ABŞ Prezidenti Donald Tramp əmindir ki, tariflərin artırılması son nəticədə ölkəsi üçün faydalı olacaq. Donald Tramp hesab edir ki, tariflərin artırılması həm yerli istehsalçıları qoruyacaq, həm də ABŞ-a xarici investisiyaların həcmi artacaq. Çünki, Tramp müxtəlif ölkələrin şirkətlərinə vəd edib ki, əgər onlar ABŞ-da istehsala başlasalar, onların məhsullarına yüksək vergilər tətbiq edilməyəcək.
Ağ Ev sahibi eyni zamanda tariflərin artırılmasının qssa müddət üçün ABŞ üçün çətinliklər yaradacağını da etiraf edib. Həqiqətən, ABŞ müxtəlif ölkələrə tarifləri artırıbsa, həmin ölkələr də ABŞ-dan gətirilə malların qiymətlərini artıracaqlar. Bundan başqa səhmləri ucuzlaşan ABŞ-ın iri şirkətlərini başqa çətinliklər gözləyir. Məsələ burasındadır ki, ABŞ-ın müxtəlif şirkətləri istehsal üçün lazım olan detalları ucuz qiymətə müxtəlif ölkələrdən alırlar. Həmin detallar bahalaşacağından ABŞ-dakı istehsal da bahalaşacaq. Bu isə ABŞ vətəndaşlarının alıcılıq qabiliyyətini zəiflədəcək.
Buna baxmayaraq, Donald Tramp geri çəkilmək istəmir. Ticarət müharibəsində ABŞ-ın əsas rəqibi Çindir. Bu iki dövlət arasında başlanan ticarət müharibəsi hər iki ölkə üçün çətinliklər yaradacaq. Donald Tramp eyni zamanda Çinlə ticarət kəsirinin ortadan qaldırlacağı halda Pekinlə saziş imzalana biləcəyini vurğulayıb. Ağ Ev sahibi iki ölkə arasındakı ticarət kəsirini sıfra endirmək istəyir. Çünki, Trampın sözlərinə görə, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir.
Pekin əvvəldən Vaşinqtonla ticarət müharibəsindən çəkinməyə çalışırdı. Ancaq, bu alınmadı. İndi top Çinin meydanındadır. Doğrudur, Vaşinqton Çin məhsullarına tarifləri artırdıqdan sonra Pekin də ABŞ məhsullarına tarifləri artırıb. Ancaq Pekində anlayırlar ki, ABŞ-la ticarət müharibəsinin davamı Çinin iqtisadi problemlərini artıracaq. Çünki, Çin üçün ABŞ bazarı illəri uzun prioritet təşkil edib. Çin son illərdə ABŞ bazarından asılığını azaltmaq məqsədilə digər bazarlara istiqamətlənsə də, uğur qazana bilməyib. Misal üçün Avropa İttifaqı ölkələri də ucuz Çin məhsullarına qarşı mübarizə metodları həyata keçirirlər. Asiya bazarına gəldikdə isə, bu qitənin ölkələri özləri də daxili bazarları qorumağa çalışırlar. Belə şəraitdə Pekin Vaşinqtonla ticarət müharibəsinin sonlandırılmasını yollarını axtaracaq. Ancaq bu dəfə şərtləri Vaşinqton diqtə edəcək.
"Atlas" Research Center