“Reuters” agentliyinin məlumatına görə, Çin Xalq Azadlıq Ordusunun şərq qoşunları Tayvan adasının ətrafında “Ədalət missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimə başlayıb. Adanın şimal, şərq, cənub, cənub-qərb və cənub-şərq hissəsində keçirilən təlimlərə quru, dəniz, hava və raket qüvvələrinin bölmələri cəlb olunub. Çin Xalq Azadlıq Ordusunun yaydığı məlumatda deyilir ki, təlimlər zamanı dənizdə və havada döyüş hazırlığının təmin edilməsi, hərtərəfli üstünlüyün birgə ələ keçirilməsi, əsas limanların və ərazilərin blokadası, eləcə də ada zənciri xaricində hərtərəfli çəkindiricilik məsələlərinə diqqət yetiriləcək.
“Tayvan adasına fərqli istiqamətlərdən gəmilərin və təyyarələrin yaxınlaşması ilə müxtəlif növ qoşun bölmələri birgə əməliyyatlar aparmaq imkanlarını yoxlamaq üçün ortaq şərti hücumlar həyata keçirirlər”, – deyə ÇXAO-nun Şərq komandanlığının sözçüsü Şi İ bildirib. O, təlimlərin “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrlə və xarici müdaxilələrə qarşı sərt bir xəbərdarlıq olduğunu deyib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan brifinqdə bildirib ki, Çinin Xalq Azadlıq Ordusunun Tayvan sahillərində keçirdiyi təlimlər ölkənin suverenliyini qorumaq üçün zəruri tədbir və xarici qüvvələrin müdaxiləsinə birbaşa cavabdır. “Bunlar dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlərdir, həmçinin Tayvandan Çinin qarşısını almaq üçün istifadə etməyə çalışan, adanı silahlandıran və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdıran xarici qüvvələrin hərəkətlərinə qəti cavabdır”, – o vurğulayıb.
Beləliklə, Pekin ilin sonuda Tayvana və Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Çin ada ətrafında hərbi təlimlər vasitəsilə Tayvana dəniz yolu ilə hərbi texnikanın daşınmasının qarşısını almağa çalışır. Digət tərəfdən Çin Tayvana hərbi texnika satan ABŞ-ın 10 şirkətinə qarşı sanksiya tətbiq edib.
Tayvan hökuməti Çinin təzyiqinə adekvat cavab verəcəyini açıqlayıb. Tayvan Pekini bölgədə sabitliyi pozmaqda ittiham edib. Mövcud vəziyyət Tayvanla yanaşı ABŞ və bölgə ölkələrini də narahat edir.