Category: Analyses

Prezident seçkisinə hansı dövlətlər müdaxilə edəcək?

ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu Ağ Evin hazırki sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır. Ancaq hər ikisiylə bağlı müəyyən sualla da mövcuddur. Cozef Baydenin yaşı və xəstəliyi ona prezident yarışmasında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Cozef Bayden mübarizədən geri çəkilərək partiyadaşlardan birinə üstünlük verə bilər. Donald Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə çəkişmələrə var və araşdırmalar yekunlaşmayıb.

Namizədlərlə bağlı müzakirələrlə yanaşı Vaşinqtondakı dairələri bir sual da narahat edir: Kənar dövlətlər prezident seçkisinə yenə müdaxilə edəcəklərmi? Donald Trampla Hillari Klinton yarışanda Rusiyadakı dairələrin namizədlərdən birinə qarşı kiberhücumlar təşkil etdiyi və saxta ünvanlardan dezinformasiyalar yaydığı iddia edildi. Bir qrup ekspert məhz bu hücumların nəticəsi olaraq Hillari Klintonun Donald Trampa məğlub olduğunu bildirdilər. Hazırda Rusiya ilə yanaşı İran və Çinin də adı çəkilir.

Amerikanın Milli Kəşfiyyat rəhbəri Avril Haynes bir müddət əvvəl ABŞ Senatında keçirdiyi görüşdə Rusiya, Çin və İranın 2024-cü ilin noyabrında ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacağını bildirib. “Rusiya, Çin və İranın qeyri-hökumət təşkilatları da daxil olmaqla, ABŞ-da prezident seçkilərinə təsir etməyə çalışan xarici aktorların sayı artmaqdadır”, – deyə, Avril Haynes sözlərinə əlavə edib.

ABŞ dövlət katibi Entoni Blinken də hesab edir ki, Rusiya və Çin Amerikada prezident seçkisində müdaxiləyə hazırlaşır. Blinkenin bir müddət əvvəl Çinə səfəri və Pekindəki görüşləri onun mövqeyini dəyişməsinə səbəb olmadı. Blinken Pekinə səfərinin nəticələri barədə “CNN” televiziya kanalına müsahibə verərkən, Çinin seçkilərə müdaxilə cəhdləri barədə faktlara malik olduğunu səsləndirib. Halbuki, Çin lideri Si Cinpin ötən ilin noyabrında Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin San-Fransiskoda keçirilən görüşündə ABŞ prezidenti Cozef Baydeni inandırmağa çalışmışdı ki, Pekin Amerikadakı seçkilərə müdaxilə etməyəcək. Əslində seçkiyə müdaxilə Çin üçün heç nəyi dəyişməyəcək. Donald Tramp vaxtilə Çinə qarşı sərt iqtisadi qaydaların tətbiqini təmin etmişdi. Bayden prezidentliyi dövründə Trampın bu siyasəti davam etdirib, Çin məhsullarına vergiləri artırıb.

"Atlas" Research Center

 

Ada mühasirədədir

Çinin Tayvan bölgəsindəki hərbi təlimlərə başlaması beyməlxalq aləmdə böyük narahatlıq yaradıb. Çin silahlı qüvvələri hərbi təlimlər vasitəsilə adanı mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edib. Çin ordu komandanlığının yaydığı xəritələrdə hərbi gəmilərin adanın hər tərəfində yerləşdirildiyi göstərilib. Çin ordusu ada ətrafında real döyüş imkanlarını nəzərdən keçirir. Çin komandanlığının yaydığı bəyanatında bunlar yazılıb: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”.

