendum keçirmişdi. Ancaq referendumun nəticəsini heç bir ölkə tanımadı və bu İraqın mərkəzi hakimiyyəti, o cümlədən bölgəyə qonşu olan dövlətlərlə vəziyyətin gərginləşməsinə səbəb oldu. Kürdüstan bölgəsinin rəhbərliyi yanlışını anladı və İraqdan ayrılmaq qərarından imtina etdi. Əks halda bu bölgə təcrid halda varlığını davam etdirə bilməyəcəkdi. Bundan sonra İraqın Kürdüstan bölgəsi yenidən qonşu ölkələrlə əlaqələrini bərpa etdi və iqtisadi maraqlarını ön plana çıxartdı. Bir çox ölkə, o cümlədən Türkiyə İraqın mərkəzi hakimiyyəti ilə yanaşı Kürdüstan bölgəsiylə də sıx əlaqələrə malikdir. Azərbaycan da Türkiyə kimi Kürdüstan bölgəsiylə əlaqələr qurmağa başlayıb. İraq Kürdüstanı həssas çoğrafi ərazi olduğundan bu bölgə ilə əlaqələr bir çox dövlətin təhlükəsizlik maraqlarına cavab verir. ABŞ, Avropa ölkələləri, Rusiya və Çin İraq Kürdüstanı ilə əlaqələri genişləndiriblər. Çin şirkətləri İraqda, o cümlədən Kürdüstanda məktəb tikintilərini həyata keçirirlər. Bu səbəbsiz deyil. Pekin Kürdüstanda tikdiyi məktəblərdə Çin dilinin tədrisini təşkil edib. Çin dilinin dünyada geniş yayılması Pekinin tətbiq etdiyi yumşaq güclərindən biridir. Çin Türkiyə və İranla İraq Kürdüstanının bazarı uğrunda rəqabət aparırlar. Çin İraq Kürdüstanında Qərb şirkətlərini sıxışdırmağa çalışır. Beləliklə, bir çox dövlət İraq Kürdüstanında iqtisadi payının olmasına çalışır. Bölgə Cənubi Qafqaza yaxın olduğundan Azərbaycan da pay bölgüsündə kənarda qalmamalıdır.

Second, İraqın Kürdüstan bölgəsində zəngin neft və qaz yataqları var. Azərbaycan bu yataqların işlənilməsinə investisiyalar qoya bilər. Azərbaycan Dövlət Neft Şirkətinin İraq Kürdüstanı ilə ortaq layihələr reallaşdırılması mümkündür. Digər tərəfdən Azərbaycanla İraq Kürdüstanı qazının Türkiyə üzərindən birlikdə Avropa bazarlarına nəqli mümkündür. İraq Kürdüstanı öz qazını Azərbaycandan Avropaya uzanan boru xətləri ilə nəql edə bilər. Bu TANAP və TAP boru xətlərinin ötürücülük imkanlarını artıracaq. Bununla Azərbaycanın, İraq Kürdüstanının və Türkiyənin bölgədə rolunu artacaq.

thirdly, İraq Kürdüstanı Azərbaycanın bölgənin başqa sahələrinə də investisiya qoyulmasını istəyir. Türkiyə şitkərləri də İraq Kürdüstanının iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırırlar. Azərbaycan şirkətləri İraq Kürdüstanının tikinti sahəsinə və yolların çəkilməsinə investisiyalar yatıra bilərlər.

Fourthly, Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir. Türkiyə İraq Kürdüstanı ərazisində radikal qrupların fəaliyyətlərinin qarşısını almağa çalışır. Türkiyəyə qarşı terror planlaşdıranlar bəzən İraq Kürdüstanı ərazisindən də istifadə edirlər. Bunun qarşısının alınması yollarından biri İraq Kürdüstanı rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsidir. Türkiyə və İraq Kürdüstanı bölgədə terrorçu fəaliyyətlərin qarşısı almaq məqsədilə əməkdaşlıq edirlər.

Beşincisi, İraq Kürdüstanında türkdilli türkmənlər yaşayır. Türkiyə və Azərbaycan İraq Kürdüstanı ərazisində yaşayan türkmənlərin siyasi və iqtisadi imkanlarının artmasında maraqlıdır. İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir. Bu bölgədə yaşayan türkmənlər üçün də faydalı olacaq.

