Pekin may ayında iki fərqli qonağını qəbul etməyə hazırlaşır

Bu ay Çinə həm Rusiya, həm də ABŞ Prezidentləri səfər edəcəklər. ABŞ Prezidenti Donald Tramp Çinə mart ayının sonlarında səfər etməli idi. Ancaq Ağ Ev sahibi İran müharibəsinə görə səfəri may ayının ortalarına təxirə salmaq məcburiyyətində qaldı. Rusiya Prezidenti Vladimir Putinin isə may ayında Çinə səfəri isə ilin əvvəlindən planlaşdırılıb. Putin və Tramp eyni vaxtda Pekinə səfər etsələr Çinin paytaxtında görüşə bilərlərmi? Bu sual ətrafında müzakirələr gedir. Bu görüşün baş tutması üçün Trampın razılığı lazımdır. İki lideri sonuncu dəfə Alyaskada görüşmüşdü. Putin Trampla hər fürsətdə görüşə can atır. Ancaq Trampın ABŞ-a rəqib olan Çində  rusiyalı həmkarıyla görüş ehtimalı azdır.

Bu arada, ABŞ-Çin münasibətlərinə mənfi təsir edəcək daha bir hadisə baş verib. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Latın Amerikasında bir neçə Çin astronomiya layihəsinin hərbi məqsədlər üçün istifadəsindən ehtiyat edərək yerli hökumətdən dayandırılmasını təmin edib. Qəzetin məlumatına görə, Argentina hakimiyyəti Vaşinqtonun tələbi ilə San Juan əyalətində böyük teleskopun tikintisini dayandırıb. Təxminən 32 milyon dollarlıq layihə Çin Milli Astronomiya Rəsədxanası tərəfindən həyata keçirilirdi. ABŞ rəsmiləri 2021-ci ildən bəri Argentina rəhbərliyini Pekinlə kosmik sənayedə əməkdaşlığı yenidən nəzərdən keçirməyə çağırır. Vaşinqton hesab edir ki, bu cür qurğular yalnız elmi məqsədlər üçün deyil, həm də Amerika peyklərini izləmək və Çin kosmik gəmiləri ilə rabitəni təmin etmək üçün istifadə edilə bilər. “The New York Times” qəzetinin məlumatına görə, Çilidə də oxşar vəziyyət yaranıb. Oradakı hakimiyyət də Amerika tərəfi ilə məsləhətləşmələrdən sonra Atakama səhrasında Çin rəsədxanasının tikintisini dayandırıb.

Aydındır ki, Vaşinqtonun bu addımları Pekinin narazılığına səbəb olub. Çinin Buenos Ayresdəki səfirliyi ABŞ-ın hərəkətlərini “Çini cilovlamaq və təzyiq göstərmək cəhdi” adlandırıb. Pekin Latın Amerikasındakı bütün layihələrin sırf elmi və mülki məqsədlər üçün olduğunu vurğulayıb. Ancaq bu açıqlamalar Vaşinqtonu inandırmayıb. ABŞ-da hesab edirlər ki, Çinin müxtəlif ölkələrdəki elmi fəaliyyətinin arxasında Qərb ölkələrinin texnoloji imkanlarına yiyələnmək dayanır. Əlbəttə, bu hadisə Trampın Çinə səfərini təxirə salmaya da bilər, ancaq Vaşinqtonun Çini Latın Amerikası ölkələrində sıxışdırmağa çalışması ikitərəfli münasibətlərə mənfi təsir edir.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 816
Today is 12
Umumi 1387319
en_USEN