Təlimlər Tayvan boğazında, Tayvanın şimalında, cənubunda və şərqində, eləcə də Tayvanın nəzarətində olan Kinmen, Matsu, Vuqiu və Dongyin adalarının ətrafındakı ərazilərdə keçirilir, komandanlığın bəyanatında deyilir ki, Çin ilk dəfə bu miqyasda təlimlər keçirir. Çin dövlət mediası bildirib ki, təlimlərdə raketlər daşıyan onlarla döyüş təyyarəsi iştirak edir. Tayvanın müdafiə nazirliyi təlimləri pisləyərək, adanın ətrafındakı bölgələrə qüvvələr göndərdiyini, hava hücumundan müdafiə və quru raket qüvvələrinin hədəfləri izlədiyini və ərazisini qoruya biləcəyinə əmin olduğunu bildirib. Çinin hərbi təlimləri Tayvana yaxınlaşmaq istəyən ticarət gəmilərinə mane olur. Bunun isə dünya ticarətinə mənfi təsiri haqqında rəylər verilir. Yarımkeçiricilərin istehsalının böyük hissəsi Tayvanda həyata keçirilir.

Pekin hərbi təlimlər vasitəsilə Tayvanda yeni prezidentin andiçmə mərasiminə cavab verib. Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin bugünlərdə keçirdiyi andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Çinin xarici işlər naziri Vanq Yi Lainin çıxışını “rüsvayçı” adlandırıb.  Çinin dövlət televiziyası olan CCTV, Lainin andiçmə nitqinin “son dərəcə zərərli” olduğunu və Çinin əks tədbirlərinin qanuni və zəruri olduğunu bildirib. Halbuki,  Lainin Çinlə danışıqlar təklifini Pekin dəfələrlə rədd edilib. Pekin Tayvanın gələcəyini adanın 23 milyon əhalisinin deyil, yalnız Çinin 1,4 milyard əhalisi həll edə biləcəyi qənaətindədir.

ABŞ-ın bölgədəki yüksək rütbəli generalı mayın 23-də bildirib ki, Çin 2023-cü ildən başlayaraq Tayvan boğazlarında hərbi təlimlərə ara verməyib. ABŞ-ın Hind-Sakit Okean Komandanlığının müavini general-leytenant Stiven Sklenka Kanberradakı çıxışında deyib ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusu Tayvanın dəniz və hava blokadasını, amfibiya hücumlarını və əks-müdaxilə əməliyyatlarını simulyasiya edib.

Mövcud vəziyyət Vaşinqtonla yanaşı Tokionu da ciddi narahat edib. Çinin Tokiodakı səfiri Yaponiyanın məsələyə müdaxilə edəcəyi halda yapon xalqının “odun içinə atılacağını” bildirib. Bu açıqlama Yaponiya Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub. Nazirlik səfirə xəbərdarlıq edib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, “Tokioda çalışan  səfirin belə bir şərh verməsini son dərəcə yersiz hesab edirik və dərhal buna qarşı kəskin etirazımızı bildirdik”. Ümumiyyətlə Çinlə Yaponiya arasındakı münasibətlər son aylarda gərginləşib. Yaponiyanın Filippinlə birgə ABŞ-la üçlü ittifaq yaratması Pekinin narahatlığına səbəb olub.

"Atlas" Research Center

Limanlara nəzarət uğrunda mübarizə genişlənib

Pakistan Çinlə ittifaqı gücləndirmək siyasətinə sadiqdir. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməklə yanaşı ortaq layihələrin sayı da artıb. Çin yük daşımalarda Pakistan limanlarından istifad edir. İslamabad Qvadar limanını Pakistan üçün sabitlik, sülh və firavanlıq simvolu sayır. Çin konteynerləri bu limandan gəmilərə yüklənir. Açılışı 2016-c ildə həyata keçirilən bu liman Çinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsinə daxildir.

Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) başlanğıcı kimi qəbul edilən layihəyə böyük ümidlər var. Əsas məqsəd Çinin qərbindəki Sincan əyalətini Pakistan vasitəsilə dənizlə birləşdirməkdir. Bu, Çin üçün ticarət yollarını qısaldacaq və Malayziya ilə Sumatra arasında Hind və Sakit Okeanları birləşdirən dar su yolu olan mübahisəli Malakka boğazının boğulma nöqtəsindən qurtulmağa kömək edəcək. Pakistan isə Çin tərəfindən maliyyələşdirilən 2000 kilometrlik dəhliz boyunca ticarət, infrastruktur və sənaye artımından faydalanacaq. Artıq qurulmuş Karaçi limanına əlavə olaraq, dəhlizi qlobal gəmiçilik şəbəkəsinə qoşmaq üçün Qvadar seçilib. Kiçik balıqçı şəhəri İran sərhədi yaxınlığında, Kəraçidən təxminən 500 kilometr aralıda yerləşir. Qvadar qlobal neft ticarətinin kəsişməsində yerləşir. Buna görə də Qvadarı ikinci Dubaya çevrilə biləcəyini söyləyənlər var.