Altıncısı, Ermənistan da digər dövlətlər kimi İraq Kürdüstanı ilə əlaqələri gücləndirməyə çalışır. Ermənistan İraq Kürdüstanında baş konsulluğu iki əl əvvəl açıb. Konsulluğun açılmasında Ermənistan xarici işlər nazirinin müavini iştirak etmişdi. Ermənistanın Ərbil şəhərində mədəniyyət mərkəzi də mövcuddur. Ermənistanın baş naziri Nikol Paşinyan İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani ilə bu il Münhendə görüşərək ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdi. Bunları nəzərə alaraq Azərbaycanın İraq Kürdüstanında konsulluğunun qısa müddətdə fəaliyyətə başlamasına ehtiyac var.

"Atlas" Research Center

 

Dünya nüvə müharibəsinə sürüklənirmi?

Rusiya rəsmilərinin Ukraynaya qarşı işğalçı müharibə fonunda Qərb ölkələrini daima nüvə silahıyla hədələmələri Vaşinqtonda müzakirə edilən əsas mövzulardandır. ABŞ Avropa ölkələri ilə hərbi əməkdaşlığını genişləndirməklə yanaşı nüvə başlıqlı raket arsenalını artırmaq və həmin raketləri müxtəlif ölkələrdə yerləşdirmək barədə düşünür. Vaşinqton yalnız Avropa qitəsi ilə kifayətlənmək istəmir.

Filippinin keçmiş prezidenti Rodriqo Duterte yerli “Manila Standart” qəzetinə verdiyi açıqlamada, ABŞ-ın ölkəsində nüvə silahı yerləşdirmək planı olduğunu bildirib: “Filippin ABŞ hərbi bazalarına qapılarını açıb. Bu halda ABŞ-ın həmin bazalarda nüvə silahı yerləşdirəcəyini ististna etmək olmaz”. Duterte hesab edir ki, ABŞ-Çin müharibəsi olarsa Vaşinqton Filippindəki hərbi bazalarından Çinə qarşı istifadə edəcək və bu halda Filippin zərbə alacaq. ABŞ-la Filippin arasındakı razılaşmaya görə, Amerikanın Filippinin 9 hərbi bazasına daxil olmaq imkanı var. Razılaşmaya görə, Filippində əlavə olaraq 4 yeni hərbi mərkəz qurulacaq.

Beləliklə, Vaşinqton Rusiya və Çinin fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif ölkələrlə hərbi əməkdaşlığını genişləndirib. Rusiya və Çin təhlükəsi avropalı siyasətçilərin də əsas mövzusudur. Almaniyanın Rusiyaya yeni təyin olunan səfiri Aleksandr Lambsdorf dünyanın gələcəyini ABŞ-la Çin arasındakı mübarizənin müəyyənləşdirəcəyini deyib. Səfir Rusiyaya təyinatından əvvəl yerli “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, Almaniyanın nə qlobal oyunçu, nə də super dövlət olduğunu bildirib: “Mərkəzi münaqişə ABŞ-la Çin arasında cərəyan edəcək”. Səfir Almaniya iqtisadiyyatının Çinin qarşısında zəif olduğunu etiraf edib. Səfir Almaniya şirkətlərinin Vaşinqtonla Pekin arasındakı mübarizədə risqləri nəzərə almalarının vacib olduğunu vurğulayıb: “İki böyük dövlət arasında qarşıdurma biznesi məhv edə bilər”. Almaniyalı diplomat bütün hallarda ölkəsinin Transatlantik birliyə önəm verməsi vacibliyini bildirib: “Avropalılar birlik halında hərəkət etməli və demokratik tərəfdaşımıza dəstək verməliyik”. Səfir “demokrat tərəfdaşımız” dedikdə ABŞ nəzərdə tutub.

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler də son müsahibəsində beynəlxalq aləmdə baş verənlərdən narahatlığını ifadə edib. 70 yaşlı Toni Bler Yaponiyanın “Nikkei Asia” qəzetinə verdiyi müsahibədə deyib ki, Ukrayna müharibəsinin üçüncü dünya müharibəsinə çevrilməməsi üçün Çin bölgədə sülhə çalışmalıdır: “Pekin Kremli inandırmalıdır ki, Rusiya müharibənin gedişatında nüvə silahından istifadə etməməlidir”. Avropa İttifaqı liderlərinin iyunun 30-dakı sammitində  qəbul etdikləri ortaq bəyanatda da Çinə müraciət edilir ki, Pekin müharibənin dayandırlılması məqsədilə Kremlə təzyiqi artırsın.

