Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatı (Digital Cooperation Organization – DCO) üzvlüyünə namizədliyinin təsdiqlənməsi ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Təşkilatın 2026-cı il 28 avqust tarixində Ər-Riyadda keçirilən iclasında qəbul edilən qərara əsasən, Azərbaycan da daxil olmaqla üzv ölkələrin sayının 16-dan 24-ə çatdırılması ilə bu platforma 980 milyon əhalisi olan böyük bir coğrafiyanı əhatə edəcək.
Regional təşəbbüsdən qlobal quruma
2020-ci ilin noyabrında Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Küveyt və Pakistanın təşəbbüsü ilə yaradılan DCO, rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirməyi hədəfləyən ilk müstəqil beynəlxalq hökumətlərarası qurumdur. Yaradıldıqdan bir neçə ay sonra, 2021-ci ilin aprelində Nigeriya və Oman da təsisçi üzv statusu ilə təşkilata qoşularaq üzv sayını yeddiyə çatdırıb. Təşkilatın daimi qərargahı Ər-Riyadda yerləşir, ali orqanı isə üzv dövlətlərin rabitə və informasiya texnologiyaları nazirliklərinin nümayəndələrindən ibarət Şuradır. 2021-ci ildən bəri Baş katib vəzifəsini səudiyyəli diplomat Dimə əl-Yəhya icra edir.
2022-ci ildə DCO Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusu qazanmışdır ki, bu da təşkilatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.
Beş ildən az müddət ərzində təşkilat Mərakeşdən Yunanıstana, Cibutidən Ruandaya, Banqladeşdən Qətərə qədər 16 ölkəni birləşdirən, məcmu ümumi daxili məhsulu 3,5 trilyon ABŞ dollarını, əhalisi isə 800 milyon nəfəri ötən bir struktura çevrilib; bu əhalinin 70 faizdən çoxu 35 yaşdan aşağıdır. Ən başlıca isə budur ki, DCO ilkin mərhələdə əsasən ərəb-müsəlman ölkələrini birləşdirən regional platforma kimi başlasa da, indi Afrika, Asiya və Avropanın müxtəlif ölkələrini əhatə edən qlobal quruma çevrilib. Cari genişlənmə bu prosesin növbəti mərhələsidir: təşkilat tarixində ilk dəfə dünyanın ən sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyatlarına ev sahibliyi edən üç regiona – Orta Asiya (Qazaxıstan, Tacikistan), Qafqaz (Azərbaycan) və Qərbi Balkanlara (Albaniya) doğru açılır.
DCO-nun 2025-2028-ci illər üçün Dördillik Gündəliyi rəqəmsal siyasətin formalaşdırılması, rəqəmsal dövlət infrastrukturu, süni intellektin idarə edilməsi, rəqəmsal bacarıqlar, startap ekosistemləri, transsərhəd məlumat axını və rəqəmsal iqtisadiyyatın ölçülməsi kimi istiqamətləri əhatə edir. Bu, sadəcə diplomatik xarakterli simvolik addım deyil – üzv dövlətlərin faydalana biləcəyi konkret alət və proqramlar toplusudur.
Beləliklə, DCO Şurasının qərarı ilə ölkəmizin namizədliyi təsdiqlənib və bununla da rəsmi üzvlük prosesi başlayıb. Tamhüquqlu üzvlük Azərbaycanın daxili prosedurları başa çatdırıldıqdan və müvafiq qoşulma sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək. Lakin artıq indidən aydındır ki, DCO üzvlüyü Azərbaycanın mövcud rəqəmsal siyasətini əvəzləmək deyil, onun beynəlxalq miqyasda genişlənməsinə və yeni tərəfdaşlarla zənginləşməsinə xidmət edir.
Belə ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atmış, mühüm strateji sənədlər qəbul etmişdir. 2025-ci ilin yanvarında Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilmişdir. Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır.
2025-ci ilin martında isə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” qəbul edilmişdir. Bu strategiya ölkənin texnoloji inkişafını sürətləndirmək və rəqəmsal iqtisadiyyata keçidi təmin etmək məqsədi daşıyır.
Bu ilin (2026-cı ilin) fevralında Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Cari ilin iyununda isə Şuranın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu qurumun ilk iclası keçirilmişdir. İclasda 2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planının icrası müzakirə edilmişdir. Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Birinci vitse-prezident həmin iclasdakı çıxışı zamanı vurğulamışdır ki, biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik.
Məhz bu cəhətdən DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları ola bilər. Məsələnin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son on ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir.
DCO-nun təsisçisi və “mühərriki” olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir; 2026-cı il ölkədə rəsmən “Süni İntellekt İli” elan olunub. Bu ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri – Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, Blackstone ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və NVIDIA-nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla – məcmu şəkildə 100 milyard dolları keçib. Nəticə özünü göstərir: Səudiyyə Ərəbistanı 2025-ci il Qlobal Süni İntellekt İndeksində 14-cü, IMD-nin 2026-cı il Dünya Rəqabətqabiliyyətlilik İlliyində isə 13-cü yerdə qərarlaşıb, G20 ölkələri arasında isə üçüncüdür.
Azərbaycanın artıq Səudiyyə Ərəbistanı ilə bu sahədə praktiki əməkdaşlıq təcrübəsinin olması da diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdindəki “Innovation Hub”, Data və Süni İntellekt üzrə İdarəsi (SDAIA), Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və “KAPSARC”da görüşlər keçirmişdir. Səudiyyə tərəfi Azərbaycanın rəqəmsal sənəd dövriyyəsi həllərinə xüsusi maraq göstərmişdir.