Çin Pakistandakı layihələri maliyyələşdirir. Çinin layihələrə xərclədiyi pullar yekunda özünə qalır. Bu model demək olar ki, bir növ Çin şirkətləri üçün subsidiya rolunu oynayır. Çin bankları müxtəlif hökumətlərə borc pul verir, sonra həmin pullar Çin tikinti şirkətlərinə verilir və zamanla kredit banka qaytarır. Bu o deməkdir ki, pul əslində heç vaxt Çini tərk etmir. Çin eyni üsulla Afrika ölkələrinin limanlarına da yatırımlarını artırıb. Kamerunda yeni tikilmiş Kribi limanı sıx və çox dayaz Douala limanını əvəz edəcək, Nigeriyada isə Laqos limanı 100 kilometrdən az məsafədə yeni açılmış Lekki dərin dəniz limanı ilə tamamlanır. Hər iki liman Çin dövlət şirkətləri tərəfindən maliyyələşdirilib və tikilib. Şri-Lanka hökuməti 2017-ci ildə Çinə əsasında Kolombo limanını əlavə etmək üçün nəzərdə tutulmuş nisbətən yeni Hambantota limanının əksər hissəsini 99 illiyinə icarəyə verdi.

Çinin limanlara artan marağına baxmayaraq, bu limanlar hələ tam gücüylə işləmir. Yeni limanlar dəniz daşınmasında əhəmiyyəti rola malik deyillər. Ticarət şirkətləri dəniz daşımalarında ənənəvi istiqamətlərdən istifadə edirlər. Çin və Pakistan bu durumu dəyişməyə çalışırlar.

Çinlə Pakistan arasında siyasi təmaslar da üst səviyyədədir, iki ölkənin rəsmiləri tez-tez görüşür, fikir mübadiləsi aparırlar. Çinin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl Pekində pakistanlı həmkarı İshak Darla görüşüb. Van Yi həmin görüşdə ikitərəfli əlaqələri müzakirə etməklə yanaşı ABŞ-ın siyasətini sərt tənqid edib. Van Yi ABŞ-ın Çinə qarşı ədalətsiz sanksiyalarının ticarət əlaqələrinə mənfi təsirindən danışıb. Van Yi bütün bunları pakistanlı həmkarına ona görə deyib ki, iki ölkə Amerikanın hegemoniyasına qarşı birgə mübarizə aparsınlar. İslamabad Pekinin strateji tərəfdaşı kimi Çini dəstəkləməyə hazırdır.

Buna baxmayaraq, iki ölkə arasında da zaman-zaman suallar yaranır. Çinin Pakistanda həyata keçirdiyi böyük iqtisadi layihələrdə iştirak edən çinlilərlə yerli əhali arasında ara-sıra toqquşmalar qeydə alınır. Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin Pakistanla münasibətlərdə gərginliyi mövcuddur, sərhəddə silahlı insidentlər olur. Pakistanın özündə də Talibana bağlı qruplar var. Həmin qrupların üzvlərinin çinli işçilərə hücum etmələri barədə xəbərlər yayılır. Halbuki, Pekinin Talibanla da sıx dialoqu var.

