Çinin Londonda inşa etməyi planlaşdırdığı “super səfirlik” binası ilə bağlı ortaya çıxan sənədlər Böyük Britaniyada ciddi təhlükəsizlik narahatlığı yaradıb. İngilis mətbuatının yaydığı məlumatlara görə, layihədə ölkənin kritik maliyyə və kommunikasiya infrastrukturuna birbaşa yaxın yerləşən gizli məkanlar yer alır. Səfirlik binası ətrafında gərginlik azalmır. Londonun mərkəzində Çinin səfirlik binasının inşası əvvəl də Böyük Britaniyanın siyasi dairələrində narahatlıq yaradıb.
Daily Mail və The Telegraph qəzetlərinin yazdığına əsasən, səfirlik binasının altında 208 gizli otaqdan ibarət yeraltı şəbəkə nəzərdə tutulub. Sənədlərdə bu məkanlardan birinin Londonun maliyyə mərkəzinə məlumat ötürən fiber-optik kabellərə bir neçə metr məsafədə yerləşdiyi qeyd olunur.
Mütəxəssislər həmin ərazidə havalandırma və istilik sistemlərinin olması səbəbindən yüksək gücə malik texniki avadanlıqların quraşdırıla biləcəyindən narahatdır. Bu isə məlumatların izlənməsi və həssas dövlət, eləcə də maliyyə informasiyalarına çıxış riski yarada bilər.
İngiltərə milli təhlükəsizlik naziri Alisia Kerns layihənin təsdiqlənməsini sərt tənqid edərək, bunun Çinə ölkənin “kritik infrastrukturunun mərkəzində iqtisadi və kiber təhlükə platforması” yaradacağına şərait verəcəyini bildirib.
Qeyd olunur ki, səfirlik binası Londondakı 22 min kvadratmetrlik tarixi Royal Mint ərazisində yerləşəcək və Avropanın ən böyük Çin diplomatik missiyası olacaq. Layihə ilk gündən etibarən MI5 və MI6 daxil olmaqla təhlükəsizlik qurumlarının etirazı ilə qarşılanıb.
Buna baxmayaraq, Böyük Britaniyanın baş naziri Kir Starmerin Çin səfəri ərəfəsində layihəyə rəsmi icazə veriləcəyi iddia olunur. Hökumət isə açıqlamasında milli təhlükəsizliyin əsas prioritet olduğunu və bütün prosesin təhlükəsizlik mütəxəssislərinin nəzarətində aparıldığını bildirib.
Çinin Londradakı səfirliyi yayılan iddialara münasibət bildirməyib. Qeyd edək ki, britaniyalılar Çinin “super səfirlik” tikmək planına etiraz etmək üçün küçələrə axışıblar.