Əlbəttə, rusiyalı rəsmilərin Qərbi nüvə silahıyla hədələmələri Çinin də maraqlarına cavab vermir. Ancaq Pekin müharibənin dayandırılması və sülhə nail olmaq üçün Kremlə təsir etmək fikrindən uzaqdır. Pekinin müharibənin dayandırılması üçün irəli sürdüyü 12 maddəlik təkliflər paketi faktiki Rusiyanın Ukraynanın şərqinini işğalının rəsmiləşdirilməsinə xidmət edir ki, Kiyev və Qərb ölkələrinin paytaxtları bununla razılaşmayacaqlar.

"Atlas" Research Center

Tehran münasibətləri yenə pozdu

İran və Səudiyyə Ərəbistanı bir müddət əvvəl Çinin vasitəçiliyi ilə barışmışdılar. Pekin bu iki dövlət barışdırmaq üçün xeyli əziyyət çəkdi. İran və Səudiyyə Ərəbistanı təmsilçiləri aylarla Çində danışıqlar apardılar. Nəticədə iki ölkə arasında diplomatik əlaqələr bərpa olundu, səfirliklər yenidən fəaliyyətə başladı. Ancaq Tehran normallaşan gedişatı yenidən pozdu.

İran Bəsrə körfəzindəki Əl-Dura qaz yatağına iddiasını ortaya qoyub. Halbuki yatağın böyük hissəsi Küveytin ərazisindədir. Tehran bu amillə hesablaşmayıb. Nəticədə İranla Küveyt arasında münasibətlər gərginləşib. Tehran məsələyə aydınlıq gətirilməsini gözləmədən qaz yatağında qazma işlərinə başlamaq ərəfəsindədir. İran Mill Neft şirkətinin rəhbəri bu barədə açıqlama verib. Küveyt Bəsrə körfəzində İranla sərhədlərin müəyyənləşməsinin tərəfdarıdır. Tehran isə beynəlxalq hüquqla hesablaşmaq istəmir, yatağın adını “Arəş” qoyaraq çalışmalara başlamaq niyyətindədir. Tehran onu da nəzərə almalayıb ki, bu yatağın birgə işlədilməsi ilə bağlı Küveytlə Səudiyyə Ərəbistanı arasında saziş mövcuddur.

İranın qaz yatağında çalışmalara başlamaq istəyi Küveytlə yanaşı Səudiyyə Ərəbistanının da maraqlarına ziddir. Bu səbəbdən Səudiyyə Ərəbistanı birmənalı şəkildə Küyevti dəstəkləyib. Beynəlxalq ekspertlər də hesab edirlər ki, qaz yatağının böyük hissəsi Küveytə aiddir və Tehranın iddiaları əsassızdır. Küveyt bölgədəki münaqişələrə qarışmır, neytral xarici siyasət yürüdür. Küveytin İranla münasibətləri də gərginləşdirmək fikri yox idi. Ancaq Tehranın məlum yatağı özününküləşdirməyə çalışması Küveyti müqavimət göstərməyə məcbur edib.

Beləliklə, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə yenidən gərginlik yaranıb. Görünür, Çində aparılan danışıqlarda körfəzdəki qaz yatağı məsələsinə ya diqqət yetirilməyib, ya da bu mövzu ümumiyyətlə unudulub. İran körfəz ölkələri ilə münasibətlərdə gərginlik yaratmaqla vasitəçi kimi çıxış edən Çini də vəziyyətdə qoyub. Tehran Pekinin vasitəçilik missiyasına zərbə vurub.  Bu Pekin-Tehran münasibətlərinə də mənfi təsir edə bilər.

Tehran keçmiş illərdə eyni ilə Azərbaycana da Xəzərdəki bəzi yataqlarında çalışmalarına mane olmaq istəyirdi. Tehran Azərbaycana aid olan yataqları “mübahisəli” adlandırırdı. Tehran bu zaman Xəzərdə sərhədlərin müəyyənləşməməsinə istinad edirdi. Ancaq bu bəhanə idi. Tehran sadəcə, Azərbaycanın Qərbin neft şirkətləriylə imzaladığı sazişlərin reallaşmasına mane olmaq istəyirdi. Alınmadı. İranın qaz yatağına görə Küveyt və Səudiyyə Ərəbistanı ilə mübahisəyə başlaması da onun xeyrinə olmayacaq. Vaxtilə İraqın diktatoru Səddam Hüseyn Küveytə basqın etdi. Nəticəsi İraq və Səddam Hüseyn üçün yaxşı olmadı…

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 265590
en_USEN