 "Atlas" Research Center

Süni intellekt uğrunda mübarizə şiddətlənib

ABŞ prezidenti Co Bayden administrasiyası ölkəsinin süni intellektini Çin və Rusiyadan qorumaq səylərində yeni cəbhə açmağa hazırlaşır. Bayden ötən ilin oktyabr ayında fərman verərək süni intellekt çalışmalarının dövlət nəzarətinə götürülməsinə qərar verib. ABŞ mediası prezidentin bu qərarını aqressiv adlandırsa da, bu işdə ixtisaslaşanlar vurğulayırlar ki, Amerikanın buna ehtiyacı var idi. Ən maraqlısı odur ki, süni intellekt çalışmalarının dövlət nəzarətinə alınmasını bu işlə məşğul olan şirkətlər də dəstəkləyib. Prezidenti fərmanında süni intellektin yeni standartlarının tətbiqi və təhlükəsizliyi nəzərdə tutulub. Könhə sistemlərlə rəqiblərlə mübarizə aparmaq çətindir.

Çin süni intellekt bazarında mövqelərini gücləndirməyə çalışır. Vaşinqton bundan xeyli narahatdır. Vaşinqtonun həyata keçirdiyi tədbirlər Pekinin hərbi məqsədlər üçün qabaqcıl texnologiyanın inkişafını ləngitməyi hədəfləyir. Bundan başqa Vaşinqtonun planları Çinə mürəkkəb süni intellekt çiplərinin ixracını əngəlləmək üçün son iki il ərzində həyata keçirilən bir sıra tədbirləri tamamlayacaq. Bununla belə, tənzimləyicilər vasitəsilə sənayenin sürətlə inkişafı ilə ayaqlaşmaq çətin olacaq. Çinin ABŞ-dakı səfirliyi Ağ Evin qərarlarını “Çinin qəti şəkildə qarşı çıxdığı tipik iqtisadi zorakılıq və birtərəfli zorakılıq aktı” kimi qiymətləndirərək, Pekinin ölkə maraqlarını qorumaq üçün “lazımi tədbirləri” görəcəyini bildirib. Pekin Ağ Evin Çinə qarşı hər qərarını “azad ticarətə” maneə kimi qiymətləndirir.

ABŞ-ın rəsmi dairələri və özəl sektor tədqiqatçıları narahatdırlar ki, rəqiblər məlumatları ümumiləşdirmək və məzmun yaratmaq, aqressiv kiberhücumlar etmək və hətta güclü bioloji silahlar yaratmaq üçün böyük həcmdə mətn və şəkil modellərindən istifadə edə bilərlər. Microsoft şirkəti hesabatında bildirib ki, Çin və Şimali Koreya hökumətlərinə bağlı haker qrupları, eləcə də Rusiya hərbi kəşfiyyatı və İran İnqilabı Keşikçiləri müxtəlif modellərdən istifadə edərək haker çalışmalarını təkmilləşdirirlər. Bu dövlətləri dəstəklədiyi haker qruplarıyla mübarizə aparmaq getdikcə çətinləşir.

"Atlas" Research Center

Tayvan yenə gündəmdədir

Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Lai Çinq-Te Pekinlə dialoq tərəfdarı olsa da, Çin hakimiyyəti onunla müzakirəni hələ məqbul saymır. Pekin hesab edir ki, Tayvanın prezidenti adada Çinlə yaxınlaşmaq istəyən vətəndaşlara və siyasi partiyalara təzyiq edir. Bu gərginlik Çinlə Tayvanın sülh yolu ilə birləşməsi imkanlarını azaldır.

Tayvanda müxalif partiyaların nümayəndələri prezidentə Pekinlə münasibətlərdə gərglik yaratmamağı tövsiyyə ediblər. Mövcud vəziyyətə Çin-ABŞ münasibətləri də təsir edir. Pekin Tayvanda separatçı fəaliyyətləri məhdudlaşdırmağa çalışarkən, Vaşinqton əksinə ada rəhbərliyinə dəstəyini davam etdirir. Ağ Ev administrasiyası eyni zamanda Ukrayna və Qəzzada müharibə davam edərkən Asiya və Sakit Okean bölgəsində yeni münaqişədə maraqlı deyil. Vaşinqton Tayvanla Çin arasında qarşıdurma istəmir, ancaq eyni zamanda Pekinin adaya qarşı hərbi təzyiqini artırmasının əleyhinədir. Buna görə də Pentaqon Tayvanı silahlandırmaqda davam edir. Bu isə öz növbəsində Çinlə ABŞ arasında münasibətləri gərginləşdirir.

