ABŞ Prezidenti Donald Tramp Çinə səfər hazırlaşarkən, Vaşinqton Çinin iki şirkətinə qarşı sanskiya tətbiq edib. Həmin şirkətlər İrana peyk görüntülərinin ötürülməsində ittiham olunublar. Həmin görüntülərdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının koordinatları göstərilib. Vaşinqtonda hesab edirlər ki, SEPAH məhz həmin görüntülərdən istifadə edərək ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi İran ordusuna silah və texnologiya tədarükündə kömək edən Çin şirkətlərinə qarşı sanksiya tətbiq edib. Həmin şirkətlər İranın Şahed pilotsuz uçuş aparatlarının və ballistik raket proqramında istifadə olunan xammalın təmin edilməsində ittiham olunublar. ABŞ-ın Çin şitkərlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar Donald Trampın Pekinə səfərinin gərgin keçəcəyindən xəbər verir.
Bu arada, ABŞ-dakı uyğur təşkilatlar Donald Trampın Çindəki görüşlərində uyğurların problemilərinə toxunmasını istəyiblər. Trampdan Çində həbsdə olan uyğur ziyalıların azad olunması mövzusunun müzakirəsi istənilib. Uyğur təşkilatlar hesab edirlər ki, Donald Tramp bu mövzunu Pekində müzakirə etməsə Çin hakimiyyəti bunu Ağ Ev sahibinin praqmatizmi kimi deyil, zəifliyi kimi qiymətləndirəcək.
Tramp Pekində bir çox mövzunu müzakirə edəcək, ancaq onların içərisində uyğur mövzusunun olduğunu söyləmək çətindir. Halbuki, Tramp birinci prezidentlik müddətində uyğurların hüquqlarının pozulmasına görə Konqresin qəbul etdiyi Çin hökumətinə qarşı sanksiyalar paketini təsdiq etmişdi. Konqresin qəbul etdiyi qanunda uyğurlara təzyiq göstərilməsinə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilirdi. Qanun iki növ məhdudiyyətləri nəzərdə tuturdu – aktivlərin dondurulması və viza məhdudiyyətləri. Qanunun qəbulunu sürətləndirən amillərdən biri ABŞ kəşfiyyat strukturlarının Çin hökumətinin Sinçzyan bölgəsindəki siyasəti və Çində yaşayan müsəlman azlıqların məcburi əməyə cəlb edilməsi barədə məlumatları idi. Digər tərəfdən həmin ərəfədə Birləşmiş Millətlər Təşkilatıın qiymətləndirməsində də Çində təxminən 1 milyona yaxın uyğurun hüquqları pozulduğu bildirilmişdi. Pekin sanksiyalara cavab olaraq “Sinçzyanda belə bir problemin olmadığını” bildirsə də, ABŞ Çinin uyğurları və müsəlman azlıqların digər nümayəndələrini sıxışdırmasına görə 28 şirkətə qarşı sanksiyalar tətbiq etmişdi. Məhdudiyyətlər ixrac və reixrac sahələrini əhatə edirdi.