Rusiya Çinlə strateji münasibətləri inkişaf etdirməklə yanaşı Pekinin bölgədəki əsas rəqibi Hindistanla da münasibətləri üst səviyyədə saxlamağa çalışır. Misal üçün 2026-cı ildə Rusiya Prezidenti Vladimir Putin iki dəfə Hindistanın baş naziri Nerandra Modi ilə görüşəcək. Birinci görüş BRİCS təşkilatının sentyabrın 13-14-də Yeni Dehlidə keçiriləcək sammiti çərçivəsində baş tutacaq. İkinci görüş isə Moskvada olacaq. Narendra Modi bu ilin sonuna qədər Rusiyaya rəsmi səfər edəcək. Narendra Modi sonuncu dəfə Rusiyaya 2014-cü ildə səfər edib.
Bir neçə gün əvvəl BRİCS təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Yeni Dehlidə görüşü olub. Görüşdə iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindli həmkarı Subrahmanyam Jaishankarla ikitərəfli əlaqələri müzakirə edib. Lavrovun sözlərinə görə, iqtisadi əlaqələrdə irəliləyiş var. Bu irəliləmə Hindistanın Rusiyadan neft idxalı ilə bağlıdır. Moskva Hindistanla 2030-cü ilə qədər iqtisadi əlaqələrin həcmini 100 milyard dollara çatdırmağı planlaşdırır.
Yeni Dehlinin Moskva ilə təmaslarına baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə və iqtisadi əlaqələrdə şaxələndirməyə üstünlük verir. Yeni Dehli Brüssellə azad ticarətə dair saziş imzalayıb. Hindistan üçün əsas bazar Avropadır. Digər tərəfdən Hindistan uzun illərdir Rusiya ilə hərb-texniki sahədə əməkdaşlığa üstünlük versə də, son illər ABŞ və Avropa istehsalı olan hərbi texnika idxal edir. Hindistan neftin alışında da yalnız bir ölkəyə üstünlük vermir. Doğrudur, Hindistan üçün ucuz Rusiya nefti cəlbedicidir, ancaq Hindistanın neftayırma zavodları ABŞ-ın sanksilalarla da hesablaşırlar. ABŞ Prezidenti Rusiya nefti ilə bağlı son qərarı Hindistanın neftayırma zavolarının işini bir qədər asanlaşdırıb. ABŞ İrana qarşı müharibəyə başladıqdan və “Hörmüz boğazı” qapandıqdan sonra dünyada neftə tələbat artıb, qiymətlər qalxıb. Tramp bunun qarşısını almaq üçün Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyaları dondurub.
Bu arada, “Röyters” agentliyinin məlumatına görə, Rusiya və Hindistan nadir torpaq elementlərinin kəşfiyyatı və istehsalı ilə bağlı danışıqlar aparırlar. Agentlik müvafiq sazişin gələcək aylarda imzalana biləcəyini yazıb. Məsələ burasındadır ki, Hindistan nadir torpaq elementlərinin idxalıyla bağlı Çindən asılılığını azaltmaq istəyir. Hindistan Argentina, Yaponiya və Avstraliya ilə oxşaq sazişləri var.