“The New York Times” qəzetində yayımlanan məqalədə bildirilib ki, Tayvan prezidenti Vaşinqtona Pekinlə qarşıdurmaya getməyəcəyini vəd verib. Ancaq buna riayət etmək çətindir. Çünki Tayvan prezidenti adanın Çinə birləşməsinin əleyhinədir. Tayvan prezidenti Pekinlə dialoqun əvəzinə ABŞ-ın adaya hərbi dəstəyinin artırmasını istəyir.

Bu arada, Çin lideri Si Cinpin hədəfə çatmağı arzulayır. O hakimiyyətdə olduğu dövrdə Tayvanı Çinə birləşdirməyə çalışacaq və bunu çıxışlarda da bildirib. ABŞ-da noyabr ayında prezident seçkisi keçiriləcək. Noyabra qədər ABŞ-da siyasi hərarət və rəqabət artacaq. Pekin bu vəziyyətdən istifadə edərək Tayvana təzyiqi artıracaq.   “Al Jazeera” televiziya kanalının xəbərinə görə, Çin hərbi gəmilərinin Tayvan ətrafında sayı artıb. Çin bununla Tayvan limanlarına yaxınlaşan ticarət gəmilərini nəzarətə götürmək imkanı qazanır.

"Atlas" Research Center

Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil

Volodimir Zelenski iyunun 16-da İsveçrədə keçiriləcək Sülh Forumuna xüsusi əhəmiyyət verir. Kiyev bu foruma mümkün qədər çox dövlətin iştirakını arzulayır. Ukraynalı diplomatlar bu məqsədlə müxtəlif dövlətlərin rəsmiləri ilə intensiv danışıqlar aparırlar.

Kiyev Rusiya ilə tərəfdaş olan ölkələrə də müraciət edib. Misal üçün Volodimir Zelenski “Franse Presse” agentliyinə müsahibəsində Çinin də forumda iştirakını arzuladığını bildirib.  Zelenski Pekinin Kremlı təsir imkanları olduğunu xatırladıb.

Çin lideri Si Cinpin böyük ehtimalla Sülh Forumunda iştirak etməyəcək. Pekinin mövqeyi belədir ki, əgər bu forumda Rusiya iştirak etməyəcəksə, tədbirin əhəmiyyəti olmayacaq. Digər tərəfdən Pekin Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük səfərindən məmnun qalıb. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri artıb, üfüqdə yeni ortaq layihələr var. Rusiya Çinə daha bir “Sibirin gücü-2” qaz xəttini çəkmək istəyir. Bu boru xətti Monqolustan ərazisindən keçəcək. Belə olan halda Pekin Kremlin maraqlarına zidd addım atmaqdan çəkinəcək.

Mövcud vəziyyət Vaşinqtonu ciddi narahat edir. Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi deyib ki, Vaşinqton Pekinlə Moskva arasındakı yaxınlaşmanı diqqətlə izləyir. ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı daha kəskin ifadələr işlədib: “ABŞ Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə yardım edən Çinə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır. Hesab edirik ki, Çin Rusiyanın müdafiə sənayesinin güclənidirilmində vacib rol oyanır”.

Əlbəttə, Kiyev kimi Vaşinqton və Brüssel də Çinin Sülh Forumunda iştirakını arzulayırlar. Ancaq onlara da aydındır ki, Rusiya ilə strateji tərəfdaşlığı gücləndirən Pekin Sülh Forumuna qatılmayacaq.

Bu arada, Volodimir Zelenskinin Fransanın “olimpiada günlərində atəşkəs elan olunsun” təklifini  qəbul etməyib. Olimpiada yayda Parisdə keçiriləcək. Zelenski o fikirdədir ki, atəşkəs Rusiyanın işinə yaraya bilər, fasilədən istifadə edərək cəbhə xəttinə əlavə qüvvələr cəmləyəcək. Ona görə də olipiada günlərdə də döyüşlər davam edəcək.