Bu, DCO platforması daxilində iki istiqamətli əməkdaşlıq üçün hazır baza deməkdir: Azərbaycan Səudiyyənin data, AI və rəqəmsal dövlət təcrübəsindən faydalana, eyni zamanda öz “mygov”, SİMA, Digital Bridge və digər həllərini üzv ölkələrə təqdim edə bilər. Azərbaycanın DCO Baş Assambleyasında bu məhsulları təqdim etməsi artıq başlamış prosesdir.
Qətərin təcrübəsi də Azərbaycanın diqqətindən kənarda qalmamalıdır. Qətər öz “Milli Baxış 2030” konsepsiyasına əsaslanan “Rəqəmsal Gündəlik 2030” (DA2030) sənədi çərçivəsində İKT sektoruna milyardlarla dollar investisiya yatıraraq Yaxın Şərqin ilk “Microsoft Cloud Data Center” regionunu qurmuş və bulud texnologiyalarının təhlükəsizliyinə böyük imza atmışdır. Qətərin “Rəqəmsal Gündəliyi 2030” strategiyası Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəqəmsal transformasiya sahəsində qlobal miqyasda “ən yaxşı təcrübə” (best practice) kimi tanınmış və BMT-nin rəsmi platformasında digər ölkələr üçün istinad modeli olaraq dərc edilmişdir.
DCO-nun beş qurucu dövlətindən biri olan Küveytin də təcrübəsi Azərbaycan üçün əhəmiyyət kəsb edir. Bu ölkə “Yeni Küveyt 2035” proqramı çərçivəsində, İKT sektorunu 2023-cü ildəki 22,5 milyard dollardan 2029-cu ilədək 39,8 milyard dollara çatdırmağı hədəfləyir; 2025-ci ildə Microsoft ilə imzalanmış saziş əsasında ölkədə süni intellekt dəstəkli Azure bulud regionu qurulur.
Azərbaycan üçün Küveytin əsas üstünlüyü isə yalnız texnoloji tərəf deyil. Bu ölkə DCO daxilində qərarların formalaşdırılmasında xüsusi siyasi və institusional rol oynayır. Ələlxüsus da, nəzərə alsaq ki, təşkilatın hazırkı Şura sədri məhz Küveytdir. 2025-ci ildə Küveyt DCO Şurasının sədrliyini həyata keçirib və 2026-cı ilin əvvəlində təşkilatın beşinci Baş Assambleyasına ev sahibliyi edib. Həmin Assambleyaya Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yüksək səviyyəli nümayəndə heyəti də qatılıb. Tədbir zamanı Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verilib, həmçinin Təşkilatın Baş katibi və iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın bu təşkilata daxil olması ilə Bakı-Küveyt əlaqələri yalnız ikitərəfli diplomatik çərçivədə deyil, rəqəmsal siyasət müstəvisində də yeni məzmun qazana bilər.
Təşkilat çərçivəsində Azərbaycanın əməkdaşlıq edəcəyi və təcrübə mübadiləsi aparacağı ölkələrin siyahısını daha da uzatmaq olar. Lakin bütün bunları nəzərdən keçirdikdə belə bir qəti qənaət hasil olur ki, Azərbaycanın DCO-ya üzvlüyü ölkənin rəqəmsal suverenliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizin təşkilata namizədliyinin təsdiq edildiyi iclasda DCO Baş katibi Dimə əl-Yəhyanın vurğuladığı kimi, təşkilatın genişlənməsi üzv ölkələrə rəqəmsal qaydaları (süni intellekt, data axını və ticarət) qəbul edən tərəf kimi deyil, bu qaydaları birgə müəyyənləşdirən rəqəmsal suveren tərəf kimi çıxış etmək imkanı verir. Bu mənada, DCO üzvlüyü Azərbaycana sözügedən qaydaların formalaşdırılmasında birbaşa iştirak etmək fürsəti tanıyır.
Şübhəsiz ki, bu üzvlüyün əsas potensial üstünlüyü texnologiyanı xaricdən sadəcə “almaq” deyil. Daha strateji məqsəd Azərbaycanın malik olduğu insan kapitalını və artıq formalaşdırdığı rəqəmsal imkanları bəzi üzv ölkələrin maliyyə kapitalı, bilik və texnoloji təcrübəsi ilə birləşdirərək yeni regional əməkdaşlıq modeli yaratmaqdır.
Məhz bu baxımdan DCO üzvlüyü Azərbaycana dost və tərəfdaş ölkələrlə ikitərəfli rəqəmsal əməkdaşlığı genişləndirmək üçün əlavə platforma təqdim edir, eyni zamanda mövcud əlaqələrin daha sistemli və strateji müstəviyə daşınmasına imkan verir.
Bundan əlavə, Azərbaycanın DCO-ya üzvlüyü ölkənin Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi yolunda mühüm addımdır. Təşkilatın ilk dəfə Qafqaza açılması Azərbaycana regionda rəqəmsal əməkdaşlığın koordinatoru rolunu oynamaq imkanı yaradır. Bu, həm milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də iqtisadi diversifikasiya strategiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Nəhayət, coğrafi baxımdan Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi onu Mərkəzi Asiya, Qafqaz və Körfəz bölgəsi arasında rəqəmsal əlaqələndirici rolunu oynamağa hazırlayır – məhz bu üç regionun DCO-ya paralel qoşulması təsadüfi deyil, ortaq rəqəmsal dəhlizin formalaşmasına işarədir. Buna görə də Azərbaycanın DCO-ya tamhüquqlu üzvlük prosesinin yekunlaşması ölkəmizin Şərq və Qərb arasında təkcə fiziki nəqliyyat və enerji koridoru deyil, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) qovşağına çevrilmək strateji hədəfini gerçəkləşdirəcəkdir.
Rasim Abdulla – Şərqşünas araşdırıcı