Yaponiya hökuməti Çini Yaponiyanın Şərqi Çin dənizindəki ucqar Amami adaları yaxınlığındakı eksklüziv iqtisadi zonasında (EEZ) qeyri-qanuni tədqiqat fəaliyyəti aparmaqda ittiham edərək ona etiraz edib. Məlumatı Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mətbuat konfransında jurnalistlərə açıqlayıb: “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə hədsiz təəssüf və kəskin etiraz bildirilmiş, ondan bu qeyri-qanuni tədqiqat fəaliyyətlərini dərhal dayandırmağı tələb etmişlər”.
Hayaşinin sözlərinə görə, Yaponiya Sahil Mühafizəsi sentyabrın 28-i və 30-da Amami adaları yaxınlığında Çin okeanoqrafik gəmisinin boruya bənzəyən bir qurğusunun su altında qaldığını müşahidə edib. Yapon patrul gəmiləri səsgücləndiricilərdən istifadə edərək Çin gəmisinin EEZ-dən çıxmasını tələb ediblər.
Çin hərbi gəmiləri hər il Yaponiya sahillərinə yaxınlaşır. Çinin üç gözətçi gəmisi yanvar ayında Yaponiyanın da iddia etdiyi mübahisəli Senkaku adaları (Dyaoyuydao) sularına daxil olmuşdu. Çin gəmiləri təqribən iki saat mübahisəli zonada qalmışdı. Həmin ərazidə keşik çəkən Yaponiya gəmiləri onlara qarşı heç bir tədbir görməmişdi.
Çin və Yaponiya arasında Senkaku ilə bağlı ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokionun bu adaları şəxsi sahiblərindən aldığını birtərəfli qaydada elan etməsindən sonra kəskinləşib. Həmin il Çinə məxsus 4 gəmi Şərqi-Çin dənizində, Senkaku adalarının yaxınlığında Yaponiyanın ərazi sularına daxil olaraq 3 saat orada qalmışdılar.
Sahil mühafizəsi Yaponiyanın ərazi suları yaxınlığında hərəkət edən həmin gəmiləri izləməkdə davam etmişlər. Yaponiya hökuməti həmin adaları yapon vətəndaşından aldıqdan sonra Çin gəmiləri 11 dəfə Yaponiyanın ərazi sularına daxil olmuşdular. Yaponiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi həmin hadisə ilə bağlı Çinə etiraz bəyənatı vermişdir. Bu məqəsədlə Yaponiya xarici işlər nazirinin müavini Tikao Kavai Çinin Yaponiyadakı səfiri Çen Yunxuaya telefonla zəng etmişdi. T.Kavai bildirmişdir ki, Çinin hökumət gəmilərinin tez-tez dəniz sərhədini keçərək Yaponiyanın ərazi sularında qalması qətiyyən yol verilməzdir. O vurğulamışdı ki, gəmilər təcili olaraq həmin ərazini tərk etməlidirlər. Nazir müavininin sözlərinə görə, bu cür hərəkətlər vəziyyəti sabitləşdirmək və danışıqlar üçün daha sakit atmosfer yaratmaq istiqamətində hər iki tərəfin cəhdlərinə mane ola bilər.