"Atlas" Research Center

Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb. Çin lideri Si Cinpin aylar öncəsi Putini ölkəsinə dəvət etmişdi. Putin səfərlərini prezident seçkisindən sonrasına saxlamışdı. Putinin seçkidən sonra iki səfər seçimi var idi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Putini Si Cinpinin dəvətindən əvvəl Ankaraya dəvət etmişdi.

Putin Çini seçdi. Prezident seçilən Vladimir Putin andiçmə mərasimindən 10 gün sonra məhz Çinə səfər etməyə qərar verdi. Vladimir Putinlə Si Cinpin arasında təkbətək görüş 2.5 saat çəkib. Daha sonra müzakirələr geniş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Səfər əlamətdar tarixə təsadüf edib. SSRİ-nin varisi sayılan Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd edilib. Bununla bağlı iki ölkə liderinin qəbul etdiyi sənəd 30 səhifədən ibarətdir. Sənəddə iki ölkənin dünyada “ədalətli və demokratik” mühitin yaradılması üçün birgə çalışacaqları da vurğulanıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Çinin isə qonşuları ilə münasibətlərdəki gərginliyi və daxildəki insan hüquqları ilə bağlı problemlərini nəzərə alaraq Moskva ilə Pekinin dünyada necə “ədalətli və demokratik mühit” yaradacağı suallar doğurur. Si Cinpin Putinlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın başqa dövlətlərə qarşı yönəlmədəyini vurğulasa da, ABŞ və Avropa İttifaqı bu birliyin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirməsinə zəmin yaratdığı qənaətindədir. Çünki, Rusiya Avropaya sata bilmədiyini və ala bilmədiyini Çinə satır və Çindən alır.  Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb. Bu Rusiyanı Qərbin sanksiyalarından qoruyur.

Vladimir Putin Çinə səfərini Qərblə mübarizədə növbəti mərhələ hesab edir. Təsadüfi deyil ki, səfərdən bir neçə gün əvvəl Çinin “Sinxua” agentliyinə müsahibə verən Putin Rusiyanın Çinlə birgə ABŞ-ın hegemoniyasını zəiflətməyə çalışacaqlarını bildirib. Putin müsahibədə deyib ki, Qərb müxtəlif dövlət və millətlərə necə yaşamaq barədə mühazirə oxumamalıdır: “Rusiya və tərəfdaşlarımız bu vəziyyətlə barışmayacaqlar”. Kreml sahibi nuna misal olaraq Rusiyanın Çinlə birgə formalaşdırdığı müxtəlif regional təşkilatları göstərib. Putin Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı Pekinin irəli sürdüyü 12 maddəlik sülh planını dəstəklədiyini də bildirib. Əslində “sülh planı” adlandırılan həmin təkliflər Rusiyanın Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsini nəzərdə tutur. Çünki “sülh planında” Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi barədə bənd yoxdur.

"Atlas" Research Center

Ticarət müharibəsinin miqyası genişlənib

ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji məhsullarına tarifləri artıran qərar imza atıb. “The Wall Street Journal” dərgisinin yazdığına görə, Baydenin qərarıyla artırılan rüsum Çində istehsal olunan minerallara, günəş panellərinə və batareyalara da tətbiq ediləcək.

Bununla Vaşinqton Avropa İttifaqının üzləşdiyi problemdən yayına bilib. Brüssel də Avropaya idxal olunan Çinin ucuz elektromobillərindən şikayətçidir. Brüssel hesab edir ki, Pekin yerli istehsalçılara böyük subsidiyalar ayırmaqla ədalətli rəqabətə mane olur. Subsidiya hesabına Çin istehsalı olan elektomobillərin qiyməti ucuzlaşır və Avropa ölkələrində istehsal olunan elektromobillərə maraq azalır. Çünki alıcı ilk növbədə qiymət fərqinə üstünlük verir. İqtisadi ekspertlərin fikrincə, Çin istehsalı olan elektromobillər Avropa bazarında böyük paya sahibdir.

Dünyada elektrobomillərə maraq artıb. Vaşinqton Amerika bazarını qorumaq məqsədilə qabaqlayıcı addımlara ehtiyac duyub. Bundan sonra ABŞ ərazisində Çində istehsal olunan elektromobillərin idxal tarifləri 100 faizə qədər artırılacaq. Bu indiki rüsumdan 5 dəfə çoxdur. Baydenin qərarına qədər Çində istehsal olunan elektromobillərə 25 faizlik rüsum tətbiq edilirdi. Bayden yeni qərarıyla faktiki özündən əvvəlki prezident Donald Trampın Çin məhsullarına qarşı sərt siyasətini davam etdirir. Misal üçün Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq planlaşdırırdı.

Bu arada, “Amerikanın səsi”nin yaydığı məlumata görə, Bayden Çinə qarşı daha bir addım atıb. ABŞ Çinlə əlaqəli “MineOne” kriptovalyuta şirkətinin Amerika hərbi bazasının yanında qurduğu Bitcoin mədənini bağlayıb. Vaşinqton bu qərarını belə əsaslandırıb ki, Çinə bağlı mədən hərbi bazaya yaxın olduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Həmin hərbi bazada nüvə başlıqlı qitələrarası raketlər saxlanılır. Vaşinqton şübhələnib ki, Çin mədən vasitəsilə yaxınlıqdakı hərbi bazadan məlumatlar əldə edə bilər. Mədənin hərbi bazadan uzaqlığı cəmi 1.6 kilometrdir. Çin həmin mədəni 2022-ci ildə əldə edərək kriptovalyuta çalışmalarına başlayıb. ABŞ prezidentinin göstərişinə görə, şirkətə avadanlıqlarını mədəndən çıxarmaq üçün 90 gün veriləcək.

Vaşinqtonun mədənlə bağlı qərarının qəbuluna məşhur “Microsoft” şirkətinin təsiri olub. “New York Times”ın nəşrinin yazdığına görə, “Microsoft” Vaşinqtonu xəbərdar edib ki, “MineOne” şirkətinin mədəndəki fəaliyyəti ABŞ-a təhlükə yaradır. Bundan sonra mədənin kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyi qənaətinə gəlinilib.

Pekin Vaşinqtonun qərarlarından narazıdır. Çin bir neçə ay əvvəl elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdi. Pekin Vaşinqtonun ədalətli rəqabətə mane olduğunu bildirmişdi. Halbuki, Vaşinqton və Brüssel öz məhsullarına subsidiyalar ayıran Çini ədalətli rəqabətə mane olmaqda ittiham edir. Baydenin qərarları göstərir ki, Pekin Dünya Ticarət Təşkilatına şikayətindən nəticə əldə etməyib.

"Atlas" Research Center

Hindistan-Iran marşrutu Azərbaycandan keçəcək

Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. “The Economic Times” nəşrinin yazdığına görə, sənəd Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbanand Sonoval və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanıb.

Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinnin tərkib hissəsi kimi qiymətləndirilir.

İranın cənub-şərqində yerləşən Çabahar limanının birgə inkişafı ilə bağlı razılıq Dehli ilə Tehran arasında 2003-cü ildə əldə edilib. Sonrakı illərdə İrana qarşı beynəlxalq sanksiyalar layihənin təxirə salınmasına səbəb olub. Dehli illər keçdikdən sonra bu layihəni yenidən gündəmə gətirib. Hindistanın baş naziri Narendra Modi 2016-cı ildə Tehrana səfər edərək İrandakı liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. Dehli eyni zamanda eyni ildə limanda yeni terminalın tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.

Hindistanla İran arasında əldə edilən razılaşmaya görə, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılacaq. Yüklər əks istiqamətə İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Bu marşrutun fəaliyyətə başlaması üçün Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikilməsi vacibdir. Rusiya dəmir yolunun tikintisi üçün kredit ayırıb.

Ermənistanın da Hindistanla İran arasındakı son razılaşmadan gözləntisi var. İrəvan  Hindistandan yola çıxan yüklərin bir hissəsinin Ermənistan üzərindən Avropaya daşınacağına ümidlidir. Ancaq bunun üçün Ermənistanda infrastruktur yenilənməli, yollar genişlənməli, dəmiryolları tikilməlidir. Azərbaycan bunların çoxunu reallaşdırıb. Ona görə də Hindistandan çıxan yüklərin Rusiyaya və əks istiqamətdə daşınmasını Azərbaycanın mövcud nəqliyyat xətləri ilə daşınması daha realdır. Digər tərəfdən Azərbaycanla Gürcüstanı birləşdirən dəmir yolu da mövcuddur ki, Hindistandan çıxan yüklərin Azərbaycan-Gürcüstan dəmir yolu ilə Qara dəniz limanlarına, oradan da Avropa ölkələrinə nəqlini reallaşdırmaq mümkündür.

"Atlas" Research Center

Paris olimpiasında qalmaqal gözlənilir

Fransada keçiriləcək yay olimpiya oyunlarına hazırlıq tam sürəti ilə davam edir. İdman yarışlarına idmançılarla yanaşı məmurlar da hazırlaşırlar. Keçmiş olimpiya oyunlarında dopinq qalmaqalları yaşanıb. İdmançıların dopinqdən istifadə edərək qalib olmaları ucbatından bəzi dövlətlərə qarşı sərt sanksiyalar tətbiq edilib. Buna baxmayaraq, müxtəlif dövlətlərin idmançıları bəzi hallarda yenə dopinqdən istifadə etməyə çalışırlar. Bunun Paris olimpiadasında da baş verəcəyi ehtimalı az deyil.

Keçmiş illərdə dopinq qalmaqallarında daha çox Rusiya idmançılarının adı çəkilib. Vəziyyət o həddə çatmışdı ki, Rusiyanın bütöv idman federesiyalarına beynəlxalq yarışlarda iştirakları qadağan edilmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Rusiyanın olimpiya oyunlarına yolu bağlanıb. Rusiya idmançıları Paris olimpiadasında ölkələrinin bayraqları altında çıxış edə bilməyəcəklər. Həmin idmançılar yarışlara ancaq fərqi qaydada qatıla bilərlər. Rusiyada siyasi dairələr idmançılarını yay olimpiadasını boykota çağırırlar.

Bu arada, “New York Times” qəzetində yayımlanan məqalədə Dünya Anidopinq Agentliyi (WADA) sərt tənqid olunub. Aydın olub ki, 21 çinli üzgüçü beynəlxalq yarışların birində dopinqdən istifadə edib. Buna baxmayaraq, Dünya Anidopinq Agentliyi dopinq qalmaqalına ciddi yanaşmayıb, üzgüçüləri cəzalandırmayıb. ABŞ mövcud vəziyyətdən dərhal istifadə edib. ABŞ-ın antidopinq agentliyinin başçısı Trevis Tayqart çinli idmançıların dopinqdən istifadəsinə beynəlxalq təşkilatın seyrçi qaldığına görə tənqid edib. Trevis Tayqart “Politico” nəşrinə verdiyi müsahibədə, WADA-nın Çindən çəkindiyini və buna görə dopinqdən istifadə edən idmançıları cəzalandırmadığını bildirib. Çinli idmançılar olimppiadalarda yüksək nəticələr göstərirlər. Görünür, beynəlxalq təşkilat buna görə çinli idmançıları cəzalandırmaq istəməyib.

Mövcud qalmaqalın Paris olimpiya oyunlarına gölgə salacağı ehtimal edilir. Çünki eyni idmançılar Paris olimpiadasında iştirak edəcəklər. Həmin idmançılar yarışlarda qələbə qazansalar, digər ölkələrin federasiyaları bu qələbələri tanımaya bilərlər. Nəticədə yay olimpiadasında ölkələr arasında qarşıdurma yaranacaq.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1411169
